Almaniya kansleri Angela Merkel Tbilisidədir. Önəmli səfərin ilk günü
Avqust müharibəsindən on il sonra Almaniya hələ də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Rusiya qoşunlarının bu ərazilərdən çıxarılmasını tələb edir. Bu, Almaniya kansleri Angela Merkelin Tbilisiyə ilk səfəri zamanı səsləndirdiyi əsas mesajdır
Amma gürcüstanlı siyasətçilər və ekspertlər bildirirlər ki, Gürcüstan hakimiyyəti kansleri hazırlıqsız qarşılayıb və önəmli şansı əldən verib.
Angela Merkel nələr deyib və nələr haqda susub, Gürcüstanın yeni baş naziri nəyə görə tənqid edilib — JAMnews Almaniya kanslerinin səfərinin ilk gününə dair yekunları təqdim edir.
_________________
Almaniya kansleri avqustun 23-də Gürcüstana ilk rəsmi səfərə gəlib. Aeroportda onu Gürcüstanın xarici işlər naziri David Zalkaliani, Gürcüstanın Almaniyadakı səfiri Elquca Xokrişvili və Almaniyanın Gürcüstandakı səfiri Xayke Paiç qarşılayıblar.
https://www.youtube.com/watch?v=58h0kk0ToC0
Angela Merkel ilk görüşünü Gürcüstanın hökumət administrasiyasında baş nazir Mamuka Baxtadze ilə keçirib. Üzbəüz görüşdən sonra onlar birgə mətbuat konfransı keçiriblər.
Prezident Georgi Marqvelaşvili ilə Almaniya kansleri Gürcüstanın prezident administrasiyasında görüşüb. Təkbətək görüş 40 dəqiqə davam edib.
Günün sonunda Angela Merkel Gürcüstanın vəhdəti uğrunda həlak olanların xatirə Memorialını ziyarət edib və önünə gül dəstəsi qoyub, Almaniya və Gürcüstanın himnlərini dinləyib.
Merkelin bu səfəri Cənubi Qafqaz turunun bir hissəsidir. Gürcüstandan sonra Almaniya kansleri qonşu Ermənistan və Azərbaycana səfər edəcək.
Kansler ranqında Angela Merkel artıq Gürcüstanda olub, o, düz 10 il əvvəl, 2008-ci il avqustun 17-də avqust müharibəsindən sonra Gürcüstanı ziyarət edib. Merkel o zaman Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb.
Merkel nələr deyib?
Gürcüstanın baş naziri ilə birgə mətbuat konfransını Almaniya kansleri Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməklə başlayıb.
“Biz Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik və münaqişənin həlli üçün bizdən asılı olan hər şeyi edəcəyik”, – Merkel bildirib.
“Cənab Putinlə hər hansı formada Gürcüstan və Gürcüstanın işğalını müzakirə etmisinizmi?” – bu, mətbuat konfransında Merkelə verilən ilk sual olub.
Merkelin cavabı yetəri qədər ehtiyatlı olub. O, “işğal” sözündən və Tbilisidə qəbul olunmuş digər ifadələrdən çəkinib, amma qeyd edib ki, Gürcüstan ətrafındakı durum “ədalətsizdir”. Tbilisidə həmçinin Merkelin “işğal xətti” əvəzinə “demarkasiya xətti” ifadəsini işlətdiyinə də diqqət yetiriblər.
“Sabah mənim inzibati sərhədə, demarkasiya xəttinə, o cümlədən də Avropa İttifaqının da təmsil olunduğu əraziyə səfər etmək imkanım olacaq. Baş verənlər ədalətsizlikdir”, – kansler qeyd edib.
Jurnalistin Gürcüstanın işğalı məsələsini Putinlə müzakirə edibmi, sualına Merkel birbaşa cavab verməyib. O, sualı dolayı yolla cavablayıb, bildirib ki, onun mövqeyi Putinə bəllidir.
O, “Ukrayna ilə bağlı” mövqeyini Putinlə görüşdə qeyd etdiyini daha qəti və əminliklə bildirib. Onun sözlərinə görə, bu “eyni kontekstin” bir hissəsidir.
“Rusiya prezidenti mənim mövqeyimdən xəbərdardır, o cümlədən də Ukrayna ilə bağlı. Biz bu haqda danışırıq. Bu eyni kontekstdir. Böyük səylərə baxmayaraq, bu ədalətsizliyin birdəfəlik keçmişdə qalması üçün çox az şey edilir. Bu hal adiləşə bilməz. Bu vəziyyətlə barışmaq olmaz. Biz hər gün bu haqda maksimum danışmalıyıq”, – Angela Merkel bildirib.
Gürcüstanın baş naziri nə deyib?
Baş nazirin sözlərinə görə, o və Almaniya kansleri Gürcüstandakı vəziyyəti və münaqişənin sülh yolu ilə həlli perspektivlərini müzakirə ediblər. O, Almaniyanı sadiq müttəfiq adlandırıb.
O, Rusiya haqda danışıb və vurğulayıb ki, Rusiya atəşkəs haqda 2008-ci il 12 avqust sazişinin tələblərini yerinə yetirmir və Gürcüstan ərazilərinin 20 faizini işğalda saxlayır.
O vurğulayıb ki, Gürcüstan sülh yolunu seçib və nümunə olaraq Cenevrə danışıqlarını gətirib.
Baş nazirin sözlərinə görə, Gürcüstan hakimiyyəti münaqişə regionlarının əhalisi ilə barışmağa, etimadı bəpa etməyə çalışır və bunun üçün konkret addımlar atır.
“Əminəm ki, sizin rəsmi səfəriniz Gürcüstan-Almaniya münasibətlərini yeni mərhələyə çıxaracaq”, – Mamuka Baxtadze Almaniya kanslerinə müraciətlə bilririb. Onun sözlərinə görə, Gürcüstan üçün kanslerin və Almaniya hökumətinin davamlı dəstəyi çox dəyərlidir.
Baxtadze bir neçə dəfə qeyd edib ki, Gürcüstan Avropa sivilizasiyasının bir hissəsidir, onun Avro-Atlantik kursu dəyişməzdir və bu yolda Gürcüstanın Almaniyanın dəstəyinə ümidi böyükdür.
Ekpertlərin və siyasətçilərin dəyərləndirməsi
Angela Merkelin Gürcüstana səfərini həm hakimiyyət, həm də müxalifət əhəmiyyətli hesab edir. Amma siyasətçilərin və ekspertlərin sözlərinə görə, Gürcüstan tərəfi hazırlıqsızdır və buna görə də Avropanın ən nüfuzlu siyasətçisi ilə kommunikasiya şansından lazımınca faydalanılmayıb.
Gürcüstanlı ekspertlər Gürcüstanın baş nazirinin mətbuat kofransındakı çıxışını çox tənqidi qarşılayıblar. Onların sözlərinə görə, baş nazir “zəif” olub və “mətbuat konfransında Gürcüstan üçün vacib olan heç bir konkret məsələni qaldırmayıb”.
“Belə yüksək səviyyəli səfərdən əsas gözlənti o idi ki, hakimiyyət ölkə üçün vacib konkret istiqamətləri irəlilədəcək. Təəssüf ki, Gürcüstanın baş naziri bunu etməyib. İlk növbədə gözə dəyən o olub ki, o, NATO haqda çox az danışıb. O, bəzi istiqamətlər, məsələn, Gürcüstanın NATO-ya daxil olması və ya daha böyük hərbi iştirakı haqda Tədbirlər Planı ilə bağlı açıq danışmalı idi. Baş nazir heç bir konkret məsələ haqda danışmayıb… Bu, müəyyən qədər onun təcrübəsizliyi, müəyyən qədər isə bizim yaxşı tanıdığımız İvanişvilinin siyasəti ilə bağlı olub – İvanişvili Gürcüstanın Rusiya ilə Qərb arasında ziddiyət mövzusu olmasını istəmir”, – Pirveli TV-nin efirində müxalif Avropa Gürcüstanı Partiyasından olan deputat Sergi Kapanadze deyib.
Analitik Georgi Ruxadze bildirib ki, o, Angela Merkelin çıxışından bir qədər məyus olub.
Gürcüstanın Strateji Analiz Mərkəzinin (GSAC) təsisçisi, Avropa Tədqiqatlaırnın direktoru bildirir ki, o, Almaniya kanslerrindən daha güclü dəstəkləyici bəyanatlar gözləyirdi.
“Xanım Merkel nə “işğal” söznü, nə də işğal xəttini dilinə gətirmədi. Faktiki olaraq təsdiqlədi ki, Putinlə görüş zamanı Gürcüstan haqda danışılmayıb. NATO-nun adını çəkməyib, Gürcüstanın Avropa perspektivləri haqda danışmayıb. Bu ifadələrə görə üzr istəyirəm, amma o, Frankfurt kitab yarmarkasının mövzuları, kanalizasiya, su kəməri və Gürcüstan Dövlət Universiteti ilə kifayətlənib”, – Georgi Ruxadze bildirib.
Gürcüstanın baş nazirinin bəyanatını dəyərləndirərək Ruxadze bildirib ki, Mamuka Baxtadze faktiki olaraq mətbuat konfransında Avropa perspektivləri və NATO-ya daxil olmaq perspektivləri ilə bağlı heç bir mesaj səsləndirməyib.
Georgi Ruxadze deyir ki, Gürcüstanı narahat edən real məsələlər, o cümlədən də NATO məsələsi gündəliyə daxil edilməyib və onlar haqda heç danışılmayıb.
“Bu gün Tbilisidə o, Rusiyaya qarşı bəyanatlardan və Rusiyanı tənqid etməkdən maksimum çəkinib”, – Ruxadze bildirib.
________________
Merkelin Gürcüstana səfəri avqustun 24-ə qədər davam edəcək. Onun səfərinin ən vacib hissəsi münaqişə zonasına baş çəkməsi olacaq. “Tbilisi Marriot” mühmanxanasında Almaniya kansleri müxalif partiya nümayəndələri ilə görüşəcək. Onun həmçinin İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteninin tələbələri ilə də görüşü olacaq.