Abxaziya parlamentinin yeni tərkibindən daha çox hakimiyyət razıdır
Abxaziya parlamentinə ötən bazar günü sona çatan seçkilərin nəticələri müxalifətdən daha çox, hakimiyyəti sevindirir.
Səsvermənin birinci turundan sonra (bu zaman parlamentin ancaq üçdə biri formalaşdırılmışdı) hakimiyyətlə müxalifət əldə edilən deputat mandatlarının sayına görə bərabər idilər.
Səsvermənin ikinci turu isə prezident Raul Xadjimbanın tərəfdarları üçün daha sevindirici oldu: seçkilərin ikinci turunun keçirildiyi 22 dairənin əksəriyyətində hakimiyyətə yaxın olan namizədlər qalib gəldi.
Hazırda yeni parlamentdə 35 yeni seçilmiş deputatdan 20 nəfəri iqtidaryönlü sayılır.
Müxalifət çox güman ki, ikinci turdan daha çox şey gözləyirdi. Onun kuluarlarında hətta parlament çoxluğu formalaşdırmaq ümidi varıydı. Amma ikinci turdan sonra müxalifət artıq əlində olan beş yerdən əlavə parlamentdə daha dörd yer qazana bildi.
Bununla belə, müxalifətçilərin parlamentdə az sayı təcrübə və keyfiyyətlə kompensasiya olunacaq. Müxalifəti yeni parlamentdə Abxaziyanın keçmiş prezidenti Aleksandr Ankvab və son prezident seçkilərində 35% səs toplayan, “Apra” fondunun sədri Aslan Bjaniya kimi şəxslər təmsil edəcək.
Prezident Raul Xadjimbanın tərəfdarları isə parlamentin yeni tərkibində bu cür ağır çəkili fiqurların olmasıyla qürrələnə bilməzlər
Hakimiyyət tərəfdarları və müxalifət nümayəndələrindən başqa, parlamentin yeni tərkibinə əvvəlcədən nümayişkaranə şəkildə iki, bir-birinə rəqib olan düşərgələrdən uzaq duran şərti “neytral” siyasətçilər qrupu da daxil olub.
O cümlədən deputat mandatlarına keçmiş daxili işlər naziri Raul Lolua, “Aynar” partiyasının liderlərindən biri olan Almas Copua və Mərkəzi Seçki Komissiyasının keçmiş başçısı Batan Tapaqua da sahib olublar
Yəni prezident Raul Xadjimbanın düşərgəsində qələbəni nə qədər qeyd etsələr də, yeni parlamentin bütün fəaliyyəti müddətində mövcud hakimiyyətə qarşı loyallıq göstərəcəyi ilə bağlı əminlik prezidentin ətrafında olan ən nikbin ekspertlərdə belə yoxdur.
Abxaziya parlamentinin hazırda formalaşdığı majoritar seçki sisteminin özü deputatlara manevr etmək, yəni vəziyyətə uyğun hərəkət etmək, öz yanaşmasını mövcud siyasi reallıqdan çıxış edərək formalaşdırmaq imkanı verir.
Unutmaq olmaz ki, hazırda müxalifətçi olan Aleksandr Ankvabın prezidentliyi dövründə formalaşan keçmiş parlament də əvvəlcədən iqtidaryönlü idi. Amma 2014-cü ilin may ayında müxalifət prezident sarayına hücum çəkəndə və Ankvabı vaxtından əvvəl istefa verməyə məcbur edəndə parlamentdə qüvvələrin nisbəti də 180 dərəcə dəyişdi.