Abxaziya müxalifəti hesab edir ki, ona zərbə endirilib
Abxaziya müxalifətinin lideri Aslan Bjaniya bu həftəsonu ərzində iki dəfə Rusiya milisi tərəfindən saxlanılıb. Və ancaq dekabrın 4-ü axşam məlum olub ki, o nəhayət, Psoudan Abxaziyaya keçə bilib.
Bütün baş verənlər Abxaziyada böyük ajiotaja səbəb olub və çox güman ki, onsuz da Abxaziyada hökm sürən dərin daxili siyasi böhrana ciddi təsir edəcək. Xüsusən də nəzərə alsaq ki, hələ Bjaniya ilə bağlı baş verən insidentdən əvvəl müxalifət dekabrın 15-də prezident Raul Xadjimbanın istefa tələbi ilə ümumxalq yığıncağı keçirəcəyini bəyan etmişdi.
Hadisələrin xronologiyası:
Hər şey dekabrın 3-də gecəyə doğru başladı. Media və “Facebookda informasiya yayıldı ki, Aslan Bjaniya Rusiyadan sərhədi keçərkən saxlanılıb. Elə həmin gecə “Amsxara müxalifət partiyasının siyasi şurasının təcili geniş iclası keçirildi və artıq gecəyarısından keçmiş partiyanın bəyanatı dərc edildi.
Partiya Soçi milisini Aslan Bjanıyanı “uydurma bəhanələrlə tutmaqda ittiham etdi. O cümlədən həmin vaxt Bjaniyanın yanında olanların sözlərinə görə, onun həbsini həyata keçirənlərdən biri mülki geyimdə olub və Bjaniyanı “Rusiya və Abxaziyaya qarşı yönələn düşmən fəaliyyətdə ittiham edib.
“İki gün ərzində A.Q.Bjaniya dəfələrlə Soçi şəhərinin Daxili İşlər Şöbəsinə gətirilib və orada dindirilmə həyata keçirilib… Dekabrın 3-də Bjaniya Rusiya-Abxaziya sərhədini keçərkən, pasport yoxlanılması zamanı ayrıca otağa aparılıb. Bir qədər sonra onun arxasınca içində hüquq-mühafizə orqanları əməkdaşlarının olduğu maşın gəlib, həmin maşınla onu Soçi şəhərinin Daxili İşlər Şöbəsinə aparıblar.
“Amtsxaranın bildirdiyinə görə, partiyada şübhə etmirlər ki, “Müxalifət Qüvvələri Blokunun həmsədrinə təzyiq Abxaziya hakimiyyətinin tapşırığı ilə həyata keçirilir.
Abxaziyanın bir neçə başqa müxalifət partiyası da hakimiyyəti ölkədəki onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyəti gərginləşdirməməyə çağırıb.
Bazar günü dekabrın 4-ü səhər Abxaziya prezidentinin mətbuat xidməti də müxalifətin ittihamlarına cavab olaraq, bəyanatla çıxış edib.
“Amtsaxara partiyasının siyasi şurasının tələsik və heç bir fakta əsaslanmayan bəyanatı ictimaiyyətə yanlış informasiya verir və növbəti dəfə ölkədəki daxili siyasi vəziyyətin süni şəkildə gərginləşdirilməsinə yönəlib.
Dövlət başçısının mətbuat xidməti müxalifəti siyasi dözümlülük göstərməyə və səlahiyyətli orqanların rəsmi məlumatını gözləməyə çağırıb.
Dekabrın 4-də, bazar günü səhər Bjaniyanın doğma kəndi Tamışdan olan tərəfdarları Suxuma aparan mərkəzi avtomobil yolunu bağlayıblar, nəticədə böyük tıxac yaranıb.
Abxaziya dövlət televiziyasının jurnalistləri Aslan Bjaniya ilə birbaşa əlaqə qurublar. “Üçüncü sutkadır ki, məni Rusiya Federasiyasının ərazisindən buraxmırlar. Gecəyə doğru buraxırlar, sərhədə getməyə cəhd edirəm, orada isə buraxmırlar. Hazırda Soçi şəhərinin polis şöbəsindəyəm. Cinayət işi açılıb, maddəsi dəqiq yadımda deyil. Guya qeyri-qanuni sursat saxladığıma görə. Bütün sənədlərim var. Dünən bütüm bunları aydınlaşdırdıq. Ölkədən çıxmamaqla bağlı sənəd imzalamamışam, mənə qarşı digər qəti-imkan tədbirlərinin seçilməsi aktual deyildi, – Aslam Bjaniya telefonla məlumat verib.
Dekabrın 4-də günorta Abxaziyanın Daxili İşlər naziri Aslan Kobaxiya brifinq keçirib. O jurnalistlərə məlumat verib ki, hələ səhər Rusiya DİN-nin Abxaziyadakı nümayəndəsi podpolkovnik Stanislav Apsavaya rəsmi məktubla müraciət edib.
Nazirin aldığı cavab məktubunda deyilir ki, ilkin ehtimala görə, Aslan Bjaniyanın üzərində qeyri-qanuni olaraq saxladığı “GLOCK tapançası üçün 15 hərbi sursat aşkarlanıb. Həmin məktubda həm də deyilir ki, Bjaniya ifadə verəndən sonra haqqında heç bir qəti-imkan tədbiri seçilmədən azadlığa buraxılıb.
Nazir bildirib ki, bu, Psou çayı üzərindəki nəzarət-buraxılış məntəqəsində Abxaziyanın siyasi və ictimai xadimlərinin saxlanması ilə bağlı birinci hal deyil. “Mən deputat olanda bir dəfə sərhədi keçməyə dörd saat sərf etmişəm. Qeyri-hökumət təşkilatları nümayəndələrinin də eyni vəziyyətlə üzləşdiyi halları da bilirəm. Çoxlarını hava limanında saxlayırlar, – deyə Kobaxiya bildirib.
Daha sonra nazir müxalifətin bəyanatını şərh edib. “Bunun Abxaziya hakimiyyətinin sifarişi ilə baş verməsi haqda bütün bəyanatları qəti şəkildə rədd edirik. Abxaziya hakimiyyətinin cənab Bjaniyaya sualları olsa, biz həmin sualları Abxaziya ərazisində istənilən vaxt açıq şəkildə və insancasına verəcəyik. Biz heç bir halda aramızdakı münasibətləri qonşu dövlətin hüquq-mühafizə orqanlarının köməyilə həll etməyəcəyik, – deyə Aslan Kobaxiya bildirib.
Dekabrın 4-də, bazar günü, gündüz, Abxaziyanın Təhlükəsizlik Şurası təcili çağırılan iclasda Bjaniyanın saxlanması ilə bağlı vəziyyəti müzakirə edib.
İclas bitəndən sonra Təhlükəsizlik Şurasının katibi Muxamed Kilba jurnalistlərə bildirib ki, bəzi müxalifət nümayəndələri qəsdən vəziyyəti gərginləşdirirlər, buna görə də prezident Raul Xadjimba müvafiq qurum rəhbərlərinə hadisələrin mümkün inkişafına preventiv reaksiyanın verilməsi ilə bağlı tapşırıqlar verib.
“Bəzi siyasi xadimlərin dilindən eşidilən bəyanatlar bizim Rusiya Federasiyasında olan həmkarlarımıza qarşı qeyri-etik səslənir. Sizi əmin edirəm ki, heç bir hakimiyyət nümayəndəsi, o cümlədən də prezident bu cür metodlardan istifadə etmir, – deyə Kilba bildirib.
Dekabrın 4-də, bazar günü gündüz, Abxaziya prezidenti Raul Xadjimba Rusiya Federasiyasının Abxaziyadakı səfiri Semyon Qriqoryevi qəbul edib. Görüş zamanı Aslan Bjaniyanın başına gələnlər müzakirə olunub. Xadjimba RF səfirindən xahiş edib ki, qısa müddət ərzində baş verənlərin səbəbinin izahı təqdim olunsun və Aslan Bjaniyanın heç bir əngəl törədilmədən Abxaziyaya qayıtması üçün maksimal kömək göstərilsin.
Elə həmin gün Müxalifət Qüvvələri Blokunun ofisində Qriqoryevlə daha bir görüş keçirilib.
Dekabrın 4-də, bazar günü, 20.00 radələrində məlum olub ki, Müxalifət Qüvvələri Blokunun həmsədri Aslan Bjaniyaya Rusiya-Abxaziya sərhədini keçmək icazəsi verilib və o, artıq Abxaziyaya keçib. Bjaniya Tamış kəndində etiraz edənlərə zəng vuraraq, yolu açmağı xahiş edib. Yolu bağlayan 500 nəfər və 200-ə yaxın maşın anındaca oranı tərk edib.
Müxalifət Qüvvələri Bloku Rusiya Federasiyasının Abxaziyadakı səfiri Semyon Qriqoryevə “insidentin həllində operativ dəstəyə və ictimai-siyasi vəziyyətdə yaranan gərginliyin aradan qaldırılmasında şəxsən iştirakına görə minnətdarlıq edib.
Dekabrın 4-də, bazar günü, gecəyə yaxın Aslan Bjaniya Tamış kəndinə gəlib.
· Aslan Bjaniya Abxaziyanın Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş başçısıdır (2010-2014-cü illər). 2014-cü ildə prezident seçkilərində namizədliyini irəli sürüb, 35 faiz səslə Abxaziyanın indiki prezidenti Raul Xadjimbadan sonra ikinci yeri tutub. Seçkilərdən sonra müxalifətin ayrıca blokda birləşdiyi “Müxalifət qüvvələri blokunun qeyri-rəsmi lideri olub, bloka “Amtsxara Gürcüstanla müharibə veteranları partiyası və üç ictimai təşkilat: “Qadınlar siyasətdə, “Abzanxara və “Apra daxildir.
· “Amtsxara partiyası Abxaziyanın ən iri müxalifət təşkilatıdır. 1999-cu ildə Gürcüstanla müharibə veteranlarının ictimai-siyasi təşkilatı kimi yaradılıb. 2004-cü ildə prezident seçkilərində Sergey Baqapşın namizədliyini irəli sürüb və o vaxt Baqapş qalib gəlib. 2012-ci ildən siyasi partiyaya çevrilib. 2014-cü ilin yayına qədər “Amtsxara hakimiyyətin əsas dayağı hesab olunurdu. 2014-cü ilin yayında prezident sarayına hücum olub və Aleksandr Ankvab müxalifətin təzyiqi altında istefa verməli olub. Ankvabı dəstəkləyən “Amtsxara da elə həmin vaxt müxalifətə keçib və baş verən hadisələri “çevriliş adlandırıb. Növbədənkənar prezident seçkilərində Aslan Bjaniyanı dəstəkləyib, o da səsvermə zamanı Raul Xadjimbaya uduzaraq, ikinci yeri tutub.
· “Amtsxaranın noyabrın 30-da baş tutan növbədənkənar qurultayı zamanı birləşmiş müxalifət ümumxalq yığıncağı keçirəcəyini və burada Raul Xadjimbadan dərhal istefa verməsini tələb edəcəyini bildirib.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir, redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər