Aliyə Haqverdi, Bakı
Biz “RİA Novostidəki məqalənin müəllifinə inansaq, rusların ondan sonra hamı ilə dalaşdığı və düzgün də etdiyi həmin o matçı izləyirdik. Bu, Tbilisidə idi, bir sutkalıq iş dalınca gəlmişdim və heç olmasa 20 saatlıq evin problemlərindən uzaq ola biləcəyimə sevinirdim. Futbol isə insanın fikrini çox qəşəng yayındıra bilir, hətta özün azarkeş deyilsənsə belə.
Oturduğumuz kafedə canlı musiqi varıydı, amma musiqiçilər əbəs yerə canfəşanlıq edirdilər, hamı matçı izləmək üçün gəlmişdi. Qışqırıq səsləri, ehtiyatlı söyüş – və biz anladıq ki, İngiltərə yığmasına əsl Rusiya futbol fanatları ilə birlikdə azarkeşlik edəcəyik. Zalda onlar azı iki nəfəriydi – müxtəlif masaların arxasında oturub, sevinclə bir-birinə “Rusiya, irəli! kimi sözlər atırdılar.
Bizə daha yaxın oturan cizgi filmindən olan xuliqana oxşayırdı. Qolsuz köynək, araqçın, yekə qarın. Bütün bunlara ağzından çıxan söyüşləri də əlavə edin. Yanında da xoşüzlü sarışın xanım vardı. Xuliqan sinəsini qürurla qabağa vermişdi, çiyinlərinin arxasından isə böyük imperiyanın parlayan qanadları sezilirdi. “Biz rusuq! – o, bizə müraciətlə qışqırdı. “Biz də ingilis, – cavabında dedik.
Bir neçə pivə krujkasından sonra o, nəsə qəribə ingilislər olduğumuzu dedi. Biz doğrudan da kənardan qəribə görünürdük: gürcü və rus dillərində gözəl danışan britaniyalı, ingilis futbolunu dəli kimi sevən və vaxtaşırı Ukrayna himnini oxumağa can atan rus dilli azərbaycanlı və mən – elə mən də qəribə adamam. Nəhayət rusiyalılarla razılığa gəldik ki, güclü qalib gəlsin.
Bundan sonra İngiltərəyə azarkeşlik etməyə başladıq, düzdür rusiyalılar səs tellərinin gücünə və söz ehtiyatına görə bizdən xeyli üstün idilər. Düzünü deyim ki, bu günün dava ilə bitəcəyinə əminiydim. Nəsə çox istəyirdim ki, İngiltərə yığması hardasa 6-0, ya da heç olmasa 4-0 hesabı ilə qələbə çalsın. Onda da təbii ki, vətənpərvərlik hissi öz aqressiv mərhələsinə keçəcək (bunu bacarır axı) və bu ürəkli oğlanlar elə bir şey deyəcəklər ki, bizdə Qafqazda bunu sındırılmış burundan gələn qanla yuyurlar. Həyəcanla ağ çaxırdan içərək, düşünürdüm ki, qolsuz köynəkli kişi heç də güclü deyil, əllərinin əzələləri sallanıb, yanındakı sarışın qız isə dalaşmaqdan daha çox, qışqıracaq, biz “ingilislərin isə yaxşı reaksiya və say üstünlüyümüz var.
Amma oyun 1-1 hesabı ilə bitdi və gürcü paytaxtının bütün qonaqları işin qırğınla ilə nəticələnməməsi üçün kifayət qədər səbir və anlayış nümayiş etdirdilər. Biz sağollaşandan əvvəl badələrimizi qaldırdıq, bir-birimizin əllərini sıxdıq və bizim karikaturaya bənzər rəqibimiz yenə də “Rusiya! deyə qışqıra-qışqıra buranı tərk etdi.
Artıq hesabı ödəyəndə, bizə bir nəfər də yaxınlaşdı, bu kişinin xarici görünüşünü xatırlamıram, bəlkə gülməli olmadığına görə, bəlkə də ağ çaxırının təsirindən idi. O, masanın üstünə əyilərək, tutqun səslə dedi: “Bütün ruslar belə deyil. Bunu yadınızda saxlayın. Deyəsən bizdən kimsə – bilirik – dedi.
Bu həmin axşamın ən xoşagəlməz bir anı idi. Buna qədər hər şey çox şən, kinodakı kimi gedirdi, amma tanımadığı insanların qarşısında üzrxahlıq edən həmin o “üçüncü rusun olmazın utancaqlıq hissini görmək heç də gülməli deyildi. Onu qucaqlamaq, təsəlli vermək, həqiqətən də çoxlu sayda etnik ruslar və Rusiya vətəndaşlarını tanıdığımızı və onların çox yaxşı, tərbiyəli, ədəbli və ünsiyyətdə xoş olduqlarını demək istəyirdim.
Və iki-üç səs-küylü vətənpərvər bizi bütöv bir millət haqqında pis düşünməyə vadar edə bilməz.
Əgər ölkənin hərbi qələbələri və ölçüləri ilə lovğalanmaq düzgün deyilsə, ona görə utanmaq nə dərəcədə doğrudur? Onun hakimiyyətinə, xarici siyasətinə, daxili quruluşuna, keçmişinə görə? Hansısa səhvə yol verən həmyerlilərimizə “Sizə görə utanıram, – deyirik və özümüzü sanki onlardan kənarlaşdıraraq, yüksək mənəviyyatlı vətənpərvər kimi hiss edirik. Amma bütün dünyadakı azərbaycanlıların günahlarına görə məsuliyyəti öz üzərimə götürsəm, nə olacaq ki? Heç olmasa bir problem həll olunacaq?
Əziz “üçüncü rus! Nə vaxtsa bunu oxusan bil ki, səndə günah yoxdur. Varsa belə, biz – azərbaycanlı ingilislər məmnuniyyətlə günahlarını bağışlayırıq.
Dərc edilib 17.06.2016