Analıq defisiti
Artıq 50 ildən sonra gürcüləri nəsli kəsilən etnoslar siyahısına daxil etmək mümkün ola bilər. Demoqraflar bildirirlər ki, 2017-ci ildən Gürcüstanda əhali azalmağa başlayacaq və tezliklə doğum sayı indikindən iki dəfə az olacaq.
Bu, onunla əlaqələndirilir ki, bu dövrdə analıq qrupuna daxil olan qadınların sayı çox azdır. Müqayisə edək: 1990-2000-ci illərdə Gürcüstanda cəmi 225 qız doğulub ki, bu da 1980-1990-cı illərlə müqayisədə iki dəfə azdır. Belə bir defisit əhalinin 1 milyon 170 min nəfərə qədər azalmasına gətirib çıxara bilər. Əhalinin son siyahıya alınmasına görə, Gürcüstan əhalisi 3 729 635 nəfər təşkil edir.
Gürcüstanda Dünya bankı və BMT Əhali Fondunun dəstəyilə aparılan son araşdırmanın nəticələrinə əsasən, 1990-cı ildən 2010-cu ilə qədər olan dövr ərzində Gürcüstanda selektiv abortlar nəticəsində 25 min qız dünyaya gəlməyib. Mütəxəssislərin hesablamalarına görə, orta hesabla hər 105 oğlana 100 qız doğulur. Gürcüstanda 2008-2012-ci illər ərzində bu nisbət 112 oğlana 100 qız, bəzi məlumatlara görə isə, 120 oğlana 100 qız olub.
Ailələr qurulmur
Gürcüstanda hələ bu yaxınlara qədər ailə qurmaqdan ötrü ən yaxşı yaş dövrü qadınlar üçün 25, kişilər üçün 27-28 yaş sayılıb. Amma son illərdə nikahların daha gec – 35 yaşa yaxın qurulması tendensiyası yaranıb. İndiki 20 yaşlılar öz valideynlərindən daha iddialı və da çox karyeraya istiqamətlidirlər. Amma 35 yaşında 20 yaşındakı kimi tələsik qərarlar qəbul etmirsən. Şübhələr, arqumentlərin götür-qoy edilməsi və qətiyyətsizlik bəzən ailə qurmaq planını xeyli ertələyir, bəzən də ümumiyyətlə rədd edir.
Bundan əlavə, son illər ərzində Gürcüstanda sosial rollar xeyli dəyişib. Misal üçün, qadınlar artıq kişilərin onları bələkdən görməyə öyrəşdiyi kimi, sözə baxan evdar xanımlar deyillər. Bu yeni müstəqil və tələbkar qadınla necə ailə quracağını da bilmirsən.
Pul azdır
Bu gün Gürcüstanda doğum sayı ölüm sayını üstələyir. Amma dolanışıq arxasınca xaricə üz tutan Gürcüstan vətəndaşlarının sayı da çoxdur.
Lika üç il əvvəl Münhenə gedib. Gürcüstandakı evində onu balaca oğlu gözləyir. Lika həmişə azı iki uşaq istəyib, amma indi birini də güclə dolandırır. Oğlanı nənə-babası böyüdür, anası isə oğlu ilə görüşəcəyi zamana qədər günləri sayır. Vaxt gedir və ikinci uşaqla bağlı fikirlərdən daşınmağa başlayır, çünki dünyaya uşaq gətirsə, işindən imtina etməli olacaq.
Problemin adekvat anlaşılması azdır
İlya Dövlət İnstitutu yanında Demoqrafiya və Sosiologiya İnstitutunun direktoru Avtandil Sulaberidze indiki demoqrafik təhlükəsizlik konsepsiyasının müəllifidir. Yəni gürcü demoqrafiya siyasəti məsələsində axırıncı adam deyil.
O hesab edir ki, uşaqlı ailələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönələn layihələr ancaq daha çox uşaq dünyaya gətirmək qərarına gələnlərə dəstək verir, gürcü ailələrinin əsas hissəsinə isə heç bir təsir göstərmir. Sulaberidze hesab edir ki, Gürcüstanda təəssüf ki, artıq çoxdan gürcü mədəniyyətindən silinən çoxuşaqlı ailə obrazının populyarlaşması üzərində işləmək lazımdır.
Demoqrafiya İnstitutunun direktoru fəxrlə bildirir ki, bir neçə il əvvəl məhz o Patriarxa üçüncü uşağın xaç suyuna çəkilməsi ilə bağlı təşəbbüsü təklif edib. Bu təşəbbüsə görə, patriarx İkinci İliya Gürcüstanda bütün qanuni nikahda və ailədə üçüncü və ondan sonra doğulan uşaqların xaç atası olur. Təəccüblü olsa da, bu təşəbbüs xeyli səmərəli oldu: 2007-ci ildə doğulan uşaqların ümumi sayında üçüncü uşaqların payı 10 faiz, bu gün isə 18,5 faiz təşkil edir.
“Mən ən kiçik yaşlı uşaqlarla işləməyi təklif edirəm. Çoxuşaqlı ailənin yaradılmasının vacibliyi haqqında informasiyanı şüuraltı səviyyədə yeritmək, – Demoqrafiya İnstitutunun direktoru deyir, – təsəvvür edin ki, riyaziyyat dərsidir. Axı cansız əşyalar əvəzinə oğlan və qızları toplamaq və çıxmaq da olar! Həm də uşaqları çoxlu sayda bacı və qardaşlar olan nağıllarla tərbiyə etmək lazımdır. Bir sözlə, bütün bunu inkişafın ilkin mərhələsində yeritmək. Uşaqlarla ailələrdə və məktəblərdə işləmək lazımdır. Ancaq onda biz istədiyimiz nəticəni ala bilərik. Qalan hər şey ancaq əlavə tədbirlərdir.
Kifayət qədər dövlət təşəbbüsü yoxdur
Xoşbəxtlikdən uşaqların çoxuşaqlılıq mövzusunda zombiləşdirilməsi demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün yeganə cəhd deyil. 2013-cü ilin iyul ayından demoqrafik təşəbbüslər üçün Gürcüstanın dövlət büdcəsindən 200 milyon laridən çox vəsait ayrılıb. Dövlət 500 lari (210 dollar) həcmində doğuşu, 800 lari həcmində (345 dollar) qeysəriyyə əməliyyatını, hamiləliyin monitorinqini (müəyyən sayda həkim müayinəsi) maliyyələşdirməyə, pulsuz fol turşusu paylamağa və lazım olduğu halda digər tibbi preparatlarla təmin etməyə başladı.
2014-cü ilin yanvar ayından analıq məzuniyyətinin müddəti 6 aya qədər uzadıldı, birdəfəlik yardım isə 400 laridən (172 dollar) 1000 lariyə (431 dollar) qədər artdı. Elə həmin ilin iyununda dövlət hər üçüncü və sonrakı uşaqlara görə 150 lari (bu, 65 dollardan azdır), dağ rayonlarında isə 200 lari (86 dollar) ödəməyə başladı.
Dövlətin hər üçüncü uşağa bu simvolik qayğısı təqdirəlayiqdir, amma bir qədər təəccüblüdür ki, niyə o, ailədəki həmin ilk iki uşaq barədə heç düşünmür.
Eyewitnes studiyasının filmi, 2011 il
Dərc edilib: 6.04.2016