Abxaziya 137 namizəddən 35 deputat seçdi. Bu, asan olmadı
Фото: İbrahim Çkadua
Abxaziyada martın 12-də baş tutan parlament seçkilərində ümumilikdə 131,529 seçici qeydiyyatdan keçib.
İnsanların qarşısına çətin seçim qoyulmuşdu – parlamentdə olan 35 yerə 137 nəfər namizədliyini irəli sürmüşdü. Yəni orta hesabla 1 yerə dörd nəfər. Amma bu da orta hesabla, çünki misal üçün, iki dairədə bir deputat mandatına 8 namizəd varıydı.
Biz bir neçə Suxum sakinindən onların motivləri barədə xəbər aldıq.
Birinci sual:
yeni parlament qarşısında hansı əsas vəzifəni qoyardız?
Daur Kvitsiniya, 56 yaş, veteran, Abxaziya xalqının 1992-1993-cü illər Vətən müharibəsi əlili [Gürcüstan tərəfinin terminologiyasında 1992-1993-cü illər Gürcüstan-Abxaziya münaqişəsi – JAMnews]:
– Ümid edirəm ki, yaxşı tərəfə dəyişikliklər olacaq, çünki parlamentə çox sayda savadlı, gənc, məqsədyönlü, karyera quran, özünü cəmiyyətə siyasətçi kimi təqdim etməyə başlayan, nəyisə dəyişə bilən və işi axıra çatdıra bilən insanlar gəlir. Sadəcə vəd etmək deyil, işi axıra qədər çatdırmaq istəyənlər.
Birinci olaraq müharibə əlilləri və veteranları haqqında qanun qəbul edilməlidir. Bir vaxtlar birinci prezident Vladislav Ardzinbanın yazdığı qanun, axı onu axıra çatdırmadılar. Veteranlar pul istəmir – onlara hörmət və anlayış lazımdır.
Alan Copua, 22 yaş, ictimai fəaliyyətlə məşğuldur:
– Parlament üçün əsas vəzifə qəbul etdiyi qanunlara əməl edilməsinə nail olmaqdır.
Lana Çerkeziya, 26 yaş, evdar qadın, körpə uçaq anası:
– Biz qanunlara qeyd-şərtsiz əməl edilməsini, cəmiyyətin birləşməsini gözləyirik. Düşünürəm ki, deputatların qarşısında duran birinci məsələ layiqli spiker seçməkdir, sonra da spiker prezidentlə birlikdə məsələləri həll edəcək.
Silvet Acaral-oğlu, 64 yaş, keçmiş tibb işçisi:
– Parlamentin əsas vəzifəsi sadə camaata daha çox diqqət ayırmaqdır. Bizim, adi insanlar haqqında düşünən azdır. Pensiya 500 rubldur, nə haqda danışmaq, necə yaşamaq olar? Bu pul çörəyə də çatmır.
İkinci sual:
Keçmiş parlamentin əsas problemi nəydi?
Daur Kvitsiniya:
– Deputatların ən azı yarısı öz işini görürdü. Amma parlamentin bir hissəsi işləyəndə, ikinci hissəsi də ancaq yerində oturub, öz problemlərini həll edəndə heç bir qanun üzərində axıra qədər işləməyəcəklər. Bu, komandadır və hər kəs öz işi ilə məşğul olmalı və onu sonuna qədər çatdırmalıdır.
Alan Copua:
– Bu parlament qanunları çox diqqətsiz çıxarırdı. Misal üçün, ƏDV haqqında qanun çıxanda, vergini 10 faiz artırdılar. Deputatlar qanunu yazanda heç bir hesablamalar aparmayıblar, bunun fəsadlarının necə olacağı barədə düşünməyiblər.
Lana Çerkeziya:
– Mənə elə gəlir ki, deputatların qarşısında da sərt tələblər qoyulmalıdır. Yaşı artırmaq lazımdır, namizədliyini 25 yaşına çatan vətəndaşlar irəli sürə bilsin. Həmin adamın müəyyən xidmətləri olmalıdır, yəni elə olmasın ki, adam haradasa özü üçün işləyib, birdən də ağlına deputat olmaq gəlir. Bu, hörmət qazanmış bir insan olmalıdır. Axı insanlar tanıdıqlarına səs verir və tərcümeyi-halından çıxış edərək səs verə biləcəyin adamları da tapmaq çətindir.
Silvet Acaral-oğlu:
– İndiki parlamentin problemləri ondadır ki, yerində sadalayırlar. Gənclərə yol vermək lazımdır, gənclərin başqa planları, başqa perspektivləri, başqa dünyagörüşü var. Hesab edirəm ki, parlamentdə 50 yaşına çatmamış insanlar olmalıdı
Üçüncü sual:
Hansı problemləriniz hakimiyyət tərəfindən həll edilə bilıər və edilməlidir?
Daur Kvitsiniya:
– Sağlamlıq. Ən əsası da təhsildir, gənclərin yaxşı ali təhsil almaq, sonra da ixtisası üzrə işləmək imkanı olsun, bu, əsasdır.
Həm də istərdim ki, bizdə orta gəlirli adamlar olsun. Axı indi bizdə ancaq varlı və kasıb adamlar var, aralarında da böyük uçurum var.
Bu, mənim şəxsi problemimdir, həyatımızın sosial səviyyəsinin yaxşılaşdırılması.
Alan Copua:
– Problemlərimi özüm həll etməyə alışmışam, kiminsə gəlib mənim problemlərimi həll edəcəyini gözləmirəm.
Lana Çerkeziya:
– Problemlərimiz yollarla, suyladır. İşıqla daimi problem yaşayırıq. Əsası odur ki, insanların gündəlik həyatı, məişəti yaxşılaşdırılsın. Hakimiyyət bunun üçün işləyir, onda xalq da ona iltifat göstərəcək. Birlikdə də nəyəsə nail ola biləcəyik.
Xalq kasıb və qəzəbli olanda hakimiyyətə inam da itir.
Silvet Acaral-oğlu:
– İlk növbədə, səhiyyə. Səhiyyə əvvəllər, sovet dövründə olduğu kimi, pulsuz olmalıdır. Amma indi bu, çətindir. Gənclərə də daha çox diqqət yetirmək lazımdır, çünki işləri yoxdur, məşğuliyyəti yoxdur.