Abxaziya: Rusiyasız varlanmaq
Bəlkə də hər şeyi olduğu kimi saxlamaq fikri Raul Xadjimbanın ağlına gəlirdi. Xüsusən də ona görə ki, abxaz cəmiyyəti kifayət qədər mühafizəkardır və istənilən dəyişiklikliyi çətinliklə qəbul edir.
Amma bu əvvəllər beləydi. 2016-cı ildə abxaz liderinin artıq belə bir seçimi yoxdur. 2015-ci ildə Moskva tərəfindən vəd edilən dörd milyard rublun [$57 milyon] Suxum ancaq 7 faizini ala bildi.
2009-cu ildən 2014-cü ilə qədər Abxaziyanın sosial-iqtisadi inkişafına dəstək üzrə kompleks planlar çərçivəsində Rusiyanın büdcəsindən 15 milyard rubldan [$ 211 milyon] çox vəsait daxil olub. Bu vəsait hesabına əlbəttə ki, xəstəxanalar, məktəblər, mədəniyyət evləri və stadionlar tikilib.
Amma sonda respublika ancaq Rusiyanın köməyindən böyük asılılığı olan iqtisadiyyat və heç nəyi dəyişmək istəməyən parazitik bürokratiya qazandı.
İndi isə Rusiyadan kiçik maliyyə dəstəyi axını açıq-aşkar qurumağa başlayıb və Abxaziya təkbaşına çıxış yolu axtarmalı olacaq.
2016-cı ilin əvvəlinə Raul Xadjimba “Abxaziya iqtisadiyyatını inkişaf etdirmək, büdcəni dotasiyadan azad etmək məqsədilə radikal islahatlar həyata keçirəcəyini bildirdi.
O, buna necə nail olmağı planlaşdırır?
1. Vergiləri artırmaq
İlk addım artıq parlament tərəfindən təsdiq edilən vergi sisteminin dəyişdirilməsi oldu. Əgər əvvəllər idxal olunan mallardan ancaq gömrük rüsumu tutulurdusa, indi sahibkarlar həm də 10 faiz həcmində ƏDV də ödəməlidirlər.
Hökumətdə hesab edirlər ki, bu yenilik abxaz istehsalçısını ucuz idxal mallarından qoruyacaq, yerli mallara rəqabət aparmaq və inkişaf etmək imkanı verəcək və vergi daxilolmalarını bir miyard rubla qədər artıracaq.
2015-ci ilə olan rəsmi statistikaya görə, Abxaziyada idxalın həcmi ixracdan altı dəfə çoxdur və yerli istehsalatın inkişafı məsələsi həddən artıq aktualdır.
Gözləntilərə görə, yeniliklər ilk növbədə qida məhsulları istehsal edən müəssisələrin həyatını yüngülləşdirəcək. Misal üçün, Suxum süd zavodunun.
İki il öncə bu müəssisə Rusiyanın maliyyə dəstəyi hesabına faktiki olaraq yenidən tikildi, müasir avadanlıqla təchiz edildi və böyük təmtəraqla işə salındı. Amma bir neçə aylıq fəaliyyətdən sonra zavod işini dayandırdı. Əsas səbəb xarici süd məmulatları ilə rəqabətə girə bilməməsindən ibarətdi.
İdxal mallarına qoyulan ƏDV həm də tikinti materialları istehsal edən müəssisələrə ayağa durmağa kömək edəcək. İndiyə qədər bu bazarın böyük hissəsini türk və rus malları tuturdu, Abxaziyada istehsal olunan analoji mallar onlarla rəqabət apara bilmirdi. Hazırda İqtisadiyyat Nazirliyində balansı dəyişəcəklərinə söz verirlər.
İdxal mallarına ƏDV-nin tətbiq edilməsinə daha bir səbəb (düzdür, hökumət bu haqda açıq danışmağı sevməsə də) ticarətlə məşğul olan müəssisələrin dövriyyəsinə nəzarət etməyin mümkünsüzlüyü ilə bağlıdır. Kassa aparatları mədəniyyətini bu illər ərzində ancaq iri mağazalarda aşılamaq mümkün oldu. Qalanlarda mal faktiki olaraq qeyd olunmadan satılır və onların ödədikləri vergi real dövriyyəyə heç də uyğun deyil.
Təbii ki, ticarət şirkətləri biznesin idarə olunmasının yeni qaydalarını heç də sevinclə qarşılamadılar. Parlament qarşısında idxal mallarına ƏDV-nin ləğv edilməsi tələbi ilə etiraz aksiyaları keçirildi. Amma etirazçıların nail ola bildiyi yeganə şey siyahıya daxil olan malların çeşidinin cüzi şəkildə azalması oldu.
2. Büdcənin gəlir hissəsini artırmaq
2016-cı il üçün Abxaziya ilk dəfə olaraq iddialı bir büdcə aldı – müstəqil şəkildə qazanılan vəsaitin payı (Rusiyadan dotasiya olmadan) əvvəlki illərlə müqayisədə iki dəfə artmalıdır.
Əgər son üç ildə öz gəlirləri 3 milyard rublu [$43 milyon] keçmirdisə, indi altı milyard qazanmaq lazımıydı.
Buna hökumətdə keyfiyyətli idarəetmə və ən əsası “kölgə iqtisadiyyatının leqallaşdırılması hesabına nail olmağa hazırlaşırlar, onun respublikada payı 50 faizdən çoxdur.
“Bu, çətin olsa da, mümkün işdir – elə etmək lazımdır ki, biznesə vergi ödəmək, məmurları yedizdirməkdən daha əlverişli olsun, – parlamentin büdcə komitəsinin sədri Beslan Tsvinaria deyir.
Bu məqsədə çatmağın addımları kimi hökumət vergi məcəlləsinə dəyişiklikləri (yuxarıda qeyd olunan) və artıq tezliklə açıqlanmalı olan mühasibat uçotu sistemində əsaslı islahatları göstərir.
Növbəti ölçü dövlət sifarişlərinə mütləq şəkildə açıq müsabiqələrin keçirilməsi haqda qanunun qəbul edilməsi olacaq.
Ötən ilin sonunda Abxaziya hökuməti Sosial-İqtisadi İnkişaf Strategiyasını təsdiq edib və söz verib ki, ən qısa zamanda müxtəlif sahələr üzrə yazılan inkişaf proqramı təsdiq ediləcək.
3. Büdcənin məxaric hissəsinə nəzarətin tətbiq edilməsi
2016-cı ilin fevral ayında Abxaziyada Dövlət xəzinədarlığı yarandı, onun əsas funksiyası büdcə vəsaitinin xərclənməsinə nəzarətdir.
İqtisadiyyat Nazirliyində təsdiq edirlər ki, büdcə vəsaiti tez-tez təsdiq edilmiş smeta üzrə deyil, məmurun istəklərindən çıxış edərək xərclənir və çox vaxt müxtəlif sxemlərdə “itir. Xəzinədarlıqdan gözləntilər ondan ibarətdir ki, o bu prosesə sərt və cəmiyyət üçün şəffaf nəzarət tətbiq edəcək.
4. Bürokratik aparatı ixtisar etmək
Hələ ötən il Abxaziyanın büdcə təşkilatlarında işçilərin təxminən 15 faizini ixtisar etdilər. Amma iqtisadiyyatın real sektorunda bir işçi başına iki idarəçinin düşdüyü bir vəziyyətdə belə bir ixtisar yarımçıq tədbir kimi görünür.
“Əslində Raul Xadjimbanın bürokratiyanın iştahasını azaltmaq və bununla bərabər iqtisadiyyatı “kölgədən çıxarmaqdan başqa bir çıxış yolu da qalmır. Xüsusən də müxalifətin artıq prezidentin müddətdən əvvəl istefaya göndərilməsi ilə bağlı referendumun keçirilməsi üçün imza toplamağa başlamasından sonra. Ölkə büdcəsinin doldurulmasında nəzərə çarpan uğurlar və korrupsiya ilə effektiv mübarizə olmadan prezidentin öz vəzifəsini saxlamaq şansı çox azdır, – publisist İbrahim Çkadua hesab edir.
Raul Xadjimba üçün 2016-cı il onun prezidentliyi dövrünün ən ağır və ən gərgin ili olacaq. Bürokratiya və hüquq müstəvisindən kənarda mövcud olmağa öyrəşən biznes onun yeniliklərinə müqavimət göstərərək, populyar olmayan rəhbər imici formalaşdıra bilərlər.
Amma Abxaziya prezidentinin də uğurlu iqtisadi islahatlar aparmaqdan başqa bir çıxış yolu yoxdur.
Məqalədə qeyd olunan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə də bilər.
Dərc edilib: 24.03.2016