AMEA institutları gənc nazirin tabeliyinə verilib
Azərbaycanda təhsil və elm sistemində dəyişikliklər həyata keçirilir. Təhsil Nazirliyi artıq elm sahəsinə də nəzarət edəcək. Çoxları bu dəyişikliyin onsuz da heç bir fəaliyyəti olmayan Elmlər Akademiyasına nə cürsə təsir edəcəyini düşünmür.
- Azərbaycanlı tələbəni Təhsil Nazirliyinə müraciət etdiyi üçün 15 sutkalıq həbs ediblər
- Bakıda hər üç məktəblidən biri bullinq qurbanıdır
- Azərbaycanda bullinqə məruz qalan 16 yaşlı məktəblini müdafiə edən tapılmır
Nə baş verib?
Azərbaycan prezidenti İlham Əliyevin 2022-ci il 28 iyul Fərmanı ilə Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.
Sənədə əsasən, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, o cümlədən də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Bu strukturlar yeni nazirliyin tərkibində fəaliyyət göstərəcək.
İndiyə qədər Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) tabe olan 24 institut və ondan çox digər struktur Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Prezident Fərmanı ilə həmçinin üç muzey də Mədəniyyət Nazirliyinin tabeliyinə keçib. Bu günə qədər bu muzeylər də AMEA-nın tabeliyində olub.
Elmlər Akademiyası təsərrüfatlarının da böyük hissəsindən məhrum olub.
Prezident fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcək.
Elmlər Akademiyası ətrafında qalmaqal
Azərbaycan Milli Elmlər Akademiyası 2019-cu ilin oktyabrında uzun illər Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin AMEA prezidenti seçilməsi ilə gündəmə gəlmişdi.
Ramiz Mehdiyev Azərbaycan cəmiyyətində “boz kardinal” adlandırılır, ölkənin daxili və xarici siyasətini müəyyən edən şəxs hesab olunurdu. O, həm də Rusiyapərəst siyasətə sədaqəti ilə tanınır.
Mehdiyev yeni vəzifəsində çox qalmadı. 2022-ci ilin fevralında akademiyanın ümumi iclasının qərarı ilə 84 yaşlı akademik AMEA rəhbəri vəzifəsindən azad edildi.
2022-ci ilin iyulunda akademiya ətrafında qalmaqal yenidən alovlanıb. Ölkənin iki dövlət medaisı eyni zamanda AMEA-nın fəaliyyətsizliyilə bağlı tənqidi material yayıb. Bu material bütün hökumətyönlü mediada tirajlanıb.
Amerika təhsilli nazir
İkinci Qarabağ müharibəsi ərəfəsində keçmiş təhsil naziri Ceyhun Bayramov gözlənilmədən xarici işlər naziri təyin ediləndən sonra Təhsil Nazirliyinin başına Emin Əmrullayev gətirilib.
Kolumbiya Universitetinin məzunu olan 40 yaşlı Emin Əmrullayev ötən iki il müddətində ictimaiyyətin yaddaşında canlı yayımlanan mətbuat konfransaları ilə qalıb. Təhsil naziri ölkə hökumətində yeganə şəxsdir ki, mütəmadi olaraq jurnalistlərlə görüşür.
Amma ekspert çevrəsinin fikrincə, yeni nazirin fəaliyyəti müddətində ölkənin təhsil sistemində xüsusi bir dəyişiklik olmayıb.
“Bu yeniliyin ciddi bir dəyişikliyə səbəb olacağını düşünmürəm. Nə elm, nə də təhsil sahəsində. Uzun illərdir ki, Elmlər Akademiyasının fəaliyyətində durğunluq hökm sürür. Heç bir elmi ixtiradan, tədqiqatdan danışmaq mümkün deyil. Təhsil sistemi də korrupsiya və məntiqsiz “ekspertimentlər” sahəsi olaraq qalır. Yeni nazir təyin olunandan iki il müddətində hökumətyönlü jurnalistlər üçün tez-tez mətbuat konfransı keçirməsindən başqa ciddi bir dəyişiklik gözə dəymir. Elm sahəsinin ona tapşırılması da, zənnimcə, ciddi proqress vəd etmir”, – təqaüddə olan qocaman pedaqoq Əli Quliyev deyir.