Abxaziya niyə “kriptovalyuta cənnətinə” çevrilib?
Abxaziya, mayninq, kriptovalyuta – Abxaziya necə “cənnətə” çevrildi? Rusiyanın “Novaya qazeta” nəşrinin müxbiri mayninqin Abxaziyada niyə belə nəhəng miqyas aldığını anlamaq və bununla pul qazanan insanların nə dediklərini dinləmək üçün ora yollanıb.
Reportajın tam versiyası “Novaya qazeta” saytında
“Hamı bunu edir”
Abxaziyada “mayninq” sözü pensiyaçı, çoban, fəhlə və işsizə məlumdur. Mayninq Abxaziyada milli hobbi, hökumətin sevimli oyuncağı, ölkəyə investisiya cəlb edən yeganə yoldur. Hər şey ötən ilin dekabrında bitib. Bitibmi?
“Pensiyaçının yeməyə heç nəyi yoxdursa, bəs nə etsin?” – Razmik adlı yerli sakin deyir. – “Mən də fikirləşirəm ki, maşınka qoyum. Necə niyə? Məgər sən bilmirsən? Bu, ayda yüz və ya hətta iki yüz min edir, heç nə eləmək də lazım deyil, bizdə hamı bu… mayninqi edir”.
Son zamanlar Abxaziya sakinləri elektrik enerjisinin “qrafikdən kənar” söndürülməsindən şikayət edirlər. Yəni qrafik üzrə söndürülməsi aydındır, qrafikdən daha çox söndürülməsi isə qəzəb doğurur.
Abxaziyada mayninq elektrik enerjisi qıtlığına səbəb olub, buna görə də 2018-ci ilin dekabrında hakimiyyət bunu qadağan edib. Hərçənd bunun təsiri olmayıb və 2020-ci ilin sentyabrında mayninq yenidən leqallaşdırılıb. Amma bu yolla da elektrik enerjisinin maynerlər tərəfindən sərfiyyatını nəzarət altına almaq mümkün olmayıb. Dekabrın əvvəlində Abxaziyada mayninq yenidən qadağan olunub, hökumət isə artıq sərt inzibati tədbirlərlə qanunsuz mayninqin qarşısını almağa çalışır.
Abxaziyada mayninqin populyarlığını stimullaşdıran elektrik enerjisinin faktiki rəmzi qiymətidir – bir kilovat/saatı 0,4 rubla [0,5 sentə yaxın]. Üstəlik hətta bu cüzi ödənişin toplanması da Abxaziyada artıq uzun illərdir ki, problemdir.
Maynerlər necə başlayıb və nə qədər qazanıb?
“Qadağaya qədər Abxaziyada olan böyük mayninq fermalarının əksər hissəsi Rusiya pulları hesabına alınıb”, – “Abxaziya layihələri” tərəfdaşlığının və saytının yaradıcısı, Abxaziyada iqtisadiyyat və biznes eksperti Kiril Bazilevski deyir. – “Sahibkar kimi yerli adam da göstərilə bilər, amma reallıqda çox vaxt investisiyanı Rusiya vətəndaşları yatırıb. Bizə hələ də Abxaziyada mayninq ferması yaratmaq mümkündürmü deyə suallar gəlir.
İnsanlara izah etməli oluruq ki, mayninq burada ötən ilin dekabrından qanundan kənardır, ölkəyə avadanlıqları gətirmək qadağandır, hələ də işləyənlər isə qanunsuzdur”.
Andrey ötən yasdan Abxaziyada mayninqlə məşğul olmağa başlayıb. İndi iki maşını satışa qoyub. Birini 100 min rubla (1400 dollara yaxın), digərini isə 250 min rubla (3400 dollara yaxın) təklif edir. Hər ikisi peşəkarlarınfikrincə ənbahalı və sərfəli kriptovalyuta olan bitkoin istehsal edir.
“Mən onları oktyabrda almışdım, Abxaziyada qoydum”, – o danışır. – “Dərhal qoşa bilmədim, elektrik çatmırdı. Ay yarım işlədə bildim. Daha böyük olan, hardasa ayda 50 min (680 dollara yaxın) gəlir gətirir, yəni heç pulunu çıxara bilmədim. Daha sonra problem yarandı, haraya qoyum, çünki mayninqi qadağan etdilər və bizi ovlamağa başladılar. İndi onları qoymağa yerim yoxdur.
Asiklərin (ASIC (ing.) – xüsusi təyinatlı inteqral sxem) yerinə başqa fermalar yaratmağı planlaşdırıram – videokartlarla. Onlar bitkoin yox, efir (başqa bir kriptovalyuta, bitkoindən daha ucuzdur və o qədər də güclü avadanlıq tələb etmir) istehsal edirlər. Videokartlarla daha səssiz işləyirlər, otaqların birində və ya balkonda qoymaq mümkündür”.
Ruslan Andrey kimi, eyni səbəblə üç maynerini satmalı olub: qoymağa yer tapmayıb. Əvvəllər maynerləri Qaqrada tərk edilmiş sanatoriyada yerləşdiribmiş. Bina bomboşdir, amma bir neçə il əvvəl “rusiyalı sahibkar” onu alıb, bərpa etmək istəyib, pəncərələri yenilədi, mebel gətirdi, amma sonra nəsə işlər yarım qaldı.
“Mən gözətçiyə pul verirdim ki, fermalarımı qorusun”, – Ruslan davam edir. – “Mayninq qadağan olunanda o, başı ağrıması deyə məndən hər şeyi aparmağı xahiş etdi”.
Sergeyin (ad dəyişdirilib) fermaları mayasını çıxarıb. Sergey Abxaziyada mayninq qadağan olunmamışdan bu işə başlayıb, onun üçün avadanlıqlar ölkəyə leqa gətirilib və buna görə də baha başa gəlməyib.
“O vaxt indiki kimi buna bütün pulunu xərcləməyə ehtiyac yox idi”, – o izah edir. – “Qiymətlər iki il əvvəl qalxıb, ilkin asikləri isə 20 mindən (270 dollar) almaq mümkün idi. Bu da sadə əhalinin pul qazanması üçün pis deyildi. İki-üç maşından ayda rahat 50 min rubl (680 dollara yaxın) götürmək olurdu, heç nə eləmədən. Qışda başqa qazanc olmayanda, xüsusən də pandemiya vaxtı sərhədlər tam bağlananda bizim ailəmizə bu, həqiqətən ayaqda qalmağa kömək etdi”.
Üç il ərzində Sergeyin ferması dəfələrlə mayasını üstələyib. O bildirir ki, qadağadan sonra mayninqdən birdəfəlik imtina etməli olub. Bu mövzuda danışmağa razı olan istənilən abxaziyalı mayner də bunu bildirəcək: əmin edəcək ki, qanuna əməl edən insandır, olmaz, deməli, olmaz. Amma hər gün Abxaziyanın müxtəlif yaşayış məntəqələrində, xüsusən də paytaxtda və ətraf ərazilərdə işıq söndürülür. Martın 3-dən 10-a qədər ancaq bir həftə ərzində polis 230 aşkarlanmış və elektriki kəsilmiş mayninq ferması haqda xəbər verib.
Mayninq qazanc vasitəsi kimi sadəcə valyuta hasilatçıları ilə məhdudlaşmırdı. Sanatoriyaların və fabriiklərin tərk edilmiş binalarında qurulan fermalarına gözətçilər lazım olurdu. Ferma ala bilməyən fərdi evlərin sakinləri isə maynerlərə ərazi icarəyə verirdilər özləri də faktiki gözətçi olurdular. Çünki mayninq, xüsusən də onun qadağan olunması yeni cinayət növünün yaranmasına səbəb olub: qanunsuz fermaların soyulması və qarət olunması. Avadanlıqlar praktiki olaraq açıq-aşkar aparılırdı, çünki bilirdilər ki, sahibkar milisə şikayət edə bilməyəcək.
Elektrikə görə ödəniş etməmək də olar
Dünyanın mayninq mərkəzi olmaq üçün Abxaziyada bütün şərait var idi.
Dünyada elektrik enerjisinin təxminən bu qədər ucuz olduğu ona qədər ölkə var – Hindistan, Səudiyyə Ərəbistanı, Küveyt, Nigeriya. Amma Abxaziyanın onlardan mübahisəsiz bir üstünlüyü var: burada elektrik ödənişini ümumiyyətlə etməmək olar.
“Nə məhkəmə?” – bu haqda soruşduğum zaman Razmin təəccüblənir. – “Eeee, necə məhkəməyə gedəcəksən? Burda hamı qohumdur”.
Məqalə müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyası ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.