Abxaziyada gürcü məktəbləri: çıxış yolu nədir?
Son zamanlar Qal rayonunun məktəblərində rus dilinin əsas tədris dili kimi gürcü dilini mərhələli şəkildə sıxışdırması tendensiyası müşahidə olunur ki, bu da Gürcüstanın siyasi elitasının kəskin narazılığına gətirib çıxarır. Elita qəzəblənir və hər dəfə beynəlxalq qurumlara müraciət edərək, “diskriminasiya proseslərinin qarşısının alınması üçün tədbir görməyi tələb edir.
Əslində isə bu gün Qal məktəblərində baş verənlər Gürcüstan hökumətinin məsələn, Axalkalakidəki erməni və ya Marneulidəki Azərbaycan məktəblərində həyata keçirdiyi (həm də daha intensiv metodlarla) tədbirlərdən o qədər də fərqlənmir. Amma orada bu, vahid təhsil standartının tətbiqi, Abxaziyaya gəlincə isə “ayrı-seçkilik və insan haqlarının pozulması kimi şərh olunur.
Yəqin ki, rəsmi Tbilisi vəziyyəti daha ağır formada təsvir etmək istərdi, misal üçün “Stalin və Beriya sayağı zorakılıq metodları kimi qələmə verərdi. Amma məlum səbəblər üzündən bunu etmir. İosif Vissarionoviç və Lavrenti Pavloviçin zamanında abxaz məktəblərinin başına açılan oyunları, bir anın içində bütün təhsil proqramının gürcü dilinə keçirilməsini gürcülər unutmuş ola bilərlər, amma abxazlar hələ də bunları sarsıntı ilə xatırlayırlar. Valideynlərimə nəinki doğma dilində təhsil almaq, hətta tənəffüs vaxtı öz aralarınada bu dildə danışmaq da qəti qadağan edilmişdi.
Yeri gəlmişkən, xalqının başına gələnləri düşməninə belə arzulamadığın məhz bu tarix yaddaşı Abxaziya hakimiyyətini Qalın təhsil müəssisələrində daha əsaslı islahatları keçirməkdən saxlayır.
Bu islahat çox yumşaq, gürcü mediasında təsvir olunduğundan xeyli fərqli rejimdə həyata keçirilir.
O cümlədən, Qal rayonunun aşağı zonasında yerləşən bəzi məktəblərdə bütün fənlər hələ də gürcü dilində və Tbilisidə təsdiq olunan dərs proqramı üzrə keçirilir. Dərs cədvəlində abxaz və rus dili fənni yer alsa da, bu daha çox görüntü yaratmaq üçündür.
Bugünün real mənzərəsinə görə, Qal rayonunun təhsil sisteminin bütünlüklə “abxaz standartına keçirilməsi Berlinə piyada getmək qədər uzaq görünür. Abxaziya Təhsil Nazirliyində “yaxın 2-3 il ərzində bütün siniflər tamamilə rus dilində təhsil alacaq, deyilsə də, hələlik bu, ancaq ülvi arzu olaraq qalır. İndiki templə elan olunan islahatın həyata keçirilməsi üçün onlarla il lazım olacaq. Çünki nə pul, nə də plana cavab verən kadr potensialı var.
Hərçənd hətta islahat tam formada reallaşdırılsa belə, gürcü dili və ədəbiyyatını ayrıca fənn kimi heç bir təhlükə gözləmir.
Abxaz məktəblərinin bağlanmasının ancaq bir məqsədə – abxazların zor gücünə assimilyasiyasına xidmət etdiyi Stalin dövrlərindən fərqli olaraq, Qal məktəblərində aparılan islahat sadəcə yerli sakinlərin ümumi abxaz məkanına inteqrasiyasına istiqamətlənib. Nə qədər paradoksal səslənsə də, bu inteqrasiya samurzakanlara Abxaziya ərazisində özgürlüyünü saxlamaq şansı verir.
Hər şey olduğu kimi saxlanılsa və deyək ki, hardasa iyirmi il ərzində moratori tətbiq edilərək, Qal təhsil sisteminə toxunulmasa – rayonun əksər məktəbləri bu müddət bitənə qədər özləri bağlanacaq, çünki burada oxumağa uşaq tapılmayacaq.
Qal gənclərinin böyük əksəriyyəti gürcü dilindən başqa heç bir dili bilmir. Adi, orta statistik Qal sakininin məktəbi bitirəndən sonra təhsilini davam etdirmək üçün hara getməklə bağlı elə də çox variantı olmur. Bilik və sonda da diplom almaq üçün Gürcüstan yeganə istiqamətdir.
Ali məktəbi bitirəndən sonra təbii ki, evinə dönə bilər, amma Qalda nə işlə məşğul olacaq axı? Gürcüstanda alınan diplom Abxaziyada tanınmır. Tibbi təhsil almısansa və ya müəllim diplomun varsa, yenə də heç bir zəmanətin olmadan yerli xəstəxanaya və ya kənd məktəbinə işə düzələ bilərsən.
Yox, əgər sən diplomlu hüquqşünas, iqtisadçı, mühəndissənsə Abxaziyada ixtisasın üzrə iş tapmayacaqsan, hətta Qal rayonunun hüdudlarında belə. Bəs onda nə etməlisən? Qalır Gürcüstanda iş tapmaq, orada özünə yer etmək, kiçik Vətəninə isə valideynlərin sağ olduğu müddətcə ancaq məzuniyyətə gəlmək. Sonra bu səfərlərin bir mənası qalmır.
Taksi sürücüsü işləyən tanışım qallı Nodarın üç övladı var. Hamısı da məktəbi bitirəndən və Gürcüstanda ali məktəblərdə təhsil alandan sonra Tbilisidə qalıblar. Ailə qurublar, işə düzəliblər, kimsə hətta ev də alıb. Onun doğma qardaşı Sosounu da vəziyyəti eynidir, onun yeganə oğlu da təhsilini bitirəndən sonra Tbilisidə qalıb.
Yəni gürcü siyasətçiləri cenevrələrdə və nyuyorklarda Qal camaatının ruslaşdırılması ilə bağlı həyəcan təbili çaldığı vaxt, nə abxaz, nə də rus dilini bilməyən samurzakanlar sakitcə daha parlaq gələcək axtarışı ilə Gürcüstana əvvəl oxumaq, sonra da qalıb yaşamaq üçün gedirlər.
Radikal millətçi baxışları əsas tutsaq, belə çıxır ki, Suxum Qal rayonunda heç bir təhsil islahatı keçirməməlidir. Həm də bu mövqe nə qədər qəribə olsa da, hamını qane edəcək. Hətta buna görə gürcü siyasətçilərindən tərif eşitmək, sonra da Cenevrə, onun ardınca Nyu-Yorkdan yağlı bir bonus da almaq mümkündür.
Amma məsələ ondadır ki, bu gedişlə iyirmi ildən sonra Qal rayonunda ancaq qocalar qalacaq, bunun da nəticəsi bəlli. Xaricdəki oyunçuları bu cür perspektiv qane etmirsə, onda samurzakanları abxaz məkanına inteqrasiya etməyə çalışan Abxaziya hökumətinə mane olmaması lazımdır. İlk növbədə də bu, regionda çətinliklə də olsa həyata keçirilən təhsil islahatlarına aiddir.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər