Abxaziyada plansız balıq təsərrüfatı: məhv olan yalnız balıq deyil
Abxaziyada iqtisadiyyat üçün ciddi problem yetişməkdədir – ölkə sahillərində balığın həcmi kəskin azalmaqda davam edir. Balıq təsərrüfatı respublikanın əsas gəlir mənbələrindən biri və iş yerlərinin böyük hissəsi deməkdir. Amma 2017-ci ildə balıq ehtiyatları azaldığı üçün nəzərdə tutulmuş 40 min tonluq kvotanın ancaq dörddə biri mənimsənilib – cəmi 11 min ton balıq tutulub. 2018-ci ildə isə kvota iki dəfə azaldılıb və ilin sonuna qədər ancaq 20 min ton balıq tutmağa icazə verilib.
Abxaziyada balıq biznesinin necə işlədiyi haqda detallar.
Pozuntularla dolu vətəgə
2018-ci ilin əvvəlində bir neçə balıqçı gəmisi yenə də vətəgə qaydalarını pozub və sahilə 500 metrdən daha çox yaxınlaşıb. Və yenə də sosial şəbəkələrdə böyük narazılıqlara səbəb olub.
Belə pozuntular təkrar-təkrar baş verir. Ötən illərdə yerli sakinlər etiraz aksiyaları keçirərək, hakimiyyətin və cəmiyyətin diqqətini problemə yönəltməyə çalışıblar. Hətta yerli sakinlərin sahilə çox yaxınlaşan seynerləri atəşə tutduğu hallar da olub.
Amma heç nəyi dəyişmək mümkün olmayıb.
Sahillərdəki vətəgələr ilk növbədə dibdəki balıqların məhvinə səbəb olması ilə təhlükəlidir.
“Onlar seynerlərin əsas hədəfi olan bir növ “xamsa altında” yaşayırlar. Dibdə yaşayan bu balıqlar olmasa, xamsa da olmayacaq, çünki xamsa onlarla qidalanır”, – Abxaziya Balıqçılıq və Ovçuluq İdmanı Federasiyasının sədri Albert Bondarenko deyir.
“Seyner sahilə çox yaxınlaşanda dənizin dibinin mikroflorasını məhv edir, hansı ki, yalnız 5-15 ildən sonra bərpa oluna bilər. Bu o demkdir ki, seynerin sahilə hər yaxınlaşmasından sonra balıqların bir hissəsi ya sadəcə yox olur, ya da çox cılızlaşır. Və bu ancaq xamsaya yox, həm də qalxan balığı, qızılbalıq kimi dəyərli növlərə də aiddir”, – Bondarenko bildirir.
Kiçik cərimələr
Abxaziya Nazirlər Kabineti hələ bir neçə il əvvəl balıqçı gəmilərinə sahilə 500 metrdən çox yaxınlaşmağa icazə verməyən qərar qəbul edib. Bu qaydanın pozulmasına görə maksimal cərimə üç min rubl [təxminən 55 dollar] təşkil edir.
Yerli sakinlərin fikrincə, cərimələrin məhz bu cür kiçik olması pozuntuların tez-tez təkrarlanmasına səbəb olur.
“Əgər sahilə yaxınlaşdığı zaman tutulan seyner sahibnə ümumiyyətlə balıqçılıqa məşğul olmaq qadağan edilsəydi, onlar qaydalara riayət edərdilər”, – Suxum sakini Aleksandr hesab edir.
İstehsal və ixrac
Adətən ilin bu vaxtı Suxumun balıq kombinatlarından birinin yerləşdiyi Mayak rayonunun sakinləri güclü balıq qoxusundan şikayətlənirlər. Çoxları deyir ki, qoxu kəskin və üfunətlidir, digərləri hesab edir ki, bu qoxu “qızarmış balıq iyini” xatırladır. Amma bu il yanvarda sözügedən qoxu heç kimi narahat etmir.
“Balıq yoxdur. Odur ki, hələ dayanmışıq, işləmirik. Gözləyirik, görək nə zaman gətirəcəklər”, – yerli balıq kombinatının əməkdaşlarından biri deyir.
Məhv olan sadəcə balıq deyil
Abxaz tarixçi Ruslan Bartsıs danışır ki, Abxaziya sahillərində Qara dənizin dibində çoxlu memarlıq abidələri var, o cümlədən də heyrətamiz yükü ilə birlikdə batan gəmilər, qədim lövbərlər və bir çox başqa şeylər.
“Yeni Afonda, məsələn, 555-ci ildə Traxey adlanan döyüş olub və çoxlu hərbi gəmilər batırılıb. Seynerlər balıq tutanda tora çox vaxt qədim amforalar da düşür. Amma onlar balıq biznesmenlərini maraqlandırmır və qiymətsiz tapıntılar çox vaxt sındırılır və ya cızılır”, – Ruslan Bartsıs deyir.
O bildirir ki, çoxsaylı cəhdlərə baxmayaraq, alimlər seynerlərə buraxılmır və dənizdən çıxardıqları tarixi tapıntılara baxmağa da icazə verilmir. “Yalnız ekoloqları gəmiyə buraxırlar”, – o deyir.
Bartsıs danışır ki, bir dəfə balıqçılar dənizdən böyük qədim lövbər də çıxarıblar. Onu daşımağa çalışıblar, amma çox çətin olduğu üçün bir kənara atıblar. Və bu lövbər dəniz onu yenidən yuyub aparana qədər bir müddət Yeni Afon sahilində qalıb.