"Abzas Media işi": Həqiqəti çatdıranlara 59,5 il həbs cəzası
AbzasMedia jurnalistlərinə hökm oxundu
Bu gün Bakıda, “Abzas Media”nın yeddi əməkdaşı haqqında başlayan cinayət işi məhkəmə hökmü ilə yekunlaşdı. Jurnalist və media əməkdaşlarına qarşı “qaçaqmalçılıq” ittihamı irəli sürülünüb, onların 7 il 6 aydan 9 ilədək azadlıqdan məhrum edilməsi barədə hökm verildi.
Hökumət bu həbsin iqtisadi cinayətlə bağlı olduğunu iddia etsə də, beynəlxalq insan haqları təşkilatları bu işi siyasi sifarişli hesab edir.
Abzas Media Azərbaycanda 2016-cı ildə təsis edilmiş müstəqil media platformasıdır və korrupsiya ilə bağlı araşdırmaları ilə tanınır. 2023-cü ilin noyabr ayından etibarən hökumət tərəfindən təzyiqlərə məruz qalaraq bir neçə jurnalisti həbs edilib. Həbs olunanlar arasında Ülvi Həsənlı, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı və “AzadlıqRadiosu”nun jurnalisti Fərid Mehralızadə var.
Onlar valyuta qaçaqmalçılığı və vergi cinayətləri kimi ittihamlarla üzləşirlər. Prokuror hər bir media əməkdaşı üçün 11-12 il həbs cəzası tələb edir. Beynəxalq təşkilatlar, o cümlədən HRW, “Amnesty International” və RSF, bu həbsləri siyasi motivli hesab edir. Avropa Parlamenti də Azərbaycanda insan hüquqları pozuntularını qeyd edərək “AbzasMedia”nı dəstəkləyib. Jurnalistlərin həbsi ölkədə mətbuat azadlığına qarşı təhdid kimi qiymətləndirilir.
Məqalədə hər bir jurnalistin həyatı, peşə fəaliyyəti, həbs şəraiti və ittihamlar ayrılıqda nəzərdən keçirilir.
Bəs həbs edilən media əməkdaşları kimdir?
Ülvi Həsənli
- Doğum tarixi: 10 avqust 1987, Gəncə
- Vəzifəsi: “Abzas Media”nın direktoru
- Həbs tarixi: 20 noyabr 2023
- Prokurorun tələbi: 12 il həbs
- Verilən hökm: 9 il həbs

Ülvi Həsənli illərcə gənclər təşkilatlarında siyasi fəal kimi tanınıb. 2016-cı ildə “Abzas Media”nı yaradaradıb və həmkarları ilə korrupsiya araşdırmaları aparmağa başlayıblar. Həbs olunarkən polis zorakılığına məruz qaldığı bildirilir.
O, bir vaxtlar tələbə hərəkatlarında təqib olunurdu. Sonra səsini sözə çevirdi – “AbzasMedia“ doğuldu. Onun rəhbərliyi altında “AbzasMedia”, korrupsiyanı, tender maxinasiyalarını, Qarabağdakı yenidənqurma pullarını izləyən bir tribunaya çevrildi.
2023-cü ilin noyabrında Ülvi evindən aeroporta gedərkən saxlanıldı. Onu polis idarəsinə apardılar, ofisinə girdilər və “tapıldı” deyilən 40 min avro ilə “cinayət işi” quruldu.
Sevinc Vaqifqızı
- Doğum tarixi: 5 iyul 1989, Füzuli
- Vəzifəsi: “Abzas Media”nın baş redaktoru
- Həbs tarixi: 21 noyabr 2023
- Prokurorun tələbi: 11 il həbs
- Verilən hökm: 9 il həbs

15 ildən çoxdur tənqidi jurnalistika ilə məşgul olub. O, dəfələrlə təzyiqlərə məruz qalıb.
1993-cü ildə Füzuli işğal olunanda Sevinc dörd yaşında idi. Qaçqın düşdü. Jurnalist oldu. 2015-də Kiyevdən qayıdarkən, 2020-də MSK qarşısında, 2023-də hava limanında – dəfələrlə saxlanıldı. Amma o susmadı.
“Media reyestri”nə qarşı çıxan, “Abzas”ın baş redaktoru olan Sevinc Vaqifqızı uzun illər plüralizmin səsini qorudu. İndi onun səsini 9 il həbs divarları əhatələmək istəyirlər. “Amnesty” və RSF onun həbsi barədə deyir: Bu, sadəcə hüquq pozuntusu deyil, bu, cəzalandırma aktıdır.
Hafiz Babalı
- Doğum tarixi: 9 sentyabr 1971, İsmayıllı
- Vəzifəsi: Araşdırmaçı jurnalist, RATİ sədr müavini
- Həbs tarixi: 13 dekabr 2023
- Prokurorun tələbi: 12 il həbs
- Verilən hökm: 9 il həbs

O, korrupsiya, vergi siyasəti, iqtisadi şəffaflıq kimi məsələləri araşdırıb. Həbsinə bəhanə edilən ittihamlar beynəlxalq təşkilatlar tərəfindən siyasi qisas kimi qiymətləndirilib.
32 illik jurnalist. RATİ-nin sədr müavini. “Turan” Agentliyində iqtisadiyyat üzrə baş müxbir. Onun sətirlərində milyonlar, dövlət borcu, neft gəlirləri danışırdı. Müstəqil hüquq müdafiəçiləri deyir ki, hökumətin qorxduğu da məhz bu idi – rəqəmlərin dil açması.
- “Abzas Media”nın direktoru və baş redaktoru həbs edilib
- Azərbaycan-2023. İlin xülasəsi
- Azərbaycan Milli Mətbuatının ən çox jurnalist həbsi ilə qeyd olunan 149-cu ili
Fərid Mehralızadə
- Doğum tarixi: 22 noyabr 1994, Bakı
- Vəzifəsi: İqtisadçı ekspert
- Həbs tarixi: 30 may 2024
- Prokurorun tələbi: 11 il həbs
- Verilən hökm: 9 il həbs

Müstəqil iqtisadi araşdırmalarla tanınır, “AbzasMedia”ya verdiyi son müsahibədə dövlətin minimum əmək haqqı siyasətini tənqid etmişdi. Həbs vaxtı polis zorakılığına məruz qaldığı bildirilir. ABŞ Dövlət Departamenti onun azad edilməsini tələb edib.
Gənc iqtisadçı. ABŞ Dövlət Departamentinin IVLP layihəsinin iştirakçısı. “Meydan TV”, Bakı Araşdırmalar İnstitutu və “Əkinçi”də dəfələrlə tənqidi çıxışlar edən biri. Minimum əmək haqqı, Holland sindromu, bərpaolunmaz enerji… və birdən – susdurulma.
30 may 2024-cü ildə evinin qarşısından oğurlanaraq aparıldı. Başına torba keçirildi. Döyüldü. Əmlakı müsadirə edildi. Hökumət “qaçaqmalçılıq” dedi. Abzas Media isə belə əməkdaşının olmadığını açıqladı. O, yenə də 9 il aldı.
Elnarə Qasımova
- Doğum tarixi: 5 fevral 1996, Bakı
- Vəzifəsi: Reportyor
- Həbs tarixi: 13 yanvar 2024
- Prokurorun tələbi: 11 il həbs
- Verilən hökm: 8 il həbs

Feminist aksiyalar, sosial məsələlər üzərə reportajları ilə tanınıb. Dəfələrlə polis zorakılığına məruz qalıb. 2023-dən “AbzasMedia”da video kontent istehsal edib.
2018-dən bəri “Mikroskop”, BBC, VOA, “Meydan TV” və nəhayət, “Abzas”. Həmişə kamerası ilə səhnənin arxasındaydı. 2021-də Xəzər RPİ-də feministlərin etirazını çəkdiyi üçün polis idarəsində döyüldü. 2024-cü ilin yanvarında “AbzasMedia” işinə görə “şahid” kimi çağırıldı, elə orada saxlanıldı.
Onun haqqında 8 il həbs hökmü oxundu. Məhkəmədə deyirdi: “Bu qədər həbsə rəğmən, “Abzas” susmadı. İndi də məqsəd bizi sıfırlamaqdır”.
Nərgiz Absalamova
- Doğum tarixi: 17 iyul 1998, Bakı
- Vəzifəsi: Reportyor
- Həbs tarixi: 30 noyabr 2023
- Prokurorun tələbi: 11 il həbs
- Verilən hökm: 8 il həbs

Şiddəli polis zorakılığına məruz qalması, Gədəbəy və Bakı aksiyalarında saxlanması, iqlim, korrupsiya və sosial haqlar üzrə reportajları ilə tanınır.
25 yaşlı reportyor. “Mikroskop”, “Toplum TV” və “AbzasMedia”da çalışmışdı. 2021-dən bəri bir neçə dəfə saxlanılmış, döyülmüş, çəkilişləri yarımçıq qoyulmuşdu. Qadınların, məcburi köçkünlərin, ətraf-mühitin səsi idi.
İndi o səs 8 illik divar arxasında qalacaq. Ona qarşı ittihamların sübutu yox idi. Amma qorxunun sübutu vardı – sözə qarşı bu qədər aqressiya bundan qaynaqlanır.
Məhəmməd Kekalov
- Vəzifəsi: Layihə koordinatoru
- Həbs tarixi: 20 noyabr 2023
- Prokurorun tələbi: 11 il həbs
- Verilən hökm: 7 il 6 ay həbs

Əlillərin hüquqları, özünüməşğulluq təşəbbüsləri, sosial siyasətin kənarda qalan üzləri…
Kekalov bu mövzuları ictimailəşdirirdi və bu da bir “təhlükə” idi.
Onun 7 il 6 aylıq həbsə məhkum edilməsi, ən az danışanların adından danışdığına görə oldu.
Beynəlxalq reaksiyalar
- CPJ: “Bu ittihamlar araşdırmaçı jurnalistlərin fəaliyyətinə görə qisasdır”.
- RSF: “Azərbaycanda medianı susdurmaq üçün siyasi təzyiqlər yeni mərhələyə daxil olub”.
- Amnesty International: “Həbs edilən jurnalistlərin fiziki zorakılıqla üzləşdiynə dair dəlillər ciddi araşdırılmalıdır”.
- HRW: “Hökumət tənqidçilərini susdurmaq üçün cinayət məcəlləsindən alət kimi istifadə edir”.
- ABŞ Dövlət Departamenti: “Azərbaycan insan haqlarına hörmət etməlidir”.
Bu hökm bir redaksiyaya qarşı deyil. O, sual verən hər kəsə, kamera arxasında olanlara, yazdıqlarına görə işgəncə görənlərə, “niyə?” deyənlərə qarşı verildi. “Abzas Media işi”, Azərbaycan tarixində medianın necə cəzalandırıldığını, amma susmadığını göstərən acı xatirə olaraq qalacaq.
Çünki kamera sönəndə də həqiqət yaşayır.