Ağdamda qardaşının məzarını axtararkən
Ağdamda qardaşının məzarını axtararkən
Azərbaycanlılardan ibarət qrup Qarabağdakı erməni yaşayış məntəqələrinə bitişik məzarlığı ziyarət edib
Əlif oğlu qardaşları üç nəfər olublar. Onlardan biri sülhə çağırırdı, birinin məzarı dağıdılıb, üçüncüsü isə bu hekayəti bizə danışdı.
Havanın yağışlı və soyuq olmasına baxmayaraq, Şahlar Əlif oğlu bizi maşında oturub gözləmir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına keçmiş Ağdamın keçid postunda xidmət edən polislərlə birlikdə dayanıb. Narahatdır. 30 ildən sonra qardaşının məzarını ziyarət edəcək. Həm kədərlidir, həm də sevinir.
Sevinir ki, başqalarından fərqli olaraq qaraşının məzarının yeri bilinir. Kədərlənir ki, 30 il bundan əvvəl qoyub getdiyi evinin, doğma şəhərinin ancaq xarabalığı qalıb…
- “Azərbaycan niyə çağırışlara qulaq asmalıdır?” Bakıdan şərh
- Laçın dəhlizində etiraz aksiyası nə
- “Yorğan davası davam edir”. Laçın dəhlizində aksiyanın beşinci günü
Əsgəran, Xramord, Xanabadın yaxınlığında
44 günlük müharibədən sonra Ağdamın Qarağacı qəbiristanlığında olmaq, oranın durumunu öz gözlərimlə görmək üçün çox çalışırdım. Həm mina təhlükəsinin olması, həm də erməni yaşayış məntəqələrinə yaxın yerləşməsi bu əraziyə giriş üçün xüsusi icazə tələb edirdi. Bu səfər baş tutdu.
Əvvəlcə qəbiristanlığın yerləşdiyi məkan barədə.
Qarağacı qəbiristanlığı Ağdamın mərkəzi qəbiristanlığıdır. Amma ermənilərin yaşadığı Əsgəran, Xanabad və Xramord yaşayış məntəqələrinə daha yaxındır. Bu da hər iki xalq üçün psixoloji gərginlik yaradır.
Münaqişə müharibə mərhələsinə keçən zaman bu qəbiristanlıq cəbhə xəttinə çevrildi. Belə gərgin və çətin yerdə yerləşməsinə baxmayaraq, 1992-ci və hətta 1993-cü ildə burada dəfn mərasimləri keçirilirdi.
Üzərində xüsusi işarə olan qara mərmər
Ağdamda müharibəyə qədər olan dövrdə, son 20 ildə vəfat edənlərin əksəriyyətinin məzar daşları ağ və ya qara mərmərdən hazırlanırdı. İndi bu məzar daşlarının heç biri qalmayıb.
Gördüyümüz bu mənzərəni sözlə təsvir etmək çox çətindir. Bizi bu səfərdə müşayiət edən molla Ağa Rövşən də dağıdılmış bu məzarlıqda atasının məzarını tapa bilmədi.
Qəbiristanlığı gəzərkən rast gəldiyim yeganə qara mərmər başdaşı Kamal Əlif oğluna məxsusdu. Məzar daşının üzərində elektrik işarəsi var idi. Kamal Əlif oğlu maşın ustası olub və elektrik cərəyanı vurması nəticəsində vəfat edib. Buna görə də onun məzar daşında belə bir işarə qoyulub. Bu məzar daşının fotosunu elə oradan mərhumun qohumlarına göndərdim…
İlk sülh qurucusu
Kamal və Şahların qardaşlarından biri də İbrahim Əlif oğlu idi. Orta və yaşlı nəslin nümayəndələri ötən səksəninci illərində yenidənqurma dalğasının SSRİ mərkəzi televiziyasında əks-sədası olan Genrix Borovikin müəllifi olduğu “Mövqe” proqramını yəqin ki, xatırlayır. Bu proqramın 1988-ci ildə efirə gedən, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş buraxılışında maraqlı bir məqam vardı.
Ağdam sakini İbrahim Əlif oğlu Boroviki erməni kəndi olan Xanabada qonaq aparır. Bildirir ki, biz o kəndə gedəndə heç zaman xəbərdarlıq etmirik, çünki orada bizi doğma insanlar kimi qəbul edirlər. Elə belə də olur. İbrahim Əlif oğlu qonaq olduqları evin sahibəsi ilə zarafat edir və bütün bunlar lentə alınır.
İbrahim Əlif oğlu indiki anlamda ilk sülh qrucularından idi. Amma onun bu cəhdləri uğurla nəticələnmədi.
Müharibənin başlamasına mane olmaq istəyən İbrahim Əlif oğlunun övladı Nazim bu qanlı müharibənin qurbanı oldu. O, Ağdamın kəndləri uğrunda gedən döyüşlərdə həyatını itirdi.
Qayıdış
İndi bütün Ağdam sakinlərini bir sual düşündürür: Biz doğma şəhərimizə nə vaxt qayıdacağıq?
Çətin sualdır. Vaxtaşırı hökumət rəsmiləri müəyyən tarixlər səsləndirir. Amma bunların dəqiq tarix olması mübahisəlidir.
Şahlar Əlif oğlu da Ağdama nə vaxt qayıdacağı, buna ömrünün çatıb-çatmayacağı haqda düşünür.
Amma bu gün ən vacib məsələ çox az adamın gündəmindədrir: Biz ermənilərlə yanaşı yaşamağa hazırıqmı? Bu yaşayış necə olacaq?
Yolüstü söhbət
Qarağacı qəbiristanlığından geri qayıdanda hər bir sadə vətəndaşı düşündürən bu suallara cavab tapmaq üçün Şahlar Əlif oğlu ilə həmsöhbət olduq.
– Qardaşınızın məzar daşının şəklini görəndə nə fikirləşdiz?
-Həm sevindim, həm o illərə qayıtdım.
– Qəbiristanlığa girəndə nə yaşadız?
– Nəsə deyə bilmirəm. Buranın vəziyyətini görəndə adam bilmir ki, nə fikirləşsin. Hələ mənim qardaşımın, digər doğmalarımın məzarının yeri bəllidir.
– Demək məzarın yerinin bəlli olması təskinlikdir?
– Əlbəttə.
– Qəbiristanlığa girəndə, bu vəziyyəti görəndə nə fikirləşdiz?
– (Uzun pauza) Adam heç bilmir nə fikirləşsin…
– Müharibədən əvvəl ermənilərlə təmaslarınız olurdumu? Erməni tanışınız var idimi?
– (Gülümsəyir) Niyə yox idi… Əlbəttə ki, var idi.
– Qardaşınız İbrahimin “Mövqe” verilişindəki çıxışı çox səs-küyə səbəb olmuşdu…
– Onda vəziyyət elə idi. Bizim hamımızın o vaxt ermənilərlə əlaqələri olurdu. Rəhmətlik Kamalın da çox erməni tanışları bar idi.
Bu yerdə Kamalın oğlu Hamlet də söhbətə qoşulur:
– Atamın xeyli erməni şagirdləri var idi. Qarabağda ermənilərdən nə qədər yaxşı maşın ustası var idisə, hamısı atamın şagirdi olmuşdu. Atam öləndə biz uşaq idik. Müharibədən sonra da Rusiyada atamın şagirdlərindən bizimlə maraqlananlar olub. Maraqlanıblar ki, Kamalın uşaqları hardadır, necədilər? Çünki onlar atamdan öyrəniblər sənəti. O çörəyi yeyirlər.
– Bəs niyə belə oldu?
Bu sualıma Şahlar cavab verir:
– Biz onlara nə deyirdik ki, yaxşı, mehriban yaşayırdıq. Elə bayaq özünüz dediniz ki, İbrahim necə ərklə Xanabad kəndinə getmişdi.
– Budur da həmin Xanabad kəndi. (Xanabad kəndi Qarağacı qəbiristanlığından çox aydın görünür). Yəqin biz oranı gördüyümüz kimi, oradan da bizi görürlər.
Şahlar gülümsəyir.
Bu zaman bizi müşayiət edən operatorumuz qəbiristanlığın arxasında müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının zirehli texnikasının hərəkət etdiyini bildirir və onu lentə alır.
– Bu gün köhnə erməni tanışlardan kiminləsə görüşmək istərdiz?
– İndi çətindi.
– Nə mənada çətin?
– Mən burada qardaşımın məzarının yerini dağılmış da olsa tapdım. Düzü, buna ümidim də yox idi. Sağ olun ki, belə bir şəraiti yaratdınız. Amma elə adamlar var ki, atasının, anasının məzarını tapa bilmir. O adamlara necə izah etmək olar ki…
Bizə abunə olun нас — Twitter | Facebook | Telegram | Instagram | Youtube