Abxaziya məmurlarına qeyri-hökumət təşkilatlarının təşkil etdiyi beynəlxalq görüşlərdə iştirak etmək qadağan olunub
Abxaziyada rəhbər strukturların əməkdaşlarına indən belə qeyri-hökumət təşkilatlarının təşkil etdiyi istənilən səfərdə iştirak etmək qadağandır. Başqa sözlə, Abxaziyada qərar qəbul edilməsində bu və ya digər dərəcədə iştirak edən şəxslərə qeyri-hökumət təşkilatlarının təşkil etdiyi beynəlxalq görüşlərdə iştirak etmək qadağan olunub.
Bu qərarı Abxaziya Nazirlər Kabineti qəbul edib, qərarın mətni rəsmi saytda yerləşdirilib. Ümumilikdə Nazirlər Kabineti hökumət strukturları üçün belə nizamlamalardan ibarət nəhəng siyahı dərc edib – sayta yüzdən çox məlumat var.
Onların sırasında bütün qurumlara Abxaziyada vətəndaş fəallığına dair verilmiş bir tapşırıq da yer alıb. Qurumlar “Abxaziya Respublikası ərazisində beynəlxalq qeyri-hökumət təşkilatlarının fəaliyyəti haqda [Nazirlər Kabinetinə] məlumat verməlidirlər”.
Abxaziyada bu cür məhdudiyyətlər ilk dəfə tətbiq olunur. JAMnews qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, o cümlədən də hüquqşünaslara qərarı şərh etməyi təklif edib.
Qeyri-hökumət təşkilatlarında nə deyirlər?
Abxaziya Humanitar Proqramlar Mərkəzinin direktor müavini Liana Kvarçeliya hesab edir ki, Nazirlər Kabineti tərəfindən çox sayda tapşırıqların verilməsi özü-özlüyündə yeni rəhbərliyin nizam-intizamı gücləndirmək və tabeliyində olan qurumların fəaliyyətinə daha yaxşı nəzarət etmək istəyindən xəbər verə bilər.
Amma məmurların beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan xarici səfərlərdə iştirakına qoyulan qadağa “suallar doğurur”, o deyi.
“Əgər sərəncamda deyilsəydi ki, məmurlar bütün səfərləri Nazirlər Kabineti ilə razılaşdırmalıdır, mən bunda mənfi heç nə görməzdim. Bu normaldır, məmur üst rəhbərliklə öz addımlarını razılaşdırmalıdır.
Amma söhbət qeyd-şərtsiz qadağadan gedirsə, mən bu məsələnin bu cür qoyuluşunu qeyri-hökumət təşkilatlarına mənfi münasibət ifadəsi kimi anlayıram. Belə təəssürat yaranır ki, sərəncamın məqsədi qadağadan daha çox ictimai təşkilatlara müəyyən münasibətin açıq ifadə edilməsidir.
Rəsmi şəxslərin iştirakı ilə qeyri-hökumət təşkilatlarının təşkil etdiyi tədbirləri qadağan etmək yox, razılaşdırmaq lazımdır. Hər bir konkret halda səfərin məqsədinin nə olduğunu, iştirak formatının necə olduğunu aydınlaşdırmaq lazımdır. Həqiqətən də əgər bu məqamlara laqeyd yanaşılarsa, rəsmi şəxslərin Abxaziya üçün qəbulolunmaz formatda beynəlxalq görüşlərdə və ya tanışlıq səfərlərində iştirakı beynəlxalq təşkilatlar tərəfindən Abxaziyaya sərf etməyən formada interpretasiya oluna bilər. Hərçənd bu da faciəvi deyil.
Məhz qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunan proseslər vasitəsilə rəsmi şəxslər önəmli beynəlxalq meydanlara çıxış əldə edə bilir, hansılar ki, adətən qərb ölkələri qərəfindən tanınmayan dövlətlərin rəsmi şəxsləri üçün qapalı olur.
Abxaziyanın maraqlarını təbliğ etmək üçün isə Abxaziyanın maraqlarının rəsmi nümayəndələr tərəfindən səsləndirilməsi vacibdir. Düşünürəm ki, yeni baş nazir bunu yaxşı başa düşür, çünki yaxın keçmişdə Ticarət-Sənaye Palatasına rəhbərlik edib – bu isə Abxaziyanın ən nəhəng qeyri-hökumət təşkilatıdır.
Bildiyim qədərincə, onlar dəfələrlə Abxaziyanın rəsmi şəxslərinin iştirakı ilə xarici səfərlər təşkil ediblər. Buna görə də belə bir sərəncamı oxumaq xüsusilə təəccüblü idi”.
Liana Kvarçeliya deyir ki, bu qərarlar hələ indi qəbul edilsə də, proses yeni deyil. Son illərdə icra hakimiyyətinin nümayəndələri parlament deputatlarından fərqli olaraq Avropada Humanitar Proqramlar Mərkəzinin iştirakı ilə təşkil olunan tədbirlərə qatılmaqdan imtina edirdilər, baxmayaraq ki, heç bir formal qadağa hələ yox idi.
“Mən yenə də ümid edirəm ki, Nazirlər Kabinetinin yeni rəhbərliyi ictimai təşkilatlarla qarşılıqlı əməkdaşlığa daha açıq olacaq”, – Liana Kvarçeliya JAMnews-a bildirib.
İnsan haqlarının pozulması
Adının açıqlanmasını istəməyən abxaziyalı hüquqşünasın JAMnews üçün şərhi:
“Hüquqi nöqteyi nəzərdən, mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları üçün qeyri-hökumət təşkilatlarının təşkil etdiyi səfərlərdə iştiraka qoyulan qadağa özbaşına və əsassız qərardır, həmçinin konstitusiyaya ziddir, çünki ümumilikdə şəxsiyyət azadlığına müdaxilədir.
Qərar yalnız hərəkət azadlığını yox, həm də vətəndaş cəmiyyəti ilə qarşılıqlı əməkdaşlıq hüququnu (o cümlədən də ictimai dəyər məsələsi üzrə) məhdudlaşdırır.
Beynəlxalq təşkilatların Abxaziyadakı fəaliyyəti iilə bağlı məlumat vermək haqda digər bir qərarı ilə Nazirlər Kabinetinin rəhbəri beynəlxalq və Abxaziya vətəndaş cəmiyyətinə etimadsızlığını ifadə edir.
Dövlət strukturlarının əməkdaşları arasında çətin ki, bu sərəncamdan qəzəblənənlər və Konstitusiya Məhkəməsinə müraciət edənlər olsun. Buna görə də, prezidentin müdaxilə etməsi lazımdır. O, insan haqlarının və Konstitusiyanın qorunmasının zamini kimi bu sərəncamı ləğv edə bilər”.
Sosial şəbəkədə yayılan şərhlər
Sosial şəbəkələrdə müzakirələr yeni başlayıb, iki xarakterik şərhi təqdim edirik:
“Qərar konkret məmurlar üçün qəbul edilib, bütün qalanlar isə sadəcə fondur”.
“Gürcüstan uşaqlarımızın və ya idman komandalarımızın beynəlxalq müsabiqələrdə iştirakına mane olanda biz hərəkət, inkişaf və sairə hüquqların pozulmasından danışırıq. İndi özümüz qadağan etməyə başlamışıq. Təcrid başqa bir addımdır. Özünütəcrid isə marazm əlamətidir”.