Abxaziya parlamenti ənənəsinə sadiq qalır – müxalifətə bir dənə də rəhbər vəzifə vermədilər
Abxaziya parlamentinin yeni tərkibi bir neçə gün bundan əvvəl özünə spiker və onun müavinlərini seçdi, bu həftə doqquz parlament komitəsi və komissiyasının rəhbərləri müəyyən olunacaq.
Belə görünür ki, parlament bütün rəhbər vəzifələrin hakimiyyəti dəstəkləyən parlament çoxluğuna verilməsi ənənəsinə sadiq qaldı – bir nəfər də olsun müxalifət nümayəndəsi və ya ən azı müstəqil deputatlardan biri rəhbər orqanlara seçilmədi.
Böyük ehtimalla parlament çoxluğu komitə və komissiya rəhbərlərinin portfellərini öz nümayəndələri arasında elə bu cür də bölüşdürəcək.
Abxaziyada tarixən belə qurulub ki, parlamentin fəaliyyətinə kütləvi maraq ancaq bir gün olur, bu zaman hətta siyasətdən tam kənar olan evdar xanımlar belə bir saatlıq olsa da serialından ayrılıb, ağıllı sifətlə siyasətdən danışmağa başlayırlar. Bu, yeni seçilmiş parlamentin birinci iclasıdır.
Birinci iclasa bu cür münasibətin sərgilənməsi həmişə sirr olaraq qalıb, çünki birinci iclasda heç bir tarixi qərar və ya hər hansı vacib bir qanun qəbul etmək mümkün deyil. Gündəm ancaq kadr məsələləri – spiker və onun müavinlərinin seçilməsindən ibarət olur.
Görünür, bu kadr məsələsi hətta evdar xanımlara belə rahatlıq vermir. Onları kimin rəhbər seçilməsi o dərəcədə narahat edir ki, sanki onlar rəyasət heyətində öz yerlərini tutandan sonra hər bir tamaşaçıya kommunizmə aparan ən qısa yolun xəritəsini verəcəklər.
Aprelin 12-də keçirilən parlamentin birinci iclası günü hamını bir məsələ narahat edirdi: parlament iclasının birbaşa yayımı olacaqmı? Hətta hökumət binasından bir məhəllə o tərəfdə duran milisi belə yayım məsələsi narahat edirdi, halbuki aydın deyildi ki, onlar postda dura-dura bu yayıma necə baxmağa hazırlaşırlar.
Spiker
Ta iclas başlayana qədər sosial şəbəkələrdə kimin spiker olacağı ilə bağlı coşqun mübahisə gedirdi. “Facebook” istifadəçiləri arasında böyük səs çoxluğu ilə keçmiş Abxaziya prezidenti, hazırda müxalifətin lideri olan Aleksandr Ankvab qalib gəldi.
Amma reallıq virtuallıqdan çox fərqlidir. Parlamentin indiki tərkibi ilə Aleksandr Ankvabın seçilmə şansı sıfıra bərabər idi və o, bunu çox gözəl başa düşürdü. 35 deputatdan 20-si prezident yönlü sayılır və heç bir halda öz səsini nəinki keçmiş prezidentə, hətta öz dairələrinə aid olmayan heç bir kəsə verməyəcəklər.
İclası mövcud reqlamentə əsasən ən yaşlı deputat Valeriy Kvarçiya açdı. Valeri Yeremeyeviç təkcə ən yaşlı deyil, həm də ən təcrübəli deputatdır. 20 ildir ki, qısa fasilələrlə parlamentdədir.
Spiker postuna da onun namizədliyi irəli sürüldü.
Müxalifətçi qrup və özünü müstəqil hesab edənlər, Kvarçiyanın namizədliyinə hörmətlə yanaşdılar, eyni zamanda da spiker postuna keçmiş MSK rəhbəri, hazırda deputat olan Batal Tapaquanın namizədliyini irəli sürdülər.
Məhz bu iki Kvarçiya və Tapaqua soyadları yeni çağırışda parlamentin işinin açılışına hələ xeyli qalmış mümkün spikerlər kimi göstərilirdi. Yəni ki, bütün hadisələr açıq-aşkar əvvəlcədən yazılmış ssenari və ya ssenarilər üzrə cərəyan edirdi.
Daha bir namizədliyi “Aynar” partiyasının yeganə nümayəndəsi, üsyankar reputasiyası olan Almas Copua sürdü. Birinci iclasa o çərkəz papağında, xəncər və tapança ilə gəldi. Amma sakit və gülərüz danışırdı. O, spiker vəzifəsinə “Aruaa” veteran hərəkatının lideri İlya Quniyanın namizədliyini irəli sürdü, amma Quniyanın özü namizədliyini geri götürdü.
Nəticədə Kvarçiya 20, Tapaqua isə 10 səs topladı. Daha dörd bülleten etibarsız sayıldı. Abxaziyada yeni parlamentin spikeri Valeri Kvarçiya oldu.
Müavinlər
Üç müavinin seçilməsi sadə bir proses oldu. Namizədlər qismində Said Xaraziya, Levon Qalusyan və Mixail Sanquliya təklif olundu. Hansısa ağlasığmaz şəkildə indiki parlament tərkibi kimi bu cür güclü kişi cəmiyyətinə düşən yeganə qadın olan Nataliya Smırın da adı çəkildi. Amma onun özü imtina etdi. Müxalifət isə özününkülərdən heç kimi təklif etmədi, halbuki təklif etsəydi belə çətin ki, bu namizədlərdən kimsə seçiləydi.
Nəticədə üç vakant yerə müsabiqə alınmadı. Abxaziya parlamenti bu mənada ənənəvi mühafizəkarlığı ilə seçilir. Qalib hər şeyə sahib olur. Görünür məhz buna görə də kadr məsələsi siyasətdən kənar evdar xanımlar üçün bu dərəcədə maraqlıdır.