Abxaziyada seçkilər öncəsi son həftə
Martın 12-si bazar günü Abxaziya yeni parlament seçəcək. Bu səsvermə çox güman ki, respublikanın majoritar sistem üzrə əsas qanunverici orqanı seçdiyi son səsvermə olacaq.
FOTO: İBRAHİM ÇKADUA
Yolu təmir etdirmək yoxsa qohum-əqrəbalı olmaq. Hər ikisi olsa – daha yaxşıdır
Parlamentdə 35 yerə 138 namizəd var. Amma onların azı üçdə biri dövlət televiziyası və özəl “Abaza” telekanalının keçirdiyi birbaşa debatlarda iştirakdan imtina etdilər. Halbuki, namizədlər üçün efir vaxtı pulsuzdur.
Bu təşviqat formasına məhəl qoymamanın əsas səbəbi əslində çox sadədir. İmtina edənlər anlayır ki, natiqlik sənətində xüsusi istedadın olmadan debatlarda iştirak insan haqqında yalnız mənfi rəy yarada bilər.
Nəticədə elektorata daha ənənəvi təsir mexanizmlərinə üstünlük verilir, kəsələn Konkret bir dairənin sosial problemlərinin həllinə.
Deputatlığa namizədin vətəndaşlar üçün pulsuz “prorab” rolunu oynadığı bu cür səslərin cəlb edilməsi formasına təkcə natiqlik istedadı olmayanlar deyil, həm də televiziya efirlərini buraxmayan namizədlər də müraciət edir. Nəticədə belə bir təəssürat yaranır ki, Abxaziyanın hər yerində park-təsərrüfat ayı elan edilib.
Hər yerdə körpülər və yollar yamanır, su boruları çəkilir, transformatorlar quraşdırılır, uşaq və idman meydançaları abadlaşdırılır. Və bütün bunlar ancaq büdcə vəsaiti hesabına həyata keçirilmir.
Əgər şəhər dairələrində elektoratın pulla alınması üsulundan istifadə etməyən namizədlərin öz proqramı, xarizması və natiqlik istedadı hesabına seçilmək üçün azacıq da olsa şansı varsa, regionlarda “əl əli yuyar, əl də üzü” prinsipi demək olar ki, həmişə öz səmərəsini göstərir. Heç bir proqram və natiqlik istedadı namizədə kənd yolunun onun adından işıqlandırılması ilə müqayisədə daha çox səs gətirmək imkanına malik deyil.
Daha bir təsir mexanizmi də “sülalə” təfəkkürüdür. Bu zaman seçici özünün, bəlkə də uzaq, amma yenə də qohumuna səs verir.
Buna görə hətta müxalifətin lideri olan Aslan Bjaniyanın (yeri gəlmişkən, son prezident seçkilərində o 35 faiz səs toplayıb) qələbə çalmaq şansı çox dumanlı görünür – Bjaniyanın namizədliyini irəli sürdüyü Atar seçki dairəsində onun əsas rəqibi olan Temur Kvitsinia Abxaziyada ən böyük nəsillərdən birinin nümayəndəsidir.
Kvitsinia nəslinin nümayəndələri həmin dairənin seçicilərinin az qala yarısını təşkil edir. Onların da hamısı adəti üzrə öz qohumlarına səs verirlər. İstənilən başqa dairədə ən az danışan deputat kimi tanınan Temur Kvitsinianın çox güman ki, seçilmək üçün heç bir şansı olmazdı, amma Atar dairəsində onun qələbə çalacağı demək olar ki, şübhə doğurmur. O burada dalbadal iki dəfə parlament seçkilərində udub və bu zaman ancaq birinci turla kifayətlənib ki, bu da indiki abxaz reallığı üçün möcüzəli bir nəticə kimi görünür.
Bu iki neqativ amil- seçicilərin səslərinin alınması və səsvermənin sülalə xarakteri daşıması seçkilərdə majoritar yanaşmaya aid olan məsələdir ki, bu da islahatların keçirilməsinə əsas səbəb oldu.
Abxaziya parlamenti artıq iki oxunuşda qarışıq proporsional-majoritar seçki sisteminə keçid haqqında qanun layihəsini nəzərdən keçirib. Əvvəlcə keçidin artıq indiki seçkilərdə həyata keçiriləcəyi planlaşdırıldı. Amma indiki parlamentdə deputat yerlərinin sayı ilə bağlı razılaşma əldə olunmadığı üçün məsələnin həlli uzandı. Buna görə də qanunu son oxunuşda parlamentin indiki tərkibi qəbul edəcək.
Bununla belə, indiki seçkilər heç də majoritar sistemlə keçirilən son seçki kimi yadda qalmayacaq.
Hər halda indiki kampaniyada ən maraqlı fakt Abxaziyanın keçmiş prezidenti Aleksandr Ankvabın iştirakıdır.
Ankvab amili
Aleksandr Ankvabın namizədliyi müxtəlif təşəbbüs qrupları tərəfindən eyni vaxtda üç dairədən irəli sürülüb. Bundan əlavə demək olar ki, bütün müxalifətçi təşkilatlar, həm də ayrı-ayrı ziyalı qrupları və oğulları Gürcüstan-Abxaziya müharibəsində həlak olan analar son 2,5 il ərzində (vaxtından əvvəl istefaya getdiyi andan) Moskvada yaşayan Aleksandr Ankvaba fəal siyasi həyata qayıtmaq və parlamentə namizədliyini irəli sürmək müraciəti ilə çıxış etdilər.
Nəticədə Ankvab qayıtdı və öz namizədliyini Qudaut şəhərində irəli sürdü.
Onun qayıdışı böyük səs-küyə səbəb oldu. Keçmiş prezidentin siyasətə qayıtmasına qarşı etiraz edənlərin də sayı az olmadı. Qumistin körpüsünün yanında, Gürcüstan-Abxaziya müharibəsi zamanı cəbhə xəttinin keçdiyi yerdə Aleksandr Ankvabdan seçkilərdə iştirakdan imtina etmək tələbi ilə müharibə veteranlarının mitinqi keçirildi. Çünki onların fikrincə, keçmiş prezidentin siyasətə qayıtmağı stabilliyi pozan əsas amil olacaq.
“Səbəbkar”ın özü deputat olmaq ideyasından imtina etmədi. Düzdü, bu zaman o, özünün təşviqat kampaniyasını sıfıra endirdi. O, seçicilərlə görüşlərə getmir, öz proqramı barədə danışmır, əyani təşviqatdan istifadə etmir, televiziya efirlərində çıxış eləmir.
Ankvab hətta deputatlığa namizəd vəsiqəsini götürmək üçün MSK-ya getmədi. Sənədi götürmək üçün Mərkəzi Seçki Komissiyasına notarial təsdiq olunmuş etibarnamə ilə keçmiş prezidentin qohumu gəldi.