Abxaziya qədim xəritədə
Tanınmış abxaz fotoqraf İbrahim Çkadua Suxumda qeyri-adi sərgi keçirir – o, tamaşaçılara Abxaziya tarixinin müxtəlif dövrlərini əks etdirən xəritə və qravyuralardan ibarət kolleksiyasını təqdim edir.
Abxaziya Rəssamlar İttifaqının Mərkəzi Sərgi Zalında ümumilikdə 37 xəritə və 10 qravyura görmək mümkündür. Onların arasında 17-ci əsrdən 20-ci əsrə qədər coğrafi, siyasi, topoqrafik xəritələrin orijinalları var. O cümlədən də antik mənbələr əsasında tərtib olunmuş xəritələr.
İbrahim Çkadua JAMnewsa kolleksiyası və onun tarixi haqda danışıb:
“Xəritələri tamamən təsadüf nəticəsində toplamağa başladım. Bukinist mağazasında 1919-cu ilə aid İngiltərə xəritələrinin dəstini gördüm, o dövrdə Abxaziyanın necə qeyd olunduğunu görmək üçün bizim regionu axtarmağa başladım.
Bu, Rusiya İmperiyasının parçalandığı və hər yanda vətəndaş müharibələrinin getdiyi bir dövr idi. Abxaziya “Qara dəniz direktoriyası” kimi qeyd olunmuşdu, bu da dövlət hakimiyyətinə aidiyyəti olmayan kollegial idarəetmə forması demək idi.
İxtisasca tarixçi olduğum üçün müxtəlif tarixi dövrlərdə Abxaziyanın statusunu araşdırmağa davam etmək istədim. Beləcə kartoqrafiya ilə maraqlanmağa və imkan daxilində Abxaziyanın qeyd olunduğu xəritələri almağa başladım.
Üç ilə yaxındır ki, xəritələri fəal toplayıram. Zamanla xəritələri daha çox internet vasitəsilə müxtəlif saytlardan və auksionlardan əldə edirəm. Abxaziyanın tarixinə dair qravyuralar və digər materiallar da axtarıram. Növbəti eksponat artıq əlimə keçəndən sonra hazırlanma tarixi və istehsalçı ilə bağlı detallı araşdırma aparıram. Beləcə 1920-ci illərin əvvəllərinə aid Almaniya istehsalı olan lüks siqaretlərin içliyi əlimə keçdi. U, dünya ölkələrinin gerbləri seriyasıdır, necə ki, indi futbolçuların və ya aktyorların şəkillərini buraxırlar. Bax, bu içliklər ayrı-ayrılıqda Abxaziya və Gürcüsttan gerblərinə həsr edilib.
İndi 17-ci əsrdən 20-ci əsrə qədər qırxa yaxın xəritəm var. Onlardan ən yenisi 1940-cı ilə aiddir. Bu, Almaniya istehsalı olan hərbi xəritədir, bu xəritə topoqrafikdir. Hərbi əməliyyatlar ehtimalı üçün nəzərdə tutulub, üzərindəki möhürlər, o cümlədən də svastikalı və SS abbreviaturalı surğuc möhür buna şahidlik edir.
Kolleksiyamda ən yaxşı 18 və 19-cu əsrlər təmsil olunub. 20-ci əsrə aid Abxaziya Sovet İttifaqı Respublikasının və Abxaziya Sazişli İttifaq Respublikası statusunda xəritələr var, hər ikisi Sovet İttifaqının yeni qurulduğu dövrə istehsal olunub.
Tarixi boşluqları doldurmağa çalışaraq bu kolleksiyanı toplayıram, amma maddi imkanlarımı da nəzərə almaq şərtilə. Buna görə də 17-ci əsrdən daha qədim xəritələrim yoxdur. Elə bu əsrin özü də cəmi üç xəritə ilə təmsil olunub, çünki bir qayda olaraq, xəritə nə qədər qədimdirsə, bir o qədər bahalıdır. Hərçənd xəritənin ölçüsü, nadirliyi və rəngarəngliyi də qiymətə təsir edir.
Kartoqrafiya dünyası rəngarəng və kəşflər doludur. Bir də axı xəritələr yəqin ki, tarixi mənbələrin ən obyektiv növlərindən biridir. Nlarda siyasi tarixlə, toponimika, etnoqrafiya, coğrafiya və sairə ilə bağlı çoxlu məlumatlar var. Tarixçilər bir çox hallarda bugünkü ən yeni tariximizdə yaşanan hadisələrin təşəbbüskarı olublar.
Xəritə toplamaqla mən tarixin obyektiv dərkinə öz töhfəmi vermək istəyirəm. Bu xüsusən Gürcüstan və Abxaziya arasındakı münasibətlərə aiddir. Xüsusilə də 20-ci əsrə aid faktları, 1992-1993-cü illər abxaz-gürcü müharibəsinə gətirib çıxarmış tarixi hadisələri hətta xəritələrlə də izləmək mümkündür.
Hazırkı sərgini əsasən alimlərin və cəmiyyətin marağını tarixi kartoqrafiyaya cəlb etmək üçün təşkil etmişəm. Bu gün tarix, eləcə də ümumilikdə elm əvvəllər tutduğu yerdə deyil. Bəlkə də bu daha yaxşıdır, məsələn, gürcü tarixçi Pavel İnqorokva bir çox məsələlərdə Gürcüstan və Abxaziya arasında münasibətlərə təsir edib.
Amma bu o demək deyil ki, tarixlə məşğul olmaq gərəksizdir. İndi bir çox mənbələr əlçatan olub, çünki bütün dünya üzrə muzeylər və arxivlər kütlələrə açıqdır. Bu, tarix elmini küçə müzakirələrindən universitet və məktəb divarları arasına qaytarmalı olan tarixçilər üçün böyük imkan deməkdir”.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır