“Bizim MSK-nın qarşısında olan aksiya Azərbaycanda ictimai-siyasi vəziyyətin ən sivil qaydada olduğunu göstərdi”, – Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov belə hesab edir.
Söhbət parlament seçkilərindəbaş verən saxtalaşdırmaya qarşı fevralın 11-də bir qrup müstəqil namizəd tərəfindən təşkil edilən etiraz aksiyasından gedir. Polis aksiyanı sərt şəkildə dağıdıb, bir neçə nəfər, o cümlədən də jurnalistlər xəsarət alıb və bir çox beynəlxalq strukturlar və təşkilatlar buna görə Azərbaycanı tənqid edib.
Məzahir Pənahov isə bildirib ki, o, xarici telekanallarda nümayiş olunan bu aksiyanı izləyərkən “sevinib” və ona “ləzzət eləyib”.
Bilavasitə seçkilərdən sonra Məzahir Pənahov bildirmişdi ki, seçki komissiyasının fəailiyyəti “analoqsuz olub” və “geniş ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib”. Müşahidəçilərin videoya çəkdiyi və sosial şəbəkələrdə yaydığı pozuntuları isə Pənahov “şişirdilmiş” adlandırıb və bəyan edib ki, belə hallar “o qədər də çox olmayıb”. Sonra o, söz verib ki, bu hallar ciddi şəkildə araşdırılacaq.
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da baş tutub və əksər yerli və beynəlxalq müşahidəçilərin fikrincə, seçkilər ədalətsiz və qeyri-demokratik keçirilib. Azərbaycan hakimiyyəti və seçki komissiyası əvvəlcə bütün bunları inkar edib, daha onra isə müəyyən pozuntuların olduğunu etiraf edib və araşdırmaya başlayıblar.