Altı yaşlılar uğrunda mübarizə
İyul ayı, çöldə dözülməz isti var. Evdə kondisioner olmasa da, bütün pəncərələr taybatay açılıb. Beş yaşlı Nigar dalğın halda pəncərədən həyətdəki albalı ağaclarına baxıb, yenidən gözlərini qarşısındakı dəftərə zilləyir: o, misalları həll etməlidir. O vaxt ailənin dostu kimi riyaziyyat dərsini öyrətməkdə köməyimi təklif etdim və bütün yayı da, hər axşam saat beşdən altıya qədər uşağı hazırlaşdırdım. Bütün bu vaxt ərzində də beynimdə suallar fırlanırdı ki, beş yaşlı uşağa belə əziyyət vermək nəyə lazımdır axı? Anasının Nigarı düzəltmək istədiyi Avropa liseyi bu qədər yaxşıdırsa, niyə müəllimlər dərslərdə özləri uşaqlara tərsinə saymağı və sadə ədədləri toplamağı öyrədə bilmir? Bu nə dəbdir belə: birinci sinfə qəbul olunarkən iki imtahan mərhələsindən keçmək?
Dahilər üçün məktəb
Uşaqlar üçün qəbul imtahanlarını əksər Bakı məktəbləri keçirir. Təhsil Nazirliyinin işçiləri mətbuat üçün açıqlama verməkdən qaçır, amma adının hallanmasını istəməyən nazirlik əməkdaşlarından biri bizə bildirdi ki, imtahanlar “həmişə qanuni olmasa da, anlaşılandır. “Orta məktəblərə müsabiqə çox böyük olduğundan, bəzi direktorlar hesab edir ki, müsahibədən keçməyən uşaqları qəbul etməkdən imtina etmək haqları var.
Bundan başqa, istedadlı uşaqlar üçün məktəblərə, liseylərə, gimnaziyalara qəbul olunarkən uşağın bacarıqlarının orta həddən yüksək olduğunu yoxlamaq lazımdır, çünki bu təhsil müəssisələrindəki proqram çətin olur, uşaq da onun öhdəsindən gəlməlidir.
Söhbət ondan gedir ki, Avropa liseyi məktəbin saytında da qeyd olunduğu kimi, daha yüksək inkişaf səviyyəsində olan istedadlı uşaqlar üçündür.
Əslində hər şey aydındır, uşağınız dahi deyilsə, ona artıq əziyyət verməyib, adi məktəbə göndərin. Burada da biz daha bir problemlə üzləşirik: Bakının mərkəzində yerləşən və sovet dövründə adi təhsil müəssisələri sayılan demək olar ki, bütün məktəblər ölkə müstəqillik əldə edəndən sonra bir-birinin ardınca lisey və “təhsil mərkəzlərinə çevrildi. Əslində isə yerdə qalan məktəblərdən heç nə ilə fərqlənmirlər.
Azərbaycanda tədris proqramı da, dərsliklər də standartdır. Bununla belə, 6, 132/134, 160, 23 saylı məktəblər prestijli sayılır, bu da o deməkdir ki, “o biri məktəblər qədər pis deyillər. Bu lisey məktəbləri öz istəyi kimi “qəbul imtahanları keçirmək hüququna malikdir, bu da hər il uşaqları test imtahanından keçməyən böyük sayda valideynin narazılığına səbəb olur. İstisnasız hər kəsi qəbul etməli olan adi məktəblər də yerə həddən artıq böyük müsabiqənin olduğunu bəhanə gətirərək, bəzən test imtahanları keçirir.
Niyə lisey uşaq üçün daha yaxşıdır?
Altı yaşlı Camalın anası Leyla Məmmədova danışır: “Bu il Avropa liseyinə qəbula hazırlaşırdıq. Uzun müddət həmin məktəbin müəlliminin yanına hazırlığa getdik. Oğlum bütün suallara cavab verdi, amma yenə də qəbul olunmadı, ona adam çəkməyi tapşıranda, uşaq adamın ayaqlarını şəkildə yerləşdirə bilməyib. Onu məktəbə götürməkdən imtina etdilər, dedilər ki, guya proporsiya hissi pozulub.
Balaca Səidənin anasının da əhvalı pozulub: “Məktəbə qəbul imtahanlarına çox ciddi hazırlaşdıq, amma orada gözləmədiyimiz suallar varıydı. İmtahanda uşağın Azərbaycanla sərhəd olan ölkələrin adını çəkməsini istədilər. Altı yaşlı uşağın!.
Bir dəfə Nigarın anası Səbinədən xəbər aldım ki, niyə o qızını sadəcə evinin yaxınlığında yerləşən məktəbə yazdırmaq istəmir. Səbinə özünü uşaqlara qurban verən analardandır. Yəni saçları həmişə tələsik yığılar, artıq üç ildir ki, bir cins şalvarda gəzir, amma uşaqları üzgüçülük və musiqi məktəbinə gedir, böyük oğlu Anar dörd il əvvəl müəllimlə iki il hazırlaşandan sonra qəhrəmancasına həmin o Avropa liseyinə qəbul olunub. Səbinə təəccüb dolu nəzərlə mənə baxaraq dedi: “Axı Anar qəbul olundu, niyə Nigar bacarmasın? O da ağılsız qız deyil. Başa düşürəm ki, çətindir, amma çalışır axı!.
Evimin pəncərəsindən adi, “sıravi Bakı məktəbinin həyəti görünür. Bu, ora-bura atılmış plastik butulkaların olduğu asfaltlanmış sahədir. Saat ikidən sonra orada futbol başlayır. Pəncərəmin çərçivəsi ikiqat olsa da, onu açanda “Uy, blya və başqa, daha ağır söyüşlər həyatımın fonuna çevrilir. Bu, adi məktəbdir və qanunla o, 6 yaşı tamam olmuş bütün uşaqları yaşayış yeri üzrə qəbul etməlidir. Burada heç bir seçim aparılmırdı. Hər gün futbol oynayan uşaqlara qulaq asarkən, niyə mərkəzdə yerləşən məktəblərdə əksər vaxtlarda bir sinifdə 30 şagirdin oxuduğunu anlamağa başlayırsan: valideynlər öz övladlarının az-çox normal kollektivdə (hətta bunun ancaq görünən tərəfi belə olsa da), təzə təmirdən çıxmış isti və təmiz məktəbdə təhsil almasını istəyir.
Yeddi yaşında gec olacaq
Beləliklə, 5 yaş 10 aylıq Nigar qitələri dünyanın hissələrindən, məməliləri sürünənlərdən ayırmağı bacarır və ağciyərlərin, böyrəklərin, qara ciyərin və dalağın insanın harasında yerləşdiyini göstərə bilirdi. Bundan başqa da Azərbaycan himnini və ölkə tarixinin bəzi mühüm tarixlərini əzbər bilirdi.
Məktəbə qəbul zamanı uşaq orta təhsil müəssisəsinin prestijli olub-olmamasından asılı olmayaraq yazmağı və oxumağı bacarmalıdır. Bakıda birinci sinfə gedəsi olan demək olar ki, hər bir uşağın anası narahatdır ki, övladı bu biliklərə yiyələnməkdə gecikib (və allah eləməmiş qohum və tanışların uşaqlarından geri qalıb).
Təhsil Nazirliyindəki mənbəmiz bunu onunla izah edir ki, siniflərdə hazırda uşaq sayı həddən artıq çoxdur və müəllimlər eyni zamanda 30-40 şagirdə baza biliklərini vermək iqtidarında deyillər, hazırlıqsız olan siniflərin də öhdəsindən gələ bilməyəcəklər.
Yeni təhsil naziri Mikayıl Cabbarov məktəbəqədər təhsil institutunun hər cür inkişafı üçün çalışır. Özünün müsahibəsində dediyi kimi, hazırda məktəbəqədər təhsil təxminən 25% uşağı əhatə edir, bu rəqəmin 70%-ə qədər qaldırılması planlaşdırılır. Hazırda uşaq bağçalarının sayı həddən artıq azdır, dövlət bağçalarında vəziyyət heç də yaxşı deyil, özəl bağçaların qiyməti isə şəhər kənarında yerləşən birotaqlı mənzilin kirayə haqqına bərabərdir.
2014-2015-ci dərs ili dövründə 87 məktəbdə məktəbəqədər hazırlıq qrupları yaradıldı (pullu). Gələn dərs ilində onların sayı artıq 138 oldu. Kurslardan sonra uşağı məktəbə imtahansız götürə bilərlər, axı o, əksər vaxtlarda özünün gələcək müəllimi ilə hazırlaşır.
Əksər valideynlər bu qrupların xidmətlərindən istifadə edir, amma məktəbdəki bu qrupların qanunlaşdırılmış korrupsiya olduğunu hesab edən valideynlər də var: yəni problemsiz qəbul olunmaq istəyirsənsə pulunu ödə.
Nigar getdiyi hazırlıq kurslarında qrupun ən böyüyü idi. Son zamanlar bakılılar uşaqlarını mümkün qədər tez məktəbə verməyə çalışır. Bu, nə dərəcədə doğrudur? Uzun illər uşaqların məktəbə qəbulu prosedurasında iştirak edən psixoloq Humay Axundzadənin dediyinə görə, belə balaca uşaq təhsilə hazır deyil. Hətta onun əqli inkişafı yaşını qabaqlasa belə, bir neçə ildən sonra fiziki tükənmə baş verə bilər: “Bu yaşda bir neçə ay belə uşağın inkişafı üçün böyük əhəmiyyətə malikdir.
Uşaq dahi olmaq istəmirsə, nə etmək lazımdır?
Beləliklə, gözlənilən gün gəlib çatdı. Bu günün ərəfəsində Nigar sonuncu dəfə dərsliyi əvvəldən axıra qədər oxudu. Səbinə valeryan içərək, həyəcanla evin tozunu silirdi. Səhər onları imtahana yola salmağa gələndə hər ikisini taqətdən düşmüş gördüm: təzə və səliqə ilə ütülənmiş paltarda, səliqəli hörüklü Nigar və uzun güllü ətəkdə olan Səbinə. Köhnə cinsi bir neçə gün əvvəl paltar yuyan maşında cırılmışdı.
Taksidə onlar vurma cədvəlini təkrar edirdilər. Liseyin qarşısında da bu cür həyəcanlı və narahat valideynlər toplaşmışdı. Səbinənin qızına imtahan qabağı necə öyüd-nəsihət verdiyini görmək lazımıydı: sanki qızı dünyanı xilas etməyə göndərirdi.
Nəticədə Nigar imtahandan kəsildi. Görünür, çox həyəcanlandı və suallara bildiyindən daha pis cavab verirdi, axırda da ümumiyyətlə susdu. Bu, daha bir müzakirə mövzusudur: imtahanda müəllim qarşısına çıxmaq uşağa çətin deyilmi?
Humay Axundzadənin sözlərinə görə, müsahibə heç bir halda imtahan şəklində aparılmamalıdır, bu məhz dostcasına söhbət, hətta oyun olmalıdır: “Bütün amilləri nəzərə almaq lazımdır: otaqda neçə uşaq, neçə böyük var. Həddən artıq rəsmi ab-hava olduqda uşaq sadəcə özünə qapanıb, cavab verməkdən imtina edə bilər. İmtahan alan müəllimin hansı pozada oturmasının belə əhəmiyyəti var – yaxşı olar ki, o uşaqla üzbəüz deyil, onun yanında otursun.
Səbinə dərd içində idi, Nigar isə birdən elan etdi ki, heç bir məktəbə getmək istəmir. O, tərs və əsəbi oldu: gecələr tez-tez oyanırdı. Onda da Səbinə narahat olmağa başladı ki, uşağa nəsə olub. Psixoloqa müraciət etmək qərarına gəldilər, bu, hələ bir il əvvəl Səbinəyə Nigarın heç bir xüsusi bacarıqlarının olmadığını və adi proqram üzrə işləyən adi məktəbə getməli olduğunu deyən həmin o psixoloq idi. O vaxt Səbinə ona çox acıqlandı, amma indi vəziyyət dəyişmişdi.
Məsləhətləşmələrdən sonra uşağı bir müddətlik rahat buraxmaq qərarına gəldilər, bir aydan sonra da Nigar mərkəzdə yerləşən məktəblərdən birinə, başqa bir “liseyə qoydular. Bununla belə, birincisi məktəbin adı lisey idi – qəbul zamanı fövqəladə heç nə tələb olunmurdu. İkincisi, Səbinə ənənəvi azərbaycanlı metoduna müraciət etmək qərarına gəldi – tanışı direktorun yaxın dostu olan tanışını tapdı.
Buna görə də ana-bala müsahibədən əvvəl digər “abituriyentlərin valideynləri narahatlıqla hansı sualların veriləcəyini öyrənməyə çalışdığı bir vaxtda (“Bəs elektrik cihazları haqqında suallar olacaq?), ayaqlarını uzadaraq, rahatca növbədə oturub, ordan-burdan söhbət edirdilər.
Müsahibə zamanı Nigardan bir neçə hərfi “tanımağı, iyirmiyə qədər saymağı və 10 meyvənin adını çəkməyi xahiş etdilər, o da uğurla bu tapşırıqların öhdəsindən gəldi. Məncə, bu zaman ona kömək edən faydalı tanışlıq deyil, yanında oturan anasının çox rahat olması oldu. “Necə də ağıllı qızdır! – müəllimlər deyirdi.
İndi Nigar artıq prestijli liseyin ikinci sinfində oxuyur. Səbinə yenə də həftənin yeddi günü eyni cins şalvarda gəzir, təzəsini almağa vaxtı yoxdur. Lisey dil təmayüllü imiş, yəni birinci sinifdən burada iki xarici dil öyrənirlər. Nigar əla qiymətlər alır: məktəbdə müəllimlərin ona heç nə öyrədə bilməyəcəyini anlayandan sonra (axı sinifdə 40 uşaq var), Səbinə müəllim tutdu. Bu məktəbi lisey edən nədir – sualına cavab olaraq Səbinə çiyinlərini çəkir və cavab verir: “Bəlkə qiyməti yüz dollar olan forma. Nə bilim.
Dərc olunub 25.10.2016