“Almaniya Ermənistana dəstək olacaq” – kansler Angela Merkel Ermənistandadır
Almaniya kansleri Angela Merkel iki günlük rəsmi səfərlə Ermənistana gəlib. Aeroportda onu ölkənin baş naziri Nikol Paşinyan qarşılayıb.
Ermənistan və Almaniya arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. O vaxtdan Yerevan və Berlin arasında münasibətlər dinamik şəkildə inkişaf edib. Ölkələr arasında mal dövriyyəsi 2017-ci ildə 339 milyon dollar təşkil edib. Almaniya Ermənistanın ticari-iqtisadi tərəfdaşlıq apardığı ilk beş dövlət sırasına daxildir.
Səfərin bütün detallarını xronoloji ardıcıllıqla təqdim edirik.
Təyyarə enəndən dərhal sonra Merkel erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Tsisernakaberd” memorialına baş çəkib. Burada o, daimi alovun önünə gül dəstəsi qoyub və xatirə xiyabanında ağac əkib.
• 2016-cı ildə Bundestaq Osmanlı imperiyasında erməni soyqırımının tanınması haqda qətnamə qəbul edib.
“Bu qətnamənin məzmunu və ruhuna uyğun olaraq mən bu gün “Tsisernakaberddə” oldum. Biz 1915-ci ildə necə qorxunc hadisələrin baş verdiyini dərk edirik. Bu fakt unudulmamalıdır. Bu, mənim üçün hüquqi məsələ deyil”, – Merkel bir neçə saat sonra jurnalistlərə bildirib.
Kansler Ermənistan prezidenti Armen Sarqsyanla görüşüb.
“Biz Ermənistanda həyata keçirilən islahatlarda iştirak etmək istəyirik, bu ilin baharından ölkənizdə baş verən dəyişiklikləri və prosesləri diqqətlə izləyirik. Bu mürəkkəb olsa da, vacib yolda əməkdaşlığı davam etdirməyə hazırıq”, – Angela Merkel deyib.
Merkel “Tumo” Kreativ Texnologiyalar Mərkəzini ziyarət edib və burada IT sahəsində: animasiya, oyunların, robotlatın hazırlanması və proqramlaşdırma üzrə təhsil alan yeniyetmələrlə ünsiyyətdə olub.
Merkel Ermənistanın ən iri startapı “PicsArt” şirkətini də ziyarət edib.
Angela Merkelin səfərinin ilk gününün yekunu kanslerin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları olub.
Bundan sonra onların birgə mətbuat konfransı baş tutub.
Merkel bildirib ki, Almaniya Ermənistan sakinləri üçün viza rejiminin liberallaşdırılması ilə bağlı əlindən gələni edəcək:
“Siz bilirsiz ki, Avropa İttifaqı ilə Assosiasiya haqda saziş bağlayan Gürcüstan və Ukrayna vətəndaşları üçün vizasız rejim artıq qüvvədədir. Bu məsələ sıx şəkildə miqrasiya siyasəti ilə bağlıdır. Biz bu məsələdə inkişaf gözləyirik və öz tərəfimizdən bu inkişafa nail olmaq üçün əlimizdən gələni edəcəyik”.
Merkel həmçinin əmin edib ki, Almaniya Qarabağ münaqişəsinin nizamlanmasına da kömək etməyə hazırdır:
“Almaniya ATƏT-in Minsk Qrupunun üzvüdür. Və biz Qarabağ probleminin yaxşı atmosferdə həllinin vacib olduğunu bildirmişik. Bu məsələdə Almaniya Ermənistana dəstək olacaq”.
Baş nazir Paşinyan öz növbəsində jurnalistlərlə görüşdə bildirib ki, rəsmi Yerevan heç bir ölkə ilə digəri hesabına münasibət qurmur.
“Biz bildirmişik ki, “məxməri” inqilabdan sonra xarici siyasətdə reverslər olmayacaq. Biz Rusiya ilə münasibətləri, o cümlədən də Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı [hər iki struktur Rusiyanın rəhbərliyi altında fəaliyyət göstərir – JAMnews] çərçivəsində inkişaf etdirmək niyyətindəyik və bi niyyəti reallaşdıracağıq. Amma biz həmçinin Aİ ölkələri, xüsusən də Almaniya ilə münasibətləri inkişaf etdiririk. Biz burada ziddiyyətlər və qarşıdurmalar üçün zərurət görmürük”.
Angela Merkel Yerevandan Bakıya yollanacaq.