AİB Ermənistanda “müqəddəs inək” statusunu itirir
Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması, buna paralel olaraq da NATO və Aİ ilə münasibətlərin möhkəmləndirilməsi mövzusu Ermənistanda artıq marginal mövzu kimi qəbul edilmir və fəal müzakirə olunur. Bu yaxınlara qədər Avrasiya mövzusu Ermənistanda “müqəddəs inək” hesab olunub.
Mövzunu “Yelk” (tərcüməsi “çıxış”) fraksiyasının liderlərindən biri olan Edmon Manukyan “işə salıb”. O bildirib ki, Ermənistan AİB-dən çıxmaq barədə qərar verməli və Aİ ilə Assosiasiya haqqında yeni danışıqlara başlamalıdır.
Eyni fraksiyadan olan deputat Mane Tandilyan Ermənistanın AİB-i tərk etməli olmasının bir sıra səbəblərini göstərib: Avrasiya Birliyi Ermənistan iqtisadiyyatına heç bir xeyir gətirməyib; Ermənistanın strateji tərəfdaşı olan Rusiya Azərbaycana silah satmaqda davam edib; AİB-ə üzvlük Ermənistanın azad və müstəqil dövlət kimi özünüdərkini məhv edib.
Ermənistanın “İrs” partiyası Ermənistan-Rusiya qaz müqaviləsini yenidən nəzərdən keçirmək çağırışı ilə çıxış edib. Bundan əlavə, Ermənistanda NATO-ya üzv olmaq və yeni təhlükəsizlik zəmanətləri axtarmaqla bağlı da birbaşa çağırışlar səslənməyə başlayıb.
Ermənistanın hakim Respublika Partiyasının (ERP) nümayəndələri Ermənistanın AİB və KTMT-dən başqa alternativi yoxdur desələr də , ən azı bu diskussiyalarda iştirak etməyə başlayıblar.
Erməni analitiklərinin qeyd etdiyi kimi, ERP Rusiyaya Ermənistanda alternativsiz Rusiya yönlü vektorla bağlı əvvəlki həmrəyliyin olmadığını nümayiş etdirmək istərdi. ERP bu yolla Rusiya ilə alverdə kozır əldə etmək istərdi, digər tərəfdən də arqumentlərin azlığı ERP-ya loyallığının müqabilində az şey “verən” Moskva üçün bir tənədir.
İqtisadi faydalar – blef yoxsa reallıq?
Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olandan sonra sərhəddə qaz tarifləri istehlakçılarımızın xeyrinə dəyişib, Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov bildirib. Bu zaman da o qeyd edib ki, Ermənistan digər dünya mərkəzləri ilə də əməkdaşlığını kəsmir. O əlavə edib ki, ABŞ-la enerji əməkdaşlığının bariz sübutu Vorotan su kaskadı ilə bağlı müqavilə ola bilər.
Xatırladaq ki, Ermənistan Vorotan su kaskadını Amerikanın “Kontur qlobal” şirkətinə satıb, təşkilat hələ də azad rəqabətə girmək üçün Ernənistanın enerji bazarının liberallaşdırılmasına nail ola bilmir. Bu da məhz onun bariz nümunəsidir ki, Rusiyanın dövlət korporasiyaları tərəfindən iqtisadiyyatın inhisarlaşdırılması Ermənistan iqtisadiyyatının inkişafını məhdudlaşdırır.
Ermənistan analitikləri AİB-ə üzvlüyə iqtisadi fayda ilə bəraət qazandırmağa çalışan hakimiyyət nümayəndələrini fəal şəkildə ifşa edir. Ən səthi faktçekinq bunun əksini sübut edir – Ermənistan AİB-ə üzvlükdən təkcə Aİ-dən iqtisadi preferensiyaları deyil, həm də Gürcüstan və İranla əlaqələrdə gömrük imtiyazlarını itirib.
Zorakı və ya könüllü ittifaq?
Bəs əgər hakimiyyət belə AİB və KTMT-də üzvlüyün üstünlüklərinə dair aydın arqument tapa bilmirsə, ölkəni bu qurumlarda saxlayan nədir? Burada iki amil var. Birinci – Ermənistanın siyasi elitasının dəfələrlə Ermənistanda asanca “hakimiyyəti dəyişə” biləcəyini sübut edən Kremldən asılılığı. İkinci – artıq təhdid və şantajla hərəkət etməyə başlayan Moskva tərəfindən təzyiqin gücləndirilməsi.
Elə bu günlərdə Qırğızıstan prezidenti Almazbek Atambayev etiraf edib ki, “bir ölkə” Qırğızıstanı raket zərbələri ilə təhdid edib, o vaxt Manas beynəlxalq hava limanında Amerika bazası yerləşirdi. “Bəzi ölkələr mənə dedi ki, raketləri Amerika obyektlərinə yönəldəcəklər, qırğızıstanlılar da bundan zərər çəkəcək”, – Atambayev deyib. O dəqiqləşdirib ki, bu, 2014-cü ilə, Amerika bazası respublikadan çıxarılana qədər davam edib.
Ermənistan parlamentinin spiker müavini Eduard Şarmazanov da dolayı yolla Rusiya tərəfindən təzyiq faktını etiraf edib. Gürcüstan və Ermənistanda turizmin inkişafından danışarkən o deyib ki, ola bilsin, Gürcüstan daha az turistlərinin olmasını, amma torpaqlarını itirməməyi üstün tutardı. Ermənistanda bunu etiraf kimi qəbul etdilər: Rusiya Ermənistanın AİB-ə daxil olmaqdan imtina etməsi halında onu ərazi itkisi ilə təhdid edib.
Bəs doğrudanmı Rusiya Ermənistanı təhdid edib? Və Ermənistan AİB-ə üzv olmaqdan imtina etsəydi Moskva nə edə bilərdi? “Rusiya Ermənistandan ərazini ala bilməzdi, o, Artsaxı Azərbaycana verə və Aprel müharibəsindən daha betərini təşkil edə bilməzdi”, – Lragir.am-ın analitiki Akop Badalyan belə hesab edir. O düşünür ki, Ermənistan hakimiyyəti AİB-ə sırf öz xeyrinə görə daxil olmağa razı olub.
Əks reaksiya
Maraqlıdır ki, ERP nümayəndələrinin Avrasiyaya inteqrasiya ilə bağlı “ümidverici bəyanatları” ilə birlikdə Rusiya Ermənistanda hətta əvvəlki tərəfdarlarını da itirməyə başlayıb. Bu, ən müxtəlif faktlarda özünü göstərir. Misal üçün, bu il Yerevan Dövlət Universitetində rus dili və ədəbiyyatı fakültəsi 40 yerə bir dənə də ərizənin verilmədiyi yeganə fakültə oldu.
Ümumilikdə, Rusiyanın həddən ziyadə təzyiqi və Ermənistan hakimiyyətinin total Avrasiya loyallığı Ermənistanda əks reaksiya verir, bu hissi həm Azərbaycana Rusiya silahının satılması, həm də Rusiyanın Ermənistanda rus dilinə rəsmi dilin verilməsi ilə bağlı “ədəbsiz” təklifləri gücləndirir.
Hələlik Ermənistan Rusiya ilə münasibətlərdə aşağıdakı “qırmızı xətləri” müəyyən edib: Ermənistanda ancaq bir dövlət dili ola bilər – erməni dili və ikincisi, prezident Serj Sarkisyanın dediyi kimi, hələlik Rusiyanın Azərbaycana silah satmasından dəhşətli heç nə baş verməyib. Amma baş versə…
ABŞ və Avropa İttifaqının fəallaşması
Avrasiya blefinin ifşa edilməsinə paralel olaraq Ermənistanda ABŞ və Avropa İttifaqı fəaliyyətə keçiblər. ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bildirib ki, Ermənistanın bərpa olunan enerji sahəsində ABŞ şirkətləri tərəfindən 8 milyard dollar həcmində sərmayələr gözlənilir. Bu, büdcəsi 4 milyard dollara ancaq çatan Ermənistan üçün çox böyük bir məbləğdir. Fransa və Almaniya da Ermənistanın enerji sahəsinə sərmayə qoymağa hazır olduqlarını bildiriblər.
Aİ-nin Ermənistandakı nümayəndə heyətinin başçısı, səfir Pyotr Svitalski Ermənistanı ölkədə bərpa olunan günəş enerjisinin istifadəsini stimullaşdırmağa çağırıb və bildirib ki, “Aİ Ermənistanda çox şeyi onun enerji asılılığının aradan qaldırılmasına kömək etmək məqsədilə edir”.
Ermənistan hakimiyyəti bu təkliflərə konkret cavab verməyib. Bunun əvəzində prezident səviyyəsində bildirilib ki, Ermənistan ABŞ-la yüksək texnologiyalar sahəsində əməkdaşlığı alqışlayardı. Ermənistandakı ekspertlər qeyd ediblər ki, Ermənistan Rusiya tərəfindən demək olar ki, inhisar altına alan enerji sahəsinə Qərb kapitalını “buraxa bilmir”.
Eyni zamanda NATO fəal şəkildə Ermənistanla əməkdaşlıq etməyə с çalışır. Son bir ay ərzində erməni hərbçiləri NATO-nun iki iri təlimində iştirak edir. Təlimlər zamanı Rumıniyada Rusiyanın mümkün təcavüzünə müqavimət tədbirləri görülür, Gürcüstanda da tezliklə başqa təlimlər başlayacaq, bu təlimlər də Rusiya təhdidi ilə bağlı olacaq.
Alternativ varmı
Parlamentin sədr müavini Eduard Şarmazanov bildirir ki, Ermənistan iqtisadiyyatı AİB üzvləri ilə daha sıx bağlıdır “və mallarımız AİB bazarında rəqabət qabiliyyətlidir”. “Nə KTMT, nə də AİB-in alternativi yoxdur. Biz bu birliklərə kiminsə xoşuna gəlmək üçün deyil, dövlət maraqlarımıza xidmət etmək üçün üzv olmuşuq”, – deyə o bildirib.
Bununla belə, “İrs” partiyasının bəyanatında qeyd olunduğu kimi, Ermənistan həm İran, həm də bərpa olunan mənbələrin simasında enerji alternativinə malikdir. “ABŞ və Aİ-nin Ermənistanın enerji sahəsinə sərmayələrlə bağlı təklifləri təkcə enerji təhlükəsizliyi deyil, həm də iqtisadi inkişafın zəmanətidir”, – bəyanatda deyilir.
Gümrili politoloq Qaqik Ambaryan Rusiyanı Gümridəki 102-ci bazanın xərclərini öz üzərinə götürməyə vadar etməyə təklif edir. “Qırğızıstandakı Manas kimi, Ermənistan da deyək ki, Arznidəki aeroportu NATO-nun kiçik bazası üçün ayıra bilər”, – Ambaryan deyib.
Serj Sarkisyan ona etiraz edir “Bəs Qərblə daha sıx münasibətlər mümkündürmü və məgər NATO-da bizi qucaqlarını açaraq gözləyirlər?” – o, Ermənistan kanallarından birində, “R-Evolyusiya” televiziya verilişində deyib.
Rusiya-Ermənistan münasibətlərində böhran
Politoloq Qaqik Ambaryan Ermənistan-Rusiya münasibətlərini fars adlandırır. “Strateji tərəfdaş düşmənimizə silah sata bilməz. Bundan başqa, Rusiya inhisarçılarının Ermənistan bazarında olması talançılıq xarakteri alır. Qaz sahəsində, dəmir yolları sahəsində əsl talançılıq baş verir. Bizim bütün strateji obyektlərimiz – nəqliyyat, enerji, rabitə – Rusiyaya məxsusdur.
Biz ona öz təhlükəsizliyimizi etibar etmişik, hətta Gümridəki Rusiya bazasında kommunal xərcləri, həm də Ermənistanda Rusiya sərhəd qoşunlarının xərclərinin yarısını ödəyirik. Halbuki ruslar özünün Suriya, Tacikistan, Qazaxıstan, Qırğızıstandakı hərbi bazalarına görə icarə haqqı ödəməli olurlar. Biz Gümridəki bazaya nəhəng sahələr təqdim etmişik, bazanın əsgərləri isə şəhər əhalisi üçün əsl faciəyə çevriliblər”, – o hesab edir.
Bununla belə politoloq Levon Şirinyan qeyd edir ki, Rusiyanın təzyiqi əks nəticə verib: “Mənə elə gəlir ki, onlar ermənilərin ictimai təfəkküründə transformasiyanın baş verməsindən qorxurlar ki, bu da elə onların siyasətinin nəticəsi olub. Aprel müharibəsindən sonra, hətta beşinci kolonna kömək etməyəndə onlar gördülər ki, gənc nəsil özünü dövlətçilik və suverenlik ideyalarına həsr etməyə hazırdır. Bu, çox vacib psixoloji aktdır. Onlar üçün psixoloji suverenləşmə qorxulu yuxudur”.
Bununla belə çətin ki, Ermənistanın siyasi qüvvələri indiki mərhələdə AİB-dən çıxmağa cəhd etsin, halbuki “Avrasiya İqtisadi Birliyi haqqında müqavilə” bu imkanı verir.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.