“Abzas Media”nın daha bir əməkdaşı həbs edilib
“Abzas Media”da həbslər davam edir
Azərbaycanda “Abzas Media” müstəqil internet nəşrinin həbs edilən əməkdaşlarının işi ilə bağlı araşdırmalar davam edir. Nəşrlə əməkdaşlıq edən iki jurnalist bu gün Bakı şəhər Baş Polis İdarəsində 3 saatdan çox dindirilib. Bundan başqa, saxlanıldığının dördüncü günündə nəhayət ki, Abzas Media-nın direktor köməkçisinin harada olduğu və haqqında həbs qətimkan tədbirinin seçildiyi məlum olub.
- Azərbaycanda son 5 ildə rus sektorunda uşaqların sayı 50 min nəfər artıb
- “Qərb regionda yeni reallıqları qəbul etməli olacaq”. Bakıdan şərh
- “Bizim İvanişvilidən başqa oliqarxımız yoxdur” – Gürcüstan prezidenti Bidzina İvanişvilini açıq tənqid edib
Jurnalistlər şahid qismində dindirilirlər
Bu gün şahid qismində jurnalistlər Sahilə Aslanova və Nərgiz Absalamova ifadə verib. Dindirildikdən sonra həmkarlarına polis şöbəsində zorakılığa məruz qalmadıqlarını, onlara sadəcə həbs olunanlar barədə suallar verildiyini, yalan ifadə verdikləri halda məsuliyyətə cəlb oluna biləcəkləri barədə xəbərdarlıq edildiyini, istintaqın sirlərini yaymamaq haqda iltizam imzaladıqları üçün daha təfərrüatlı açıqlama verə bilmədiklərini deyiblər.
Sabah daha iki jurnalist – Mina Əliyarlı və Elnarə Qasımova, həmçinin “Abzas Media”nın həbs edilən direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva şahid qismində ifadə vermək üçün Başı şəhər Baş Polis İdarəsinə çağırılıblar.
Kekalov ailəsinin tutduğu vəkildən imtina etdiyini bildirib
İctimai fəal və nəşrin əməkdaşı Məhəmməd Kekalov üçün valideynlərinin tutduğu vəkil Rövşanə Rəhimli bu gün həbsindən 3 gün keçəndən sonra onunla görüşə bilib. Vəkilin görüşdən sonra jurnalistlərə verdiyi məlumata görə, Kekalov onun hüquqi xidmətlərindən imtina etdiyini bildirib və ona dövlət müdafiəçisi verildiyini qeyd edib.
“Amma o, imtinanın səbəbini izah edə bilmədi. Sadəcə, heç bir günahının olmadığını, vəkillə təmin edildiyini dedi. Mən ona hüquqlarını izah etdim və qeyd etdim ki, onun bir neçə vəkili ola bilər. Ancaq o, istəmədi. Ailəsinə və dostlarına salam söylədi. Sakit görünürdü. Üzərində heç bir zorakılıq izi görmədim”, – deyə Rövşanə Rəhimli bildirib.
Lakin Kekalovun dostları onun təzyiq altında vəkildən imtina etdiyinə inanırlar.
Eyni ittihamla üçüncü həbs
Bu gün o da məlum olub ki, Kekalov artıq məhkəmə qarşısına çıxarılıb və ilkin istintaq müddətində haqqında 4 aya yaxın həbs qətimkan tədbiri seçilib.
Valideynlərinin sözlərinə görə, Məhəmməd Kekalov noyabrın 20-də mülki geyimli polislər tərəfindən zorla evindən aparılıb. Onunla birlikdə kompüteri, telefonu və digər şəxsi əşyaları da götürülüb. İki gün ərzində vəkil Rövşanə Rəhimova dəfələrlə müxtəlif polis idarələri, eləcə də Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Amma ondan heç bir xəbər ala bilməyib.
Dünən, noyabrın 22-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri jurnalistlərin sualını cavablandırarkən qeyd edib ki, Kekalov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham olunaraq saxlanılıb. Amma onun saxlandığı yerlə bağlı heç nə deməyib. Bu barədə vəkil Rövşanə Rəhimliyə yalnız bu gün məlumat verilib.
Xatırladaq ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli və nəşrin baş redaktoru Sevinc Vaqifqızına qarşı eyni ittihamlarla cinayət işi açılıb. Məhkəmənin qərarı ilə hər iki jurnalist barəsində 4 aylıq ilkin həbs qətimkan tədbiri seçilib.
“Abzas Media” internet nəşri Azərbaycanda tənqidi məqalələri, eləcə də yüksək vəzifəli məmurlar və onların ailə üzvlərinin korrupsiya əməllərilə bağlı araşdırma materialları ilə tanınır.
Bir sıra beynəlxalq təşkilatlar “Abzas Media” əməkdaşlarının həbsini qınayıb
Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar nəşrin əməkdaşlarının həbsini pisləyib və Azərbaycan hakimiyyətini onları dərhal azad etməyə, jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı bütün təqibləri dayandırmağa çağırıb.
Human Rights Watch (HRW) bəyanatında bildirib ki, “Azərbaycan hakimiyyəti araşdırmaları və korrupsiya faktlarını ifşa etməsi ilə tanınan” müstəqil media qurumu olan “Abzas Media”nın rəhbərlərini həbs edib.
“Azərbaycan hakimiyyəti öz tənqidçilərinə qarşı şübhəli cəza xarakterli cinayət ittihamları irəli sürür. Həsənli, Vaqifqızı və Kekalovun həbsləri uzun müddətdir davam edən silsilənin son nümunəsidir və onlar dərhal azad edilməlidir”, – deyə HRW Avropa və Mərkəzi Asiya üzrə direktor köməkçisi Georgi Qoqiya bildirib.
“Freedom Now” təşkilatı da “Azərbaycan hakimiyyətinin repressiv hərəkətlərini” pisləyib:
“Söz azadlığının konstitusiya ilə qorunmasına baxmayaraq, Azərbaycanda media mühiti son dərəcə məhduddur və bu, müstəqil jurnalistləri və bloqerləri özünüsenzuraya əl atmağa və ya hökumətin repressiyaları ilə üzləşməyə məcbur edir”, – təşkilatın bəyanatında deyilir.
“Avropa Şurasına üzv ölkədə buna dözmək olmaz”
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsinin mediaya və vətəndaş cəmiyyətinə qarşı davam edən təzyiqlərlə bağlı bəyanatında deyilir ki, “Son 72 saat ərzində ən azı üç jurnalist həbs edilib və Azərbaycanda müstəqil medianın qalıqları yenidən hücuma məruz qalıb”.
“Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi müstəqil jurnalistlərin – “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəçisi Məhəmməd Kekalovun həbslərini, az əvvəl Qubad İbadoğlunun həbs müddətinin uzadılmasını kəskin şəkildə pisləyir və Azərbaycan hakimiyyətini fəallara və jurnalistlərə qarşı siyasi motivli təqib və təzyiqləri dayandırmağa çağırır”, – deyə bəyanatda qeyd olunub.
AŞPA-nın “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlər” məsələsi üzrə məruzəçisi Hanna Bardell, AŞPA-nın media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi Mogens Yensen və AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Sunna Aevarsdottir “Abzas Media” müstəqil nəşrinin təsisçisi və icraçı direktoru da jurnalistlərin həbsi və pis rəftara məruz qalmaları ilə bağlı bəyanat yayıblar.
Bu, Azərbaycan hakimiyyətinin jurnalistlərə, hüquq müdafiəçilərinə, əslində isə hökumət ssenarisinə əməl etməyən hər kəsə qarşı repressiyasının növbəti nümunəsidir. Avropa Şurasının üzvü olan ölkədə buna dözmək olmaz”, – deyə bəyanatda qeyd olunub.