Ailənizi qorumaq üçün nələrə hazırsız? Azərbaycanda nikaha münasibət dəyişir
Rəsmi statistika göstərir ki, son zamanlar Azərbaycanda nikahlar azalır, boşanmalar çoxalır. Əslində nə baş verir?
Dövlət Statistika Komitəsinin saytında 1935-ci ildən bəri bu iki göstəricinin dinamikasını əks etdirən cədvəl var. Burada Azərbaycandakı nikah və boşanmaları min nəfərə düşən say üzrə müqayisə etmək mümkündür.
2019-cu ildə nikahlar üzrə bu əmsal son 20 ildə ən aşağı olub, boşanmalar üzrə əmsal isə 1,7 təşkil edib ki, bu da 1990-cı ildən bəri ən yüksək rəqəmdir.
2019-cu ilin sonuna qədər Azərbaycanda 63869 nikah qeydə alınıb, 17148 (26,85 faiz) nikah pozulub. 2020-ci il üzrə hələlik tam statistika yoxdur, amma məmurların müsahibələrindən mətbuata düşən rəqəmlər (məsələn, 2020-ci ilin birinci yarısını əks etdirən statistika) daha qorxuducu görünür. Bunun səbəbi aydındır – pandemiya, onun gətirdiyi işsizlik və stress. Bununla belə, unutmaq lazım deyil ki, tendensiya hələ pandemiyadan əvvəl başlayıb və artıq on ildir davam edir.
Bu halın səbəbi böyük ehtimalla komplekslidir və onun “elm üzrə” müəyyən edilməsi üçün mürəkkəb və genişmiqyaslı tədqiqatlar aparmaq lazımdır. Heç olmasa bəzi amilləri aydınlaşdırmağa cəhd göstərmək üçün biz Bakı sakinləri arasında kiçik sorğu keçirdik. Suallar elə tərtib olunmuşdu ki, nikahların pozulmasına sadəcə ölkədəki iqtisadi vəziyyətin yox, həm də insanların nikah institutuna münasibətinin dəyişməsinin səbəb olduğu ehtimalı ya təsdiqlənsin, ya da təkzib edilsin. Əsasən Bakının mərkəzində yaşayanlardan ibarət 200 nəfər sorğu edilib.
Boşanmaya kişi və qadın yanaşması
Tədqiqatın nəticələrinə nəzər yetirərkən ilk gözə dəyən kişilərin və qadınların cavabları arasındakı fərq olur. Məsələn, qadınlar demək olar ki, yekdilliklə bildirirlər ki, boşanmada kişilər günahkardır, kişilər isə hər iki tərəfin məsuliyyət daşıdığını, ya da qadının günahkar olduğunu hesab edirlər. Əlbəttə, günahkarla bağlı sual həqiqətən də günahkarın tapılması üçün verilməyib, məqsəd respondentlərin məsuliyyət paylaşımını necə qavradıqlarını aydınlaşdırmaqdır. Respondentlərin 30 faizi məsuliyyətin yarıbayarı paylaşmağa razıdır.
Qadın respondentlərin üçdə birinə yaxını bildirir ki, həyat yoldaşları tərəfindən fiziki zorakılıq səbəbilə boşana bilər. Kişi respondentlərin cüzi hissəsi bu səbəbi dilə gətirir, bu da növbəti dəfə iki şeyi təsdiqləyir – birincisi, ailədaxili zorakılığa əsasən qadınlar məruz qalır, ikincisi, Azərbaycanda əksər qadınlar zorakılığı boşanma səbəbi kimi görmür.
Boşanma yaxşıdır, ya pis?
Yaxın insanı boşanmadan vaz keçirmək üçün respondentin hansı arqumentləri göstərə biləcəyi haqda sualın cavabında sorğu edilənlərin demək olar yarısı bildirdi ki, bu qərardan vaz keçirməyə çalışmaz. Belə çıxır ki, heç də hamı boşanmanı nəyin bahasına olursa-olsun qaçılması lazım olan fəlakət kimi qəbul etmir. Populyarlığına görə ikinci variant standart “uşaqlara görə dözmək lazımdır” (respondentlərin 20 faizi) arqumenti olub.
Bununla belə, Azərbaycan məmurları ailələrin dağılmasını birmənalı olaraq mənfi hal kimi qəbul edir.
Azərbaycan Qadın Haqlarının Müdafiəsi Cəmiyyəti yanında “Qadın – sülh və təhlükəsizlikdir” mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva çox sayda boşanma səbəblərini sadalayır ki, onların arasında gənclərin ailə məsuliyyəti daşımağa qadir olmaması, xəyanətlər, zorakılıq, seksual təmin olunmamaq kimi tabu altında qalan mövzuların müzakirə olunmaması, nikaha patriarxal və ənənəvi münasibət, hətta prosedurun sadəliyi və ucuzluğu da var.
“Bu problemlərdən çoxunu ailə psixoloquna, həkimlərə müraciət edərək, hüquq-mühafizə orqanlarının köməyilə və ilk növbədə ailə və nikah nüfuzuna, ailə münasibətlərinin və ənənələrin möhkəmləndirilməsinə istiqamətlənmiş ictimai və fərdi dəyərlərin formalaşdırılması məqsədilə əhalinin məlumatlandırılması ilə çözmək mümkündür”, – Əfəndiyeva deyir.
Yetkin olmayan ailələr
Erkən nikahlar Azərbaycanın çözülməyən köhnə problemi olaraq qalır. 2019-cu ildə rəsmən 18 yaşı belə tamam olmamış 4 qadın boşanıb. Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan 18 yaşa qədər nikah ancaq valideynlərin razılığı ilə baş tuta bilər. Real rəqəm xeyli daha çox ola bilər, çünki çox vaxt ümumiyyətlə rəsmi nikah olmur və statistika ancaq nikahdankənar doğulan uşaqların sayını “görə bilir”. Yeri gəlmişkən, son zamanlar əsasən erkən nikahların hesabına olmaqla nikahdankənar doğulan uşaqların da sayı durmadan artır.
2019-cu ildə boşananların üçdə biri 30 yaşdan aşağı insanlardır. Nisbətən erkən yaşda nikah Azərbaycanın ənənəvi ailə modelinin bir əlamətidir, bu zaman valideynlər uşaqları üçün həyat yoldaşı seçir, ya da ən azı seçimi “kurasiya” edirlər.
Bu model çox vaxt özü-özlüyündə ailənin dağılmasına səbəb olur. Respondentlərin çoxu boşanmanın mümkün səbəbləri ilə bağlı öz variantları qismində yaşca böyük qohumların müdaxiləsini göstərir. Çox güman ki, məhz müasir dünyanın tələb və imkanlarını yeni evlilərin valideynlər tərəfindən idarə olunduğu Azərbaycanın köhnəlmiş ailə modeli ilə birləşdirə bilməmək bir çox hallarda boşanmaya səbəb olur, çünki kişi və qadının ən başından qərarları özlərinin qəbul etdikləri və məsuliyyət daşıdıqları yeni model sadəcə nəzəriyyədə və eksperiment qismində mövcuddur.
Bakirəlik kultu və boşanmalar
Bakının köhnə disput.az forumunda bu mövzunu şərh edərkən bakılılar faktiki olaraq yeni və köhnə modelin bu mübarizəsini əks etdiriblər. Şərh yazanlardan biri inqilabi fikir səsləndirib ki, cütlük nikahdan əvvəl birlikdə yaşasa daha yaxşı olar (Azərbaycan ailələri üçün bu, qəti tabudur).
“Burada qız ərə getmir, sınağa gedir… Biz nə qədər avropalaşmağa çalışsaq da, belə şeylər bizim normal ailələrimizdə çox nadir hallarda öz təsdiqini tapır”.
“Mən oğlan olaraq hesab edirəm ki, nikah həmişəlikdir. Mən boşanan, ya da xəyanət edən, ya da ayrılıb yenilərini tapan kişilərə alçaq məxluq kimi baxıram. …
Mən psixoloji olaraq “zaqs”a gedib tam ciddi söz verib, sonra da həmin sözü poza bilmərəm. Buna görə də mənə lazım olan qədər sınaqdan keçirəcəm və test edəcəm”.
“Məhz. Siz gah birini, gah ikincisini, gah üçüncüsünü test edəcəksiz. Özünüzə də haqq qazandıracaqsız ki, rəsmi nikah olmayıb, buna görə də məsuliyyətiniz yoxdur. Qız isə artıq istifadə olunub…”
Bu, cütlüklərin uyğun olmamaqlarının aşkar səbəbidir – əksər cütlüklər bir-birlərini ancaq toydan sonra tanıya bilirlər. İkili “namus” standartına görə kişilər istədikləri sayda partnyora sahib ola bildiyi halda, qadının ancaq bir partnyorunun olması çox güman ki, şüurlu nikah qurmağa mane olur. Bununla belə partnyorların bərabər hüquqlu olduğu qərb modeli cəmiyyətin böyük hissəsi tərəfindən əxlaqsızlıq və cinsi pozğunluq hesab edilir. Ailə başçısı kişi və sözəbaxan ev qadınından ibarət və kişinin valideynləri tərəfindən idarə olunan köhnə model isə artıq sıradan çıxmağa başlayıb.