Abxaziyada ilk beynəlxalq kinofestival: 17 ölkədən 32 film
Abxaziyada ilk Suxum Beynəlxalq Kinofestivalı başa çatıb. Festival proqramına yalnız qısametrajlı bədii filmlər daxil edilib – ümumilikdə 17 ölkədən 32 film.
İdeya və dəstək
Layihənin tərəfdaşları və sponsorları qismində Abxaziya otelləri, biznes mərkəzləri, turist firmaları çıxış edib. Təşkilatçıların sözlərinə görə, “Abxaziya şərab və su” zavodu, “A-Mobail” mobil əlaqə operatoru, “Abxaztop” dövlət şirkəti və Gənclər Siyasəti üzrə Dövlət Komitəsi böyük kömək göstərib.
Festival büdcəsi açıqlanmır, amma məlumdur ki, sadəcə Gənclər Siyasəti üzrə Dövlət Komitəsinin büdcəsindən 3 milyon rubl (təxminən 52 min dollar) ayrılıb.
2018-ci il aprelin 2-dən 6-na qədər davam edən festivalın müsabiqə proqramında Rusiya, Avropa, Yaxın Şərq, Şimali Afrika ölkələrindən filmlər, o cümlədən də abxaz rejissorların işləri təqdim olunub. Abxaziya XİN-in xüsusi dəstəyi nəticəsində bütün xarici iştirakçılar heç bir çətinlik çəkmədən Abxaziyaya gələ biliblər.
İştirakçılar
Festival iştirakçıları sırasında debüt işlərini təqdim edən gənc rejissorlarla yanaşı daha təcrübəli sənətkarlar da olub.
Cənubi Koreya istehsalı olan “Dumanın o biri sahilində” filmi böyük ajiotaj doğurub.
İki şimali koreyalı əsgər sərhədi Duman çayı vasitəsilə qaçıb gələnlərdən mühafizə edir. Rütbəcə böyük olan əsgər postdan uzaqlaşanda kiçik olan gizlincə çaya yaxınlaşır. Orada çəmənlikdə bir ailəyə rast gəlir, onlar bütün vəsaitlərini ona verirlər ki, əsgər onların ölüm təhlükəli sərhəddən keçmələrinə yardım etsin.
Filmin rejissoru Sivonq Bey Cənubi Koreyada doğulub-boyüyüb, Nyu-Yorkda rejissorluq təhsili alıb və Nyu-York Kino Akademiyasının dəstəyi ilə 8 qısametrajlı film çəkib.
Kinofestivalda Abxaziyanı iki film təmsil edib.
Gənc rejissor Atana Aqrba 16 yaşında Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Onun “Limonadlı Co” filmi balaca oğlanın hansısa səbəbdən cəmiyyətdən təcrid edilmiş limonad köşkünün sahibi Co ilə dostluğundan bəhs edir. Oğlan Conun yeganə dostudur. Amma yerli xuliqanların təsirinə düşərək o, Conun köşkünün talan olunmasında iştirak edir.
“Mənim adım Maxazdır” – İnar Narmaniyanın qısametrajlı filmi Mixa Lakrbanın “Dostlar” novellasının motivləri əsasında çəkilib. Hekayə gənc oğlan Maxazın gəldiyi sovet Suxumisində 1970-ci illərdə cərəyan edir. Öz bacarığı sayəsində o, Suxumi Rəssamlıq Məktəbinə daxil olur, amma qəhrəmanın özünün bildirdiyinə görə, məktəbi bitirə bilmir, çünki aşiq olur. Film qəhrəmanın sevdiyi qızla görüşündən sonra yaşadığı çətin sınaqdan bəhs edir.
Təşkilatçıların bildirdiyinə görə, festival hər il keçiriləcək və gələcəkdə tammetrajlı və sənədli filmlər üçün də açıq olacaq.