İşıq söndüyü zaman necə yaşayasan? Abxaziyadan hekayələr
Abxaziyada enerji böhranı yaşanır. Elektrik enerjisinin çatışmazlığı səbəbilə noyabrın 15-dən elektriki nizamsız şəkildə kəsməyə başlayıblar – günün müxtəlif saatlarında müxtəlif rayonlarda bir neçə saat işıq olmur. Abxaziya əhalisi bu şəraitdə həyata uyğunlaşmağa çalışır.
Astanda
Astanda Calaqoniya hər gün səhər altıda oyanır, işıq sönənə qədər səhər yeməyi hazırlamalıdır. Beş yaşlı oğluna sıyıq bişirir və üç ədyala bürüyür ki, isti qalsın. Altı aylıq kiçik oğlu üçün termosda qaynar su qoyur ki, oyanandan sonra ona süd qarışımı hazırlaya bilsin.
Uşaqlar adətən səkkizdə oyanırlar, elə həmin vaxt elektrik söndürülür. Saat 10-a qədər işıq olmur, çünki “Qaradəniz enerji” şirkətinin enerji qrafiki belə təşkil olunub. Amma saat 10-dan sonra da yandırmırlar, çünki hər gün xətlərdə nəsə nasazlıqlar olur.
“Bütün istirahət günlərini işıqsız qaldıq. Görünürdü ki, energetiklər nəyisə düzəldirlər, bir neçə dəfə işıq yandı, amma yenə söndü”, – Astanda danışır.
Eleonora
Astandanın qonşusu Eleonora Qiloyan işığın yanmasını səssizcə gözləmirdi, sakit oturub gözləməsə nasazlıqlar bəlkə daha tez aradan qaldırılar ümidi ilə dəfələrlə “Qaradəniz Enerji” və Suxum Elektrik Şəbəkəsinə zəng vurdu. Eleonoranın SEŞİ-ə (Suxum Elektik Şəbəkələrinin İdarə olunması) növbəti zənginə cavab olaraq bildirdilər ki, işığı yandıra bilmirlər, çünki yaxınlıqda keçmiş dəri zavodunda kriptoferma işlədiyi üçün şəbəkənin sadəcə gücü çatmır.
Respublikada kriptovalyuta istehsalı davam edir, bu da böyk enerji sərfiyyatına səbəb olur
“Onda söndürün də oranı” – qız dəstəyə qışqırırdı. Dəstəyin o biri ucundan isə cavab verirdilər ki, “kaş əlimizdən gələydi”. Eleonora Qiloyan bu hadisəni dostlarına danışıb və Instagram sosial şəbəkəsində paylaşıb.
“Siz təsəvvür eləməzsiz, nə qədər insan mənim paylaşımıma reaksiya verdi”, – o danışır, – “Mayninq fermalarının ünvanlarını və sahiblərinin adlarını mənə yazmağa başladılar” (Məhz kriptovalyuta hasilatçıları Abxaziyada enerji böhranının əsas günahkarı hesab olunurlar).
Eleonora bütün məlumatları toplayıb milisə ötürüb. Çərşənbə günü noyabrın 24-də bu ünvanlardan birinə reyd təşkil edilib. Nəticədə DİN, Dövlət Təhlükəsizliyi Xidməti və “Qaradəniz Enerji” Suxum Fizika-Texnika İnstitutunun binasında mövcud olan kriptofermanın elektrikini kəsib.
Denis
Denis Solomkonun ailəsi yeni fermanın inşasına 2,5 milyon rubl [33 min dollara yaxın] sərf ediblər. Onun valideynləri bütün həyatları boyu kənd təsərrüfatı ilə məşğul olublar. Koronavirus pandemiyasına görə böhran Denisi də torpaqda işləməyə məcbur edib. Hər şey yaxşı gedirdi, ferma inkişaf edirdi. Amma yeni böhran başlayıb – enerji böhranı.
Sutkanın altı saatının elektriksiz olması fermada bütün texnoloji prosesi pozub. İnkubatorlarda 2300 bildirçin yumurtası xarab olub.
“İşığı ancaq qrafik üzrə söndürsəydilər, faciə baş verməzdi”, – Denis deyir. – “Amma nizamsız söndürmələr üzündən mütəmadi qəzalar baş verməyə başladı, işıq deyilən vaxtdan daha çox olmadı və inkubasiya prosesi pozuldu”.
Denisin sözlərinə görə, onların birbaşa zərərləri 23 min rubl [300 dollara yaxın], itirilmiş gəlir isə 150 min rubla yaxın [təxminən 2000 dollar] təşkil edib.
Amma gənc fermerin dediyi kimi bu hadisə onlara dərs olub.
“Daha əvvəl dizel generatoru almaq lazım idi. Biz isə xərci elə hey ertələyirdik, boşda olan maliyyəni fermanı abadlaşdırmağa xərcləyirdik”, – Denis danışır. – “Onsuz da aldıq, amma pul və qazanmaq imkanını itirəndən sonra.
Və biz tək deyilik. Bugün istehsalla, ticarətlə, anbardarlıqla məşğul olan hər kəs gəlirin böyük hissəsini itirdiyi üçün əhəmiyyətli dərəcədə zərər çəkmirsə, gəlirin bir hissəsini generatorlar üçün yanacağa xərcləməlidir”.
Həyətdə qurulan məclislər
Yeni rayonun həyətlərindən birində isə nizamsız elektrik kəsintiləri qonşularla görüşmək üçün səbəbə çevrilib. Hər axşam saat 17-də Aqrba küçəsindəki çoxmərtəbəli binanın sakinləri həyətdə illər öncə birlikdə tikdikləri patsxaya (mətbəxə – abx.) düşürlər.
Hərə evdən ləzzətli bir şey gətirir. Kişilər ocaq qalayır, qadınlar orada kofe dəmləyir. Söhbət və qeybətlə müşayiət olunan iki saat bir göz qırpımında keçir.
“İki saatlıq uşaqlığımıza qayıdırıq, axı bu həyətdə biz hamımız birlikdə böyümüşük”, – bina sakinlərindən biri deyir. – “Telefonsuz, sosial şəbəkəsiz, bütün qayğılardan uzaq, sadəcə ocağın ətrafında otururuq. Bu, hətta xoşbəxtliyə bənzəyir”.