Abxaziyada müharibə və qaranlıq 90-lar. Gürcüstanlı dizayner Demna Qvasaliyanın ən şəxsi kolleksiyası
“Gürcüstan”, “İlahi, sən kömək ol”, “Suxumi” – gürcüstanlı dizayner Demna Qvasaliyanın əsasını qoyduğu “Vetements” moda brendinin yeni kolleksiyasını təqdim edən modellər gürcü dilində bu yazılarla Paris podiumunda boy göstəriblər. Vetements bahar-yay 2019 kolleksiyası bu dəfə dizaynerin vətəninə – Gürcüstana həsr olunub. Demna publikanı öz uşaqlığının tarixi ilə tanış edib. Kolleksiya 90-ların Gürcüstanını – onun böyüdüyü ağır zamanı xatırladır.Gürcü-abxaz münaqişəsi, vətəndaş müharibəsi və müasir Gürcüstan diqqət mərkəzindədir.
Dünyanın ən populyar dizaynerlərindən biri olan Demna müsahibələrində tez-tez Suxumidə doğulduğunu və hərbi münaqişə zamanı ailəsinin digər gürcülərlə birlikdə öz evlərindən qaçmaq məcburiyyətində qaldığını vurğulayır. Məhz bu xatirələr onu yeni moda kolleksiyasını yaratmağa ruhlandırıb.
Nümayişi təsvir edən Demna Qvasaliya jurnalistlərə bildirib ki, “ailəyə və müharibəyə” həsr olunmuş “hekayəni nəql etmək istəyib”.
Onun sözlərinə görə, o, “müharibə ilə parçalanan Gürcüstanda böyüdüyü, evinin bombalandığı, nənəsinin sarsıntıdan bir müddət yaddaşını itirdiyi zaman aldığı travması ilə üzləşməyə çalışıb”.
“Mən 90-cı illər müharibəsindən sonra heç vaxt qayıtmadığım Gürcüstanda keçən keçmişimə üz tutdum ki, qorxularımla və ağrılı məqamlarla qarşılaşım”, – Qvasaliya deyib.
Vetements həmçinin 1992-ci ildə Abxaziyada baş verən hadisələr haqda öyrənmək üçün geyimlərin QR-kodlarını skan etməyin mümkün olduğu əlavənin anonsunu da edib.
Nümayiş Parisdə küçədə körpü altında baş tutub. İki banket masası podiumu əvəz edib, qonaqlar isə tüllə bəzədilmiş ağ plastik stullarda əyləşiblər.
Podium üçün Gürcüstandan 40 model seçilib – onlardan çoxu Vetements nümayişlərində adətən olduğu kimi peşəkar model olmayıb.
Üzərinə təşviqedici yazılar yazılmış svitşotlar və xudilər, xalat görkəmində trençlər, “banditsayağı” dəri gödəkçələr, kilsə motivləri ilə qarışıq kriminal döyməli vodolazkalar, Viktor Tsoyun şəkli olan futbolkalar.
Kolleksiyada gürcü alfavitindən çox istifadə olunub. Xudilərin, svitşotların və bomberlərin üzərində gürcü sözləri və şüarlar yazılıb – “Bəsdir”, “İlahi, bizi bağışla”. Son ifadə Gürcüstanda kilsənin axır zamanlardakı mübahisəli addımlarına ironik münasibətdir.
Qvasaliya həmçinin Tbilisidə gənclərin son etirazlarına da münasibət bildirib və “gecə klublarının bağlanmasını” xatırladıb. Bomberlərin birində yazılan «We dance together, We fight together» sözləri mayda Tbilisidə narkotik satanlarla mübarizə bəhanəsi ilə gecə klubları bağlanandan sonra mitinq keçirən, parlament binası qarşısında reyv təşkil edən gürcü gənclərin şüarlarıdır.
Qvasaliyanın kolleksiyası Gürcüstan sosial şəbəkələrində əsl hit olub. Facebook istifadəçiləri dizaynerə keçmişi unutmadığı və açıq sözlülüyü üçün təşəkkür ediblər.