AİHM-nın qərarına rəğmən Qubad İbadoğlu ciddi tibbi xidmətlə təmin olunmur
Qubad İbadoğlunun işi
İki aydan çoxdur Azərbaycanda həbsdə olan müxalif syasətçi və iqtisadçı alim Qubad İbadoğlunun səhhətində yaranan problemlərlə əlaqədar o, çətinliklə hərəkət edir. Bu haqda onun qardaşı Qalib Bayramov Facebook səhifəsində yazıb.
- ABŞ və Aİ Cənubi Qafqazda nə istəyir? Bakıdan baxış
- Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. Bu, nə üçün lazım idi?
- Gürcüstanın Konstitusiya Məhkəməsində prezidentin impiçment məsələsinə baxılır
“Qardaşımın səhhəti ilə bağlı narahatlığımız davam edir. Xüsusilə, şəkərinin normallaşmaması, aortanın anevrizması xəstəliyinin proqressi və səngiməyən onurğa ağrıları ailəmizi ciddi şəkildə qayğılandırır”, – Bayramovun sosial şəbəkədəki paylaşımında deyilir.
Onun sözlərinə görə, sentyabrın 3-də Qubad İbadoğlunun toxluq şəkəri (yeməkdən 2 saat sonra) 380 mg/dl, bugün, sentyabrın 4-də isə 334 mg/dl olub. Normanın yuxarı həddi 140-dır.
“Hələ həbsdən öncə Qubad İbadoğlunu həkimlər onurğasındakı problemlə əlaqədar fizioterapiyaya göndərmişdi. Lakin həbs olunduğuna görə bu prosedur həyata keçirilə bilmədi. Kəskin ağrılardan əziyyət çəkdiyi üçün gündə üç dəfə ağrıkəsici qəbul edir”.
Bayramov həmçinin bildirib ki, Qubad İbadoğlunun səhhətindəki ən ciddi problem onun ürəyi ilə bağlıdır. O xatırladıb ki, hətta buna görə Avropa İnsan Haqları Məhkəməsi sentyabrın 20-də qərar qəbul edərək, Azərbaycan hökumətinin üzərinə öhdəlik qoyub. Qərara əsasən, Qubad İbadoğlu daha ciddi müayinə olunmalı, analizləri götürülməli, nəticə haqda Avropa Məhkəməsi də məlumatlandırılmalıdır:
“Qardaşımın ürəyində olan aortanın anevrizması çox ciddi xəstəlikdir. Ona görə Avropa Məhkəməsinin qərarında göstərilib ki, dərindən müalicə və analiz olunmalıdır. Lazım gəlsə, ixtisaslaşmış müayinə üçün uyğun klinikaya aparılmalıdır. Lakin sentyabrın 20-də qərar çıxarılandan bu yana heç bir addım atılmayıb”, – deyə Bayramov Meydan TV-ə bildirib.
Qardaşıyla oktyabrın 3-də telefonla danışdığını deyən Qalib Bayramovun sözlərinə görə, Qubad İbadoğlunun təzyiqi və şəkəri də əvvəlki kimi yüksəkdir. Hərçənd, Bakı İstintaq Təcridxanasında onu müayinə edən həkimlər təzyiqin normada olduğunu bildirirlər.
Qubad İbadoğlunun özü də onun lazımi müayinədən keçirilməməsi və ehtiyacı olan tibbi yardımın göstərilməməsi haqda şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılanda demişdi ki, istintaq təcridxanasında həkimlər təzyiqini ölçəndən sonra özü də kameradakı təzyiqölçən aparatla bir daha ölçür və arada kəskin fərq yaranır:
“Bu məsələ hətta lətifəyə çevrilib təcridxanada. Hər dəfə ölçəndə deyirlər ki, guya qardaşımın təzyiq göstəricisi 110-70 və ya 120-80-di. Halbuki, ürəyində o cür problem olan adamın təzyiqi belə qaydasında ola bilməz. Dünən (oktyabrın 3-də) onunla danışanda dedi ki, şəkəri 370-di”.
ADR sədrinə lazımi tibbi yardım göstərilməməsilə əlaqədar Nərimanov Rayon Məhkəməsinə müraciət edilsə də, şikayət təmin olunmayıb. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən bildirilib ki, bütün müayinə və tibbi yardımlar həyata keçirilib.
Nərimanov Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verilib.
Nə baş verib?
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan beş nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub.
Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. İyulun 24-də Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.
İbadoğlu verilmiş ittihamla özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.
İki həftə sonra, avqustun 8-də Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İstanbulda yaşayan və işləyən daha bir iqtisadçı alim Fazil Qasımovu saxlayıb Azərbaycan hökumətinə təhvil veriblər. Rəsmi məlumata görə, o, Qubad İbadoğlunun işi üzrə həbs edilib və ona da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Human Rights Watch və Human Rights House kimi nüfuzlu beynəlxalq strukturlar, bir sıra Qərb və Avropaölkələrinin Azərbaycandakı səfirlikləri Qubad İbadoğlunun azadlığa buraxılması çağırışı ilə Azərbaycan hökumətinə müraciət ediblər.