“Abzas Media” işi üzrə altıncı həbs (Yenilənib)
“Abzas media” işi – həbslər davam edir
Azərbaycanda “AbzasMedia” işi ilə bağlı daha bir jurnalist həbs edilib. Bu, eyni iş üzrə 6-cı həbsdir. İnternet nəşrinin həbs edilən bütün əməkdaşları bir qrup şəxslə qabaqcadan əlbir olaraq qaçaqmalçılıqda ittiham olunurlar. Jurnalistlər ittihamları qəbul etmir və hesab edirlər ki, onların həbsi peşə fəaliyyətləri, “Abzas Media”da dərc olunan yüksək vəzifəli məmurlar arasında korrupsiya faktlarına dair araşdırmalarla bağlıdır.
- Azərbaycanda yeni tendensiyalar: qaçaqmalçılıq ittihamı və bank hesablarının bloklanması
- Son bir ayda Azərbaycanda səkkizinci jurnalist saxlanılıb
- “Abzas Media”nın dördüncü əməkdaşı həbs edilib
Yanvarın 15-də Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə “Abzas Media”nın reportyoru Elnarə Qasımova 2 ay 17 gün müddətinə həbs edilib. Bu iş üzrə daha əvvəl həbs edilən saytın digər əməkdaşları kimi, o da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan bir qrup şəxslə əlbir olaraq törədildikdə) maddəsi ilə ittiham olunur.
Jurnalist məhkəməyə əlləri arxadan qandallanaraq gətirilib.
“Bu, təqsirsizlik prezumpsiyasının pozuımasıdır. Bunu, yəqin, ona görə ediblər ki, məhkəmədən çıxanda həmkarlarına əl yelləməsin… Elnarə jurnalistdir, terrorçu deyil”, – deyə journalist Şəmşad Ağa social şəbəkədə yazıb.
Elnarə Qasımova polis idarəsinə getməzdən əvvəl “Meydan TV”yə müsahibəsində bildirib ki, həbsini gözləyir, çünki artıq presedent var, Nərgiz Absalamova da ikinci dəfə ifadə vermək üçün dəvət olunanda həbs edilmişdi. O, həbs olunduqdan sonra ailə üzvlərinin ona çatdırması üçün təcridxanada lazım olacaq bütün əşyalarını da əvvəlcədən hazırlayıb.
“Əslində, mənim üçün başqa yol yoxdur. Heç fikirləşməmişəm ki, bəlkə davam eləməyim, dayanım, ya da uzaqlaşım. Necəsə bəyan eləyim ki, mən artıq ümumiyyətlə jurnalistikada deyiləm.
Məncə, davam etməliyik. Bu sistemdəkilər görməlidirlər ki, onlar nə etsələr də, həbsə Nərgiz kimi gülə-gülə gedənlər, Sevinc kimi həbs olunacağını bilə-bilə ölkəyə qayıdanlar var.
Heç kim deyə bilməz ki, mən qorxmuram. İçində az-çox qorxu ola bilər. Ancaq bu qorxuya rəğmən, onu basdırıb davam eləmək lazımdır. Mənim qorxumu basdırmağıma həmkarlarımın həbsinə görə yaranan qəzəb hissim kömək olub”, – Elnarə Qasımova həbsindən əvvəl deyib.
- “Abzas Media”nın direktoru və baş redaktoru həbs edilib
- “Abzas Media”nın daha bir əməkdaşı həbs edilib
13.01.2024
“AbzasMedia” nəşrilə bağlı cinayət işi üzrə daha bir jurnalist saxlanılıb. Yanvarın 13-də bu cinayət işi üzrə ifadə vermək üçün Bakı şəhər Baş Polis İdarəsinə şahid qismində ifadə vermək üçün çağırılan jurnalist Elnarə Qasımova şübhəli şəxs qismində saxlanılıb.
“AbzasMedia” işi üzrə həbsdə olan 5 jurnalist kimi, o da Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunur.
- İlham Əliyev: “İnsanlar və yüklər Azərbaycandan Azərbaycana yoxlanmadan keçməlidir”
- “Biz Stalinin təsviri olan ikonada dəyişiklik etməyə hazırıq” – Gürcüstan patriarxlığı
- BRIKS-in genişlənməsi: Azərbaycan üçün yeni imkanlar. Bakıdan şərh
Vəkili Bəhruz Bayramov Meydan TV-yə deyib ki, Elnarə Qasımova özünü qətiyyən təqsirli bilmir.
“Dedi ki, həbs olunacağını gözləyirdi. Hesab edir ki, bu həbs onun jurnalist fəaliyyətilə bağlıdır. Qaçaqmalçılıq ittihamının əsassız, absurd olduğunu, bu maddədən sadəcə, jurnalistləri həbs eləmək üçün bəhanə kimi istifadə edildiyini düşünür”.
Bəhruz Bayramov əlavə edib ki, özü də müvəkkilinin təqsirsiz olduğunu hesab edir.
Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb.
Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı və Nərgiz Absalamova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da dərc olunmuş Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.