Abxaziyanın Tkuarçal şəhəri – ayaqda qalmağa çalışan keçmiş kömür paytaxtı
Abxaziyanın mədən şəhəri Tkuarçal tədricən ölür. Mədənlər çoxdan bağlıdır, başqa iş praktiki olaraq yoxdur. Yerli sakinlərin çoxu buranı tərk edib. Qalanlar üçün ayaqda qalmaq ümidi turizmə bağlıdır, bu sahənin inkişafı üçün isə hələ az şey edilib.
Bütün şəhərə bir yanacaqdoldurma məntəqəsi
— Doxsan beş benzin bizdə yoxdur, heç vaxt da olmayıb. Doxsan iki doldura bilərik.
— Necə yəni doxsan beş yoxdur? – mən təəccüblənirəm. – Yəni tələbat yoxdur?
—Bizim şəhərdə axı maşın azdır, yaxşılarını isə saymağa əl barmaqları yetər. Suxumda (Abxaziyanın paytaxtı) varlılar çoxdur, burda isə insanlar zor-güc dolanırlar, – şəhərə ayaq basar-basmaz yanacaqdoldurma məntəqəsinin operatoru məni sərt reallıqla üz-üzə qoyur.
Əldə olan benzindən doldurmalı olduq. Axı Tkuarçalın girişində yerləşən bu yanacaqdoldurma məntəqəsi şəhərdə yeganədir.
— Sən hələ burda Makdonalds da axtararsan. Axı dedim sənə: mərkəzi yolda benzin doldurmaq lazımdır, – İbrahim məni məzəmmət edir.
O özü əslən bu yerlərdəndir, səksəninçi illərin ortalarında məktəbi bitirəndən sonra Suxum Universitetinə qəbul olub. O vaxtdan bəri orada yaşayır. Gürcü-abxaz müharibəsindən sonra valideynlərini də Abxaziya paytaxtının yaxınlığındakı Aqudzera qəsəbəsinə köçürüb. Həmin vaxt insanlar kütləvi şəkildə Tkuarçalı tərk edirdi – kimi Suxuma, kimi Rusiyaya üz tuturdu.
• Şərh: Abxaziya iqtisadiyyatını çətin günlər gözləyir
• Rusiya müharibə gedən Şərqi Ukraynanı Cənubi Osetiya vasitəsilə necə maliyyələşdirir
Şəhər və müharibə
Burada hər yanda 1992-93-cü illər gürcü-abxaz müharibəsinin izlərini görmək mümkündür. Sənaye zonasından başlayan şəhərə çıxan kimi yolun hər iki tərəfində sıralanmış keçmiş müəssisələrin dağılmış, subtropik bitkilərin əhatəsindən boylanan binaları insanı kədərə və ümidsizliyə bürüyür.
Onların fonunda yenicə “qızıla” boyanmış şaxtaçı abidəsi Tkuarçalın sovet dövründəki industrial gücünün itirilmiş parçası kimi görünür.
Bütün gürcü-abxaz müharibəsi dövründə şəhər blokadada olub.
“İrəlidə Tkuarçalı mütəmadi atəşə tutan gürcü qoşunları vardı, arxada isə dağlar. Yemək yox idi. Ancaq nadir hallarda “böyük torpaqdan” vertolyotla ərzaq gətirirdilər. Amma bu yetərli olmurdu, təbii ki. İnsanların nəyi vardısa, bölüşdürürdülər”, – İbrahim danışır.
“Müharibə zamanı bura könüllülərin yeri idi. – bir dövr yadımdadı, evdə yemək qismində ancaq bal vardı, başqa heç nə. Səhər bal, günorta bal, axşam bal… hərdən döyüş mövqeyində düşmən gülləsindən daha çox yemək haqda düşünürdüm. Daimi aclıq hissi – blokada zamanı məndə məhz bununla assosiasiya olunur”.
Tkuarçallıların yaddaşı çoxdan şəhərin sovet dövründəki, gürcü-abxaz müharibəsindəki və hazırkı halına bölünüb.
Keçmiş möhtəşəmlik
Tkuarçal Abxaziyanın dəniz sahilində yerləşməyən yeganə şəhəridir. Hər tərəfdən dağlarla mühasirə olunub və dəmiryolu da daxil olmaqla ancaq bir giriş və çıxış yolu var. Ötən yüzilliyin iyirminci illərində burada böyük daş-kömür yataqları aşkarlanıb.
Sovet İttifaqında həmin ərəfədə bütün gücü ilə industrializasiya gedirdi, odur ki, ölkə rəhbərliyi sənaye emalını ləngitmədi. Qısa müddət ərzində bu dağlıq ərazidə bir neçə mədən və emal müəssisəsi açıldı, Tkuarçal kömürünün daşınması üçün dəmiryolu çəkildi.
Burada əsasən metallurgiya kombinatlarının işinin onsuz mümkün olmadığı yüksək keyfiyyətli antrasit hasil olunurdu.
Böyük Vətən Müharibəsi zamanı ölkə üçün Tkuarçal kömürünün əhəmiyyəti daha da artdı.
“Almanlar Donbası işğal etdikləri zaman ölkənin cənubunda bütün arxa cəbhənin sənaye müəssisələrinin, o cümlədən də Qara dəniz donanmasının kömürlə təchizatı yükü tamamən bizim mədənlərin üzərinə düşdü. Məhz buna görə 1942-ci ildə, müharibənin ən qızğın çağında, düşmən Böyük Qafqaz dağlarına gəlib çıxmışkən və hər an Abxaziyaya soxula bilərkən, bizim Tkuarçal, o zaman Tkvarçeli adlanırdı, şəhər statusu aldı”, – yerli məktəbin tarix müəllimi Dmitri Şoua danışır.
Tkvarçelinin mərkəzi hissəsində inzibati və ictimai, o cümlədən də yaşayış binalarının çoxu müharibənin sonunda və müharibədən sonrakı ilk illərdə əsir götürülmüş alman əsgərlər tərəfindən inşa edilib. Binaların layihələndirilməsində alman memarlar və mühəndislər iştirak ediblər. Stalin ampiri ilə qarışıq qotik üslub Tkuarçalı bütün başqa kiçik şəhərlərdən fərqləndirib.
Yalnız Tkuarçal yox, yaxınlıqda yerləşən şaxtaçı qəsəbələri – Akarmara, Cantux, Polyana da belə möhtəşəm inşa edilmişdi.
Tkuarçal əhalisi sovet dövründə təxminən 30 min nəfər idi. Üstəlik hər bir ətraf şaxtaçı qəsəbəsində iki-üç min insan yaşayırdı.
“Bizim Cantuxda bütün lazımi infrastruktur vardı – kinoteatr, mağazalar, o cümlədən də kitab dükanları. Bərbərxana, əmanət kassası, kimyəvi təmizləmə vardı. Hətta milis şöbəsi də”, – İbrahim xatırlayır. – “Mağazalar yüksək səviyyədə təchiz olunurdu. Defisit mallar üçün Suxumdan, Qaqradan bura gəlirdilər. İttifaqda şaxtaçı peşəsinə xüsusi hörmət vardı”.
Tənəzzül
İndi keçmiş möhtəşəmlik və diqqət insanlara şirin yuxu kimi gəlir.
Səksəninci illərin sonlarından sovet iqtisadiyyatının tənəzzülü ilə Tkuarçal əhalisinin başqa yerlərə axını başladı. Gürcü-abxaz müharibəsindən sonra isə köç kütləvi oldu.
Bu gün şəhərdə yaşayanların sayı beş mindən çox olmaz. İşsizlik Tkuarçalın əsas problemlərindən biridir. Kömür mədənləri tərk edilmiş vəziyyətdədir. 2000-ci illərdə Türkiyənin bir şirkəti karxana üsulu ilə kömür hasilatına başlayıb, amma artıq beş ildir ki, iqtisadi böhran səbəbilə şirkət fəaliyyətini dayandırmağa məcbur olub.
Sovet dövründə şəhərdə işləyən bir neçə zavoddan hazırda ancaq biri işləyir, o da çox məhdud rejimdə – burada Abxaziyanın dövlət mükafatlarının hazırlanması üzrə sex fəaliyyət göstərir.
Abxaziya hakimiyyəti vaxtaşırı əhalinin şəhərdən axınını dayandırmağa çalışır. Mədəniyyət Evi və İdman Sağlamlıq Kompleksi təmir edilib, xəstəxananın tikintisi yekunlaşmaq üzrədir. Hətta üzgüçülük hovuzu da planlaşdırılmışdı, amma layihənin həyata keçirilməsinə pul çatmayıb və inşaat işləri artıq on ildir ki, dondurulub.
Şəhərdə teatr da var. Özfəaliyyət teatrı kimi yaradılıb, amma az əvvəl statusu yüksəldilib, dövlət teatrı olub. Truppa böyük deyil, cəmi dörd aktyor var. Rejissor Roman Sabua kadr problemlərindən şikayətlənir:
“Bizdə kişi qıtlığıdır. Yerli oğlanlar aktyor olmaq istəmir, utanırlar, gəlmə aktyorları isə cüzi maaşla bura cəlb etmək mümkün deyil. Odur ki, tamaşa seçərkən kadr reallığını nəzərə almaq lazım gəlir”.
Cantux qəsəbəsi – ailə başına bütöv binalar
Abxaziya hakimiyyətinin Tkuarçalı dəstəkləmək üçün resursları müəyyən qədər yetsə də, şaxtaçı qəsəbələri bu dəstəyi ümumiyyətlə görmür.
“Bu mənim binamdır, o da Kolya Sinyakovun. Düzdür, onun binası iki cəmi blokludur, mənimki isə üç”, – Cantux qəsəbə sakini Vova Barqanciya deyir. Söylədikləri əvvəlcə zarafata bənzəyir, amma hər tərəfdən mənzillərin adamın üstünə-üstünə gələn boş pəncərə çərçivələrini gördükcə səslənən sözlərin tam ciddiyyətini anlayırsan.
Vovanın binası alman hərbçiləri tərəfindən qotik üslübda tikilib. Kəsmə daşlardan möhkəm inşa edilib. Divarların qalınlığı təxminən bir metrdir. Onun sözlərinə görə, “damı zay olmasa”, hələ bir neçə əsr dura bilər.
Vaxtaşırı dam örtüyünü yamayır, amma sadəcə kosmetik təmir artıq yetərli deyil. Tavan lap köhnəlib və tam yenilənməyə ehtiyacı var.
“Bu mənzil mənim zirzəmimdir. Bir zamanlar burada müəlliməm Vera Pavlovna yaşayırdı. Bu mənzili isə qonaqlar üçün istifadə edirəm”, – Vova bizi binada gəzdirərək öz “mülkü” ilə tanış edir. Qəsəbədə heç bir mənzil açarla kilidlənmir – buna ehtiyac yoxdur. İnsanlar çox kasıb yaşayır, üstəlik sayları da hədsiz azdır.
Cantuxda cəmi səkkiz ailə qalıb. Əgər hər şey olduğu kimi davam etsə, on ildən sonra qəsəbədə ümumiyyətlə heç kim qalmayacaq. Burada heç bir infrastruktur yoxdur. Nə məktəb, nə tibb məntəqəsi, hətta kiçicik ticarət köşkü də yoxdur. Çörək üçün çınqıl yolla Tkuarçala getməli olurlar. Düz on kilometr.
Vova Barqanciya Türkiyənin bağlanmış kömür hasil edən şirkətinin inzibati binasında mühafizəçi işləyir. Əməkhaqqı 15 min rubldır. Deyir ki, bəxti gətirib, “belə işi Tkuarçalda gündüz çıraqla da tapmaq mümkün deyil”.
Qəsəbənin digər sakinləri əsasən natural təsərrüfatla dolanırlar. Demək olar ki, hamısı ovçudur. Ov üçün uzağa getməyə ehtiyac da yoxdur, vəhşi donuzlar və ayılar bəzən özləri bura gəlirlər.
Xarabalıqlar turizm mühərrikidirmi?
Yerli sakinlərin Tkuarçalı və onun qəsəbələrini qoruyub saxlamaq ümidləri daha çox sənayenin bərpası ilə yox, turizmlə bağlıdır. Son illərdə bu region rusiyalı blogerlər tərəfindən çox təbliğ edilir. Onlardan çoxu tərk edilmiş saraylar və yaşıllıq içində qərq olmuş zavod xarabalıqları assortisindən heyrətlənib.
Bundan başqa, gözəl şəlalələr və dərələr də var ki, onlar da rusiyalı turistlər üçün çox cəlbedicidir. İnternetdə yayılan çox sayda foto və videolar faktiki olaraq Tkuarçalın pulsuz reklamı kimi xidmət edir.
Regiona turist axını əlbəttə ki, Abxaziyanın Qaqra və Pitsunda kurortlarına gələn turist sayı ilə müqayisə oluna bilməz – burada ancaq bir mini-mehmanxana var və gün ərizndə bir neçə ekskursiya qrupu olur – amma bu cür diqqətdən uzaq olan tkuarçallılar üçün bu, artıq az deyil.
“Bir gündə buradan yüz turist maşını keçiri. Mütləq burda dayanırlar, bal və ya zoğal kompotu alırlar”, – Nonna Berzeriya turizm maraqlarının miqyası haqda danışır. Onun şüşə qablarda ev konservləri satdığı kiçik piştaxtası bütün ətrafda yeganədir.
Bu piştaxta Akarmara qəsəbəsində iki şəlaləyə gedən yolayrıcında yerləşir. Nonnanın üç qızı var. Üçü də ərdədir və Suxumda yaşayırlar. Vaxtaşırı heç yana getmək istəməyən analarını ziyarət edirlər. Nonna inanır ki, gec-tez burada həyat normala qayıdacaq.
“Mediaşəbəkənin” dəstəyilə
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews, və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.