Adi dolunun fövqəladə nəticələri
İnsanlar sahələrini tapa bilmir
Lernamerdz icmasının aqronomu Qraçik Muradyan kəndin bütün kənd təsərrüfatı sahələrini tanıyır və nəyin harada əkildiyini yaxşı bilsə də, indi harada dənli, harada bostan bitkilərinin bitdiyini çətinliklə seçir. O hətta özünün dənli bitkilər əkdiyi sahəni də tapa bilmir. Bağlarda meyvələrin mövcudluğunu anlamaq üçün isə ağacları yaxından nəzərdən keçirməli olur.
Bir neçə gün əvvəl yağan dolu məhsulu məhv etməklə yanaşı, bitkilərin özünə də ciddi zərər yetirdi. Bəzi yerlərdə külək ağacların yarpaqlarını, başqa yerdə isə ağacların özünü kökündən qopardı. Demək olar ki, bütün üzüm məhsulu məhv oldu.
Fəlakətin miqyası
İyulun 10-da axşam və bütün növbəti gün Armavir vilayətində güclü küləklə müşayiət olunan qoz boyda dolu yağdı. Nəticədə rayonun təxminən 40 icması məhsulunun 70-100 faizini itirdi.
Kənd sakinləri üçün dolunun yağması tamamilə gözlənilməz oldu. Bu, demək olar ki, bütün bitkilərin məhsul yığımı həyata keçirilən iyul ayında tamamən gözlənilməz hadisədir. Dolu, həm də bu cür dağıdıcı dolu təhlükəsi adətən mayda olur. Məsələn, 2013-cü il mayın 12-də olduğu kimi.
Təbii fəlakət mayda baş verəndə, vəziyyəti düzəltmək, yəni yenidən nəsə əkmək mümkün olur. Bu il artıq heç nə etmək mümkün olmayacaq, çünki gün dönümündən sonra növbəli əkin baş tutmur.
Yağan dolunun coğrafiyasından kəndlilər belə nəticəyə gəliblər ki, fəlakət doluya qarşı mübarizə qurğularının olmadığı və ya az olduğu yerlərdə olub. Onlar deyirlər ki, doluya qarşı mübarizə qurğuları zərərin həcmini iki dəfə azalda bilərdi.
2013-cü ildə yağan doludan sonra
Üç il əvvəl, dolu 47 icmanın bütün təsərrüfatını məhv edəndə, doluya qarşı mübarizə stansiyalarının quraşdırılmasına ehtiyac yarandı. Ötən illərin təcrübəsi göstərdi ki, dolu buludları Armavir rayonuna qonşu Türkiyədən gəlir, buna görə də rayonun cənub sərhədində doluya qarşı mübarizə stansiyalarının quraşdırılması haqqında qərar verildi.
2013-cü ildə Armavir rayonunda doluya qarşı mübarizə qurğularının sayı iki dəfə artaraq, 172-yə çatdırıldı. Amma bu günlərdə fəlakət təkrar oldu, dolunun yağdığı ərazilərin coğrafiyası isə genişləndi.
Qurğular niyə zərbəni uzaqlaşdıra bilmədi
Armavirin qubernatoru Aşot Kaqramanyanın sözlərinə görə, birincisi, doluya qarşı mübarizə qurğularının effektivliyi 50-60% təşkil edir, rayonun bütün ərazisi üçün isə 4 min qurğu lazımdır. Bundan əlavə, doluya qarşı mübarizə stansiyaları, keçmiş təcrübədən çıxış edərək, cənub sərhədi perimetri boyu quraşdırılıb, bu dəfə isə qara buludlar rayona ən az qorunan istiqamətdən, şimaldan daxil oldu.
Dolu külək və leysanla müşayiət olunurdu
2012-ci ildə rayonun 12 icmasının kəndli təsərrüfatları leysan və yağış suları altında qalanda, proqram işlənib hazırlanaraq, leysan kanalizasiyasının təmiri üçün əlavə vəsaitin axtarışı başlanıldı.
Dörd il sonra tarix təkrar olundu: əkin sahələrini yenidən leysan suları basdı. Bu il də ötən illərdə olduğu kimi, ən çox beş icma, o cümlədən də Aknaliç icması zərər çəkdi. İcma rəhbəri Qevorq Mikasyanın sözlərinə görə, bütün bu müddət ərzində məsələ hökumətdə müzakirə olunub.
Onda olan məlumata görə, bu məqsəd üçün vəsait ayrılıb, amma drenaj sistemi qaydasına salınmayıb. Nəticədə də hər dəfə leysandan sonra sistem yararsız vəziyyətə düşür, kəndli təsərrüfatlarını da su basır.
Armavir qubernatoru Aşot Kaqramanyan da leysan kanalizasiyasının illərlə təmizlənmədiyini təsdiq edir, amma problem hökumətin diqqət mərkəzindədir, tədqiqatlar aparılır, sistemə qulluq üçün lazım olan vəsaitin həcmi hesablanır.
Kəndlilər tələb edir
Zərər çəkən icmaların kəndli təsərrüfatlarının 90%-i kredit götürüb. Bu gün də bu adamlar öz ailələrini dolandırmaqla yanaşı, banklara götürdükləri kreditlərin faizini ödəməlidirlər.
Misal üçün, Qraçik Muradyan 3 hektarlıq sahədən aldığı dənli bitkilərin məhsulunun gəliri ilə 12 nəfərlik ailəsini dolandırır. Pulu qış aylarında dolanmağa, yazda isə sahələrdə lazımi tədbirləri görməyə çatırdı. İndi isə heç bir gəlir olmadan kənd təsərrüfatı kreditini ödəməli olacaq.
Kəndlilərin hamısı bir səslə deyirlər ki, problemi ancaq dövlətin dəstəyilə həll etmək mümkündür, əks halda məhkəmələr bankların əmlakın müsadirəsi ilə bağlı ərizələrini nəzərdən keçirib, çatdırmayacaqlar.
İnsanlar kreditlərini dondurmağı və zərər çəkmiş bağların bərpası üçün yeni kreditlərin təqdim olunmasını tələb edirlər. Bundan başqa kəndlilər istəyirlər ki, hakimiyyət onları bu il üçün torpaq vergisindən azad etsin və suvarma suyuna görə borcu silsin.
Armavir qubernatorunun sözlərinə görə, sakinlərin tələbləri haqlıdır. Bununla bağlı xüsusi komissiya yetişdirilən bitkiləri nəzərə alaraq, hər bir təsərrüfatın zərərinin həcmini müəyyən etməklə məşğuldur. Bundan əlavə, icma başçılarına ən qısa müddətdə kəndlilərin kreditlərinin növlərini və ölçülərini dəqiqləşdirmək tapşırılıb. Qubernatorun sözlərinə görə, hökumət ancaq bu suallara cavab tapandan sonra yekun qərar verə biləcək.
Hökumətin mövqeyi
Hökumətdə artıq təbii fəlakətin vurduğu ziyan hesablanıb və onların gələcəkdə qarşısının alınması üzrə ölçülər müzakirə olunub. Maddi ölçü ancaq qabaqlayıcı məqsədlə 28 doluya qarşı qurğunun alınmasına 104 milyon dramın (təxminən 220 min dolların) ayrılması haqqında maddə oldu, bunlardan 22-ni Armavir rayonunda quraşdıracaqlar.
Zərər çəkən təsərrüfatlara yardım məsələsi hələ də müzakirə olunur. Kənd təsərrüfatları kreditlərinə gəlincə, hökumət Mərkəzi bankdan kreditlərin ödənilməsini ən azı bir il müddətinə təxirə salmaq üçün kommersiya bankları ilə danışıqlara başlamağı xahiş etdi.
Dərc edilib: 28.07.2016