Abxaziyada hadisələrin gözlənilməz gedişatı: hakimiyyət və müxalifət birləşmək qərarını verib
Abxaziya siyasi landşaftını yaxın perspektivdə dəyişikliklər gözləyir. Hər halda bəzi aparıcı oyunçuların bununla bağlı 2019-cu ilə təyin edilmiş prezident seçkiləri ərəfəsində ciddi niyyətləri var.
Seçkilərə yeni formatda yaxınlaşma, yəni hakimiyyət və müxalifətin razılığa gəlib, vahid namizəd irəli sürməsi ideyasını keçmiş Abxaziya prezidenti, hazırda isə müxalifətçi, parlament deputatı olan Aleksandr Ankvab səsləndirib.
“Yalnız müxalif qüvvələr arasında konsensus ümumilikdə cəmiyyətdə razılığa nail olmaq demək deyil. Müxalif və hakim yönlü qüvvələr də razılığa gələ bilsələr hamı üçün faydalı və doğru olacaq”, – Ankvab “Abxaziya-inform” agentliyinə bildirib.
Onun fikrincə, bu məsələ alınsa konsensus “yalançı deyil, real” siyasi mədəniyyətin inkişafının başlanğıcı ola bilərdi.
Kifayət qədər geniş olan müsahibədə bir dəfə də olsun fəaliyyətdə olan prezident Raul Xadjimbanın adı çəkilmir. Bununla belə, Suxum çayxanalarında fəal şəkildə müzakirə olunan informasiyadan çıxış etsək, Aleksandr Ankvab məhz onunla birləşmək niyyətindədir.
Məlumdur ki, müsahibədən bir neçə gün əvvəl kuluarlarda bu iki siyasətçi arasında artıq danışıqlar olub və Aleksandr Ankvabın tonu (o, bu görüş haqda bir kəlmə belə söyləməsə də) həmin danışıqların kifayət qədər uğurlu keçdiyini demək imkanı verir.
2014-cü ilin may ayında həmin vaxt birləşmiş müxalifətə başçılıq edən məhz Raul Xadjimba prezident Aleksandr Ankvabı vaxtından əvvəl istefa verməsinə vadar edib. Və artıq üç ay sonra özü Abxaziyanın rəhbəri olub.
Onda belə təəssürat yaranırdı ki, bu iki siyasətçi ömürlük düşmənə çevrilib. Amma bəzən Abxaziyanın siyasi mühitində şəxsi qərəzi və inciklikləri unudub, razılığa gəlməyi bacarırlar.
Abxaziya elektoratı səngərlərə alışıb və bu, kifayət qədər qarışıq ittifaq ona real motivasiya təklif edə bilər: seçkilərdən seçkilərə cəmiyyətdə baş tutan parçalanmanı dayandırmaq və ictimai razılığa gəlmək.
“Söhbət hansısa müəyyən zaman kəsiyində sakitlik və stabilliyi saxlamaqdan getmir… Mən bu vəziyyətin cəmiyyətimiz üçün daimi bir hala çevrilməsi barədə danışıram”, – Ankvab deyir.
Özü isə yaş senzi səbəbində növbəti seçkilərdə öz namizədliyini irəli sürə bilmir. Bu ilin dekabr ayında onun altmış beş yaşı tamam olur. Məhz bu yaşdan da seçki qanununa görə, respublikaya başçılıq etmək istəyən siyasətçilər üçün məhdudiyyətlər başlayır.
Bununla belə, Abxaziya hakimiyyətində başqa mühüm vəzifələr də var və Aleksandr Zolotinskoviç Ankvab çox güman ki, səsləndirdiyi ideyanın uğur qazandığı halda bu vəzifələrdən birinə ümid edir.
Daha konkret desək, söhbət çox güman ki, Raul Xadjimbanın yeni prezident müddətinə gedəcəyi komandada baş nazir kreslosundan gedir. Bu komandada vitse-prezident vəzifəsini indiki baş nazir Beslan Barsis tutacaq.
Seçki kampaniyası üzərində rəhbərlik isə Ankvabın əllərində cəmləşəcək. Bu rolu o, çətin ki, kiməsə versin. Qeyd edilən müsahibədə də Aleksandr Ankvab buna açıq eyham vurur.
Birləşmənin əsas motivi aydındır – söhbət daxili siyasi stabilliyə nail olmaqdan gedir, bəs yeni komanda cəmiyyəti digər siyasi olmayan böhranlardan hansı metodlarla çıxarmağa çalışır, hələlik məlum deyil.
“İslahatlar haqqında heç danışmaq istəməzdim…. Çünki mən realistəm və yaxşı anlayıram ki, istənilən mühüm islahatın həyata keçirilməsi təkcə siyasi iradə deyil, həm də qanunverici müşaiyət tələb edir. İslahatların reallaşdırılması maliyyə təminatı olmadan mümkün deyil. Pul da “ayağının altından” birdən-birə yaranmayacaq”, – Ankvab deyir.
Bununla belə, təmiz anti-islahatçı kimi də görünmək istəmir.
“Vəsait varsa, siyasi islahatlar da olacaq. Vəsait olmasa, bu, boş söhbətlərdir”.
Amma nə idarəçiliyə yanaşmada, nə iqtisadiyyatda, nə hüquq-mühafizə sistemində doğru-dürüst heç nə dəyişmədən illərlə salınmış yollarla getməyi davam etsək – belə görünür, Ankvabın təklif etdiyi də məhz budur – yeni siyası böhran qaçılmazdır. Çünki siyasi vəziyyət dövlət və onun vətəndaşlarının sosial-iqtasadi vəziyyəti ilə birbaşa bağlıdır.
Elita öz aralarında razılığa gələ – prezidentliyə vahid namizədini irəli sürüb, sonra da heç bir müqavimətlə üzləşmədən bu seçkilərdə qalib gələ biləcək. Amma sonra da problemlər həll edilməsə konsensus tez bir zamanda aldadılan vətəndaşların təzyiqi altında əriyib gedəcək. Və bizim yenə də ümidlərimiz puç olacaq.
Digər tərəfdən, Xadjimba-Ankvab və ya Ankvab-Xadjimba ittifaqında (kim onu necə adlandırmaq istəyirsə) təbii ki, onun baş tutacağı halda, növbəti prezident seçkilərində qalib gəlmək perspektivi göründüyü qədər də qeyd-şərtsiz deyil. Səbəblərdən biri də respublikanın idarəçiliyində hansısa qəti addımları atmaq istəməməklə bağlıdır.
Daha bir mühüm aspekt var. Müxalifət-hakimyönlü qüvvə sxemi üzrə digər ittifaqlar da yarana bilər. 2019-cu il seçkilərinə ciddi yaxınlaşan iddialı siyasətçilər Abxaziyanın siyasi arenasında kifayət qədərdir.
Onların təbii ki, Aleksandr Ankvab və Raul Xadjimba kimi ağsaqqallarda olan təcrübəsi yoxdur, əvəzindəsə enerji və keçmişin nüfuzlu fiqurlarına boylanmadan öz davranış xəttini qurmaq istəyi var. Bu, daha gənc nəsil birləşmək üçün elə həmin sxemdən istifadə edə və bu birliyi respublikanın dəqiq sosial-qtisadi böhrandan çıxarılması planı ilə müşayiət edə bilər. Onda da Aleksandr Ankvaba öz layihəsini reallaşdırmaq üçün müvəqqəti “siyasi stabilliyə” nail olmaqdan daha böyük nəsə lazım olacaq.