Acariyada birdwatching. Quşlar turistləri necə cəlb edir
Avqustun ikinci yarısından oktyabrın ortasına qədər Acariya səmasında 10 kilometrlik dar miqrasiya koridoru ilə milyonlarla quş isti ölkələrə yönəlir.
İçlərində nadir yırtıcılar olan 35-dən çox quş növü. Onlar Afrika tərəfə qışlamağa gedir və öz yollarında çox sayda çətinliklə qarşılaşır.
Bu günə qədər də heyrətamiz fenomen olan quşların miqrasiyasının öyrənilməsi üçün Acariyaya yüzlərlə turist, mütəxəssis və sadəcə heyvanlar aləmini sevənlər gəlir. Onlar özlərini birdwatcher (quşları müşahidə edən) adlandırır və səmada quşların miqrasiyasının unikal dəhlizini kəşf etdikdən sonra artıq onuncu ildir ki, Acariyaya gəlirlər. Bura dünyada miqyasına görə, Meksika və Kosta-Rikadan sonra quşların uçuşu üçün üçüncü ən böyük dəhlizidir.
Birdwatcher-lər Gürcüstana elm və biliklə yanaşı pul da gətirir – quşların müşahidə edilməsi Qara dəniz regionunda inkişaf etməkdə olan turizm sahələrindən biri sayılır.
Milyon köçəri quş
Acariya üzərində arıyeyən. Foto: Acariya Turizm Departamenti
Səhər saat 7-dir. Müşahidə üçün platforma tədricən alimlər, turistlər və həvəskar-könüllülərlə dolur. Onlar binokl və fotoaparatlarla silahlanıb, daha öncə seçdikləri yerlərini tuturlar.
Səmanı çox saatlıq müşahidə prosesi başlayır. Və heç kim bu günün uğurlu olub-olmayacağını bilmir.
Bura yığışanlar köçəri quşları müşahidə edir.
Quşların ən böyük müşahidə məntəqəsi Saxalvaşoda yerləşir
Acariyada bir neçə müşahidə məntəqəsi var – Çaisubani kəndində, Mtiral milli parkı, İspani bataqlığı və Çoxori deltası. Əsas məntəqə isə Batumidən 20 dəqiqəlik yolda yerləşən Saxalavaşo kəndindədir. Yayın sonları və payızın əvvəllərində dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşən müşahidə platforması bütün digər xarici dillərdə daha az, bəlkə də ancaq ingilis dilində danışığın eşidildiyi kiçik adanı xatırladır.
17 avqustdan 17 oktyabra qədər quşların köçünü müşahidə etmək üçün Gürcüstana, daha doğrusu, məhz Acariyaya xüsusi texnika və böyük çantalarla minlərlə turist gəlir.
Saxalvaşo kəndi ingilis və ya hər hansı başqa xarici dilin səsləndiyi balaca bir adaya bənzəyir
Belçikalı İohaness Yansen Acariyada ən təcrübəli birdwatcher-dir. O bura birinci dəfə 11 il əvvəl gəlib, o vaxtdan bəri də bir köçü belə qaçırmayıb. 2010-cu ildə o dostları ilə birlikdə Batumi Raptor Count (BRC) beynəlxalq ekoloji təşkilatını yaradıb və Acariyada quşların köçü ilə artıq peşəkar səviyyədə məşğul olur.
İohaness Yansen Acariyada ilk birdwatcher-lərdən biridir
O, öz işi ilə bağlı hər şey bilir. Acariyanı da quşları müşahidə etmək üçün unikal yer sayır. Bu il birdwatcher-lər üçün məhsuldar oldu, köç mövsümü uğurlu keçdi. İohanessin özünün dediyi kimi, Batumi köç dəhlizində dünya rekordu qeydə alınıb.
“1591 çöl belibağlısı qeydə almışıq. Bu dünya rekordudur. Çox sayda arıyeyən-qartal və çalağan da varıydı”, – Yansen deyir.
Alınan məlumatlar mütəxəssislərə quşların çoxalmasının monitorinqini aparmaq üçün lazımdır. Dəqiq təsəvvür əldə etmək üçün bir neçə il müşahidə lazımdır. Mütəxəssislər yırtıcı quşlara xüsusi diqqət ayırır. Acariya səmasında 35 adda yırtıcı quş – 5 növ qartal, bayquş, arıyeyən, çalağan, sar, kərkəs və başqalarını görmək olar.
Birdwatching turizm növü kimi
Acariyanın Turizm Departamentində deyirlər ki, son 10 ildə quşların kütləvi köçünü izləmək üçün regionu dünyanın 40 ölkəsindən mindən çox ornitoloq, alim, ekoturist və fotoqraf ziyarət edib.
Adətən kütləvi köç fenomeninə tamaşa etməyə ən çox qonağın gəldiyi Saxalvaşo kəndində perspektivi tez anlayıb, bundan istifadə etməyi bacardılar – bu gün kənddə 20-dən çox ailə mehmanxanası var və onların sayı getdikcə artır.
Ruslan Dalaverdov ailə mehmanxanası açanlardan biridir. 35 yaşlı Ruslan 2011-ci ildən turistləri qəbul edir və o vaxtdan qonaqların yaşayış şəraitini yaxşılaşdırmağa çalışır.
Saxalvaşoda ailəvi mehmanxana sahibi Ruslan Dalaverdov (solda) və onun birdwatcher qonaqları
Ruslanın birinci qonağı belçikalı İohaness olub. Ruslan xatırlayır ki, əvvəllər qonaqlar bir otaqda yerləşməyə çalışır, az pul ödəyirdilər, amma tədricən vəziyyət dəyişdi:
“Elə birinci il mən düşündüm ki, gələcəklə bağlı plan qurmaq lazımdır. Evi təmir etdim. Qonaqlarım da mənə kömək etməyə başladılar – mehmanxananı reklam edirdilər, “Facebook”da təbiət və gürcü yeməklərinin şəkillərini yerləşdirirdilər… O vaxtlar mən hər qonaqdan gündə üç dəfə yemək daxil 19 lari alırdım, bu gün 15 avro alıram, amma qonaqlar indi daha çox komfort tələb edirlər”, – Ruslan deyir.
Aslan Bolkvadze yerli sakindir. Bir neçə il öncə o da yaranmış vəziyyətə düzgün qiymət verib, bələdçilik etməyə başladı. Bu gün o, Saxalvaşoya gələn ekoturistləri qarşılayır, gəlirindən də şikayətçi deyil.
Aslan deyir ki, Saxalvaşoda quşların köçünü izləmək üçün gələn insanların sayında ildən-ilə dinamik artım var, amma bir məqam da var ki, işin inkişafına mane ola bilər.
Hər il Acariya üzərindən 35 növ quş uçur. Bu, şahindir. Foto: Acariya Turizm Departamenti
Yüzlərlə insan öz cihazlarının obyektivi ilə səmanı izlədikləri vaxt atəş səsləri də eşitmək olur – haradasa gizlənmiş ovçu quş vurur.
Qanunsuz ov və mükəmməl olmayan qanunvericilik Acariya üzərindən Afrikaya uçan quşlar üçün əsas maneədir. Gürcüstanda yırtıcı quşların ovu qadağandır. Ekoturistlər və mütəxəssislər də tez-tez ovçularla görüşüb, yırtıcı quşların təbiətdə necə vacib rol oynadığını izah etməli olurlar.
Acariyada ovun qarşısını almağa çalışan bir neçə təşkilat var. Onlardan birinin rəhbəri Aleksandr Ruxaya bir çox ekoturistin brakonyerliyə görə mehmanxananın bronundan və başqa xidmətlərdən imtina etdiyi çoxsaylı hallar xatırlayır.
“Brakonyerlik nəticəsində ildə 10 mindən 30 minə qədər quş tələf olur. Elə turistlər var ki, ovçunun yanında dayanıb özünəməxsus müşahidə aparır. Amma adətən çoxu buna emosional və mənfi yanaşır”, – Aleksandr deyir.
Onun “Sabuko” təşkilatı bütün Gürcüstan üzrə ov monitorinqini həyata keçirir və quşların ovunun aradan qaldırılması yönündə çalışır. Təşkilat üzvlərinin səyləri nəticəsində 2008-ci illə müqayisədə 2015-ci ildə vurulan quşların sayı 80% azalıb.
Arıyeyən Foto: Acariya Turizm Departamenti
Oxşar, qanunsuz ovun qarşısının alınması yönündə BRC də (Batumi Raptor Count) çalışır. Təşkilatın direktoru Folkert de Bur deyir ki, yerli əhaliylə daimi iş aparılır – insanlara başa salınır ki, ekoturizmin artması onların şəxsi rifahını və bütün kəndin əmin-amanlığını yüksəldəcək, amma qanunsuz ovçuluq davam edərsə, ona son qoyulmaza, onda ekoturistlərin əksəriyyəti Acariyaya gəlməyəcək.
Folkert de Bur (solda) artıq 11 ildir ki, hər payızı Acariyada keçirir
“Çaisubani və Saxalvaşoda gecələyən, burada pul xərcləyən turistlər yerli əhalinin bilik səviyyəsini artırmaq yönündə çox şey etməyə çalışırlar. Yerlilər artıq turistlər və ovçuluq arasında seçim etmək lazım olduğunu anlayırlar, ovçuluq davam edərsə, turistlər gəlməyəcək, deməli gəlir mənbəyi də itəcək. Buna görə də ovun “həcmi” əhəmiyyətli dərəcədə azalıb”, – digərləri kimi Acariyada hər payızını keçirən 30 yaşlı hollandiyalı bioloq Folkert de Bur deyir.