Abxaziya: ikinci mərhələ mübarizəsi: kim iştirak edir və nə gözləməli?
foto: Ibrahim Çkadua
Martın 26-ı bazar günü Abxaziyada seçkilərin ikinci mərhələsi keçiriləcək. Bu mərhələ yeni parlamentin necə olacağını qəti şəkildə müəyyənləşdirəcək.
İndi heç nəyi dəqiq söyləmək olmaz, çünki hədəf bütöv bir üçdə iki deputat mandatıdır. Kəskin rəqabət ehtirasları son həddə çatdırıb. Bu səbəbdən seçkilərin informasiya müşayiəti son həftədə kriminal hadisələrin xronologiyasını xatırladır.
Əvvəlcə kimsə Suxum dairələrinin birindən deputatlığa namizəd olan Batala Aybanın maşınını yandırdı. Sonra digər namizədin maşınına atəş açdılar, bu dəfə namizədliyi Qalski seçki dairəsindən irəli sürülən Kaxa Pertayanın. Daha sinra Ali Məhkəmənin sədri Temur Şoniyanın maşınını yandırdılar. Bunun bir növ seçkilərə birbaşa aidiyyatı olmasa da, seçkiöncəsi kontekstlə tamamilə uzlaşır.
Hətta prezident Raul Xacimba reaksiya vermək məcburiyyətində qalıb və xalqa xüsusi müraciət edərək, onu “provakasiyalara uymamağa” səsləyib:
“Ayrı-ayrı namizədlərin tərəfdarları çirkli əməllərə əl atır, qarşıya qoyulmuş məqsədə çatmaq üçün seçicilərə təzyiq edilir. Onlar heç nədən utanmadan əhalini pulla satın almağa çalışır, yalan danışır və arzu edilməyən rəqiblərə qarşı yalan məlumatlar yayırlar”.
Majorutar sistemlə həyata keçirilən Xalq Məclisinə seçkilərin birinci mərhələsində 35 deputat mandatından yalnız 12-si öz sahibini əldə edib. Şiddətli rəqabət bir çox üzdə olan şəxsə aman verməyib.
Beləcə, sabiq baş nazir və “Vahid Abxaziya” partiyasının lideri Sergey Şamba, hazırkı parlamentin spikeri Valeri Bqanba, sabiq xarici işlər naziri Vyaçeslav Çirikba, sabiq maliyyə naziri Beslan Kubrava kimi tanınmış siyasətçilər yeni parlamentdən kənarda qalıblar.
Hərçənd bu “ulduz axını” sabiq prezident və əsas müxalifətçi Aleksandr Ankvabın vaxtından əvvəl seçilməsi ilə kompensasiya olunub.
Parlamentdə əsas müxalifətçi hökumət üçün nə deməkdir?
Ankvab son iki il altı ayda “trend”dədir, yəni 2014-cü il mayın sonlarında müxalifətçilər prezident sarayına hücum çəkəndə, vaxtından əvvəl istefa vermək məcburiyyətində qalıb ölkəni tərk etdiyi və Moskvada yerləşdiyi gündən.
İndi o, parlamentə seçilib və öz siyasi karyerasına yenidən başlayacaq ki, bu da sözsüz ki, parlamentə yeni rəng qatacaq.
Parlament Aleksandr Ankvabın iştirakı ilə daha çox ictimai diqqəti cəlb edəcək ki, bunu çətin kimsə təkzib eləsin. Bu isə öz növbəsində ümumilikdə parlamentlə icra hakimiyyəti, o cümlədən prezident arasındakı münasibətlərin inkişafına hardasa yeni impuls verəcək.
Mənə elə gəlir ki, burda ehtimal olunan hadisələrin gedişatının kifayət qədər ssenarisini qurmaq olar. Ankvabın rolu ümumilikdə Abxaziya üçün həm destruktiv, həm də konstruktiv ola bilər. Hər şey ilk növbədə onun özündən asılı olacaq, onun bundan sonrakı siyasi karyerasını necə qurmasından.
Bununla yanaşı, Ankvabın abxaz siyasətinə bu cür qayıdışı eyni zamanda təkcə hakimiyyətə deyil, həm də abxaz müxalifətinə bir növ meydan oxumaqdır.
Müxalifət üçün onu liderinin parlamentdə olması nə deməkdir?
Müxalifət lideri siyasi perspektivlərə malik olmalıdır. Ankvab 2019-cu ildə növbəti prezident seçkilərində namizədliyini irəli sürə bilməz, çünki 2017-ci il dekabrın 26-da onun 65 yaşı tamam olur (Abxaziya konstitusiyasına görə bu son həddir).
Hətta nəzəri cəhətdən bu il vaxtından əvvəl prezident seçkilərinin keçiriləcəyini ehtimal etsək belə, iki il altı aydan çox Moskvada yaşamış Ankvab yenə də oturaqlıq senzi üzündən prezidentliyə namizədliyini irəli sürə bilməz. Yəni o, ya hansısa davamçısına ümid bəsləməli, ya da ölkədəki hakimiyyət sistemini dəyişməyə cəhd etməlidir. Deyək ki, əsas hakimiyyət lingləri konstitusiyaya görə yaş məhdudiyyəti olmayan baş nazirə keçə bilər.
İkinci mərhələ mübarizəsi: kim iştirak edir və nə gözləməli?
İkinci mərhələnin necə nəticələnəcəyindən asılı olmayaraq, sistemdə dəyişikliklər ssenarisi az ehtimal olunan variantdır.
Həm hakimiyyət, həm də müxalifət düşərgəsində öz aralarında həddən artıq amansız rəqabətə girmiş çoxlu sayda qruplar var ki, bu da hər iki tərəfin ölkədə mövcud prezident idarə formasını dəyişməyə qabil konsensusa gələ bilməsi üçün böyük əngəl törədir. Onlar lap əvvəldən, seçki prosesi zamanı kimi harda önə çıxarmaqla bağlı razılığa gələ bilməyiblər, daha mühüm şeylərdən danışmağına belə dəyməz.
Ümumilikdə bir çox dairədə həm hakimiyyət, həm müxalifətin hər biri öz ümumi “düşərgə”sindən vahid namizəd irəli sürmək iqtidarında olmayıb.
Nəticədə ikinci mərhələdə Suxum dairələrindən birində Raul Xacimba düşərgəsinin iki nüfuzlu nümayəndəsi – sabiq baş nazir Şamil Adzinba və parlament komitəsinin sədri Valeri Aqrba qarşı-qarşıya gələcək.
Atarsk dairəsində isə müxalifətin liderlərindən biri, son prezident seçkilərində namizədliyini irəli sürmüş və 35 faiz səs toplamış Aslan Bjaniya elə öz düşərgəsindən olan və Aleksandr Ankvab tərəfindən müdafiə olunan Temur Kvisiniya ilə rəqabət aparacaq.
Parlamentin yeni tərkibində heç bir qüvvədə “səhmlərin” nəzarət paketi olmayacaq. Xalq Məclisində böyük ehtimalla bir neçə bloklayıcı paket olacaq ki, bu özəllik parlamenti əvvəlki ilə müqayisədə daha nüfuzlu və qanunçuluq fəaliyyətində daha hazırlıqlı edəcək.
Bu bəlkə də son illər Abxaziya həyatının bir hissəsinə çevrilmiş mitinqlərdən, nəhayət, yaxa qurtarmağa və bu həyatı daha sakit parlament məcrasına çevirməyə imkan yaradacaq.