“Burada heç nə yoxdur, ancaq problemlər var”. Şəfəq adlı qaranlıq qəsəbədən reportaj
Abşeron rayonunun Şəfəq qəsəbəsi
Bura el arasında “stansiya Sumqayıt” kimi tanınan Şəfəq qəsəbəsidir. Bakı-Sumqayıt qatarının stansiyası qəsəbənin yaxınlığında yerləşdiyindən ərazinin adı da belə qalıb. Abşeron rayonunun ən yeni qəsəbəsi hesab olunur.
Sumqayıt şəhərinin 12 kilometrliyində yerləşən 88 yaşayış binasından ibarət, 8 min nəfərdən çox əhalinin məskunlaşdığı bu yaşayış massivinə 2024-cü ilin mart ayında qəsəbə statusu verilib.
Şəfəq qəsəbəsi sakinlərinin mütləq çoxluğu gözdən əlillər, birinci və ikinci Qarabağ müharibəsi əlilləri və şəhid ailələrindən ibarətdir.
“Burada özümüzü təcrid olunmuş kimi hiss edirik”
Şəfəq qəsəbəsində insanlar uşaqlarını aparmağa əyləncə yeri tapa bilmədiklərini deyirlər. Onların sözlərinə görə elə böyüklərin sosiallaşması üçün də heç bir məkan, hətta çay evi belə yoxdur. Yeganə park qəsəbənin sonunda – şəhid və qazi ailələrinin yaşadığı binaların yaxınlığında yerləşir. Gözdən əlil sakinlər isə ora gedib çıxa bilmirlər.
Yeri gəlmişkən, qəsəbədə fəaliyyət göstərən üç ərzaq mağazası da eyni uzaqlıqdadır. Gözdən əlil sakinlər deyirlər ki, burada özlərini təcrid olunmuş kimi hiss edirlər, heç nə onların güzəranını yaxşılaşdırmağa hesablanmayıb.
“Mən keçən ildən burada yaşayıram. Qəsəbənin problemləri kifayət qədər çoxdur. Biz bunları istər şifahi, istər yazılı formada aidiyyatı qurumlara çatdırmışıq. Onlar da hər dəfəsində həll edəcəyik deyiblər, amma ortada bir nəticə yoxdur.
İctimai nəqliyyat ən gec axşam saat 9-dan sonra yoxa çıxır. İnterval müddəti çox uzundur. Avtobuslar tez-tez xarab olur. 6 avtobus işləməlidirsə, ancaq 3-ü dövriyyədə olur. Bəzən bir saat avtobus gözləyirik, gəlib çıxanda da basabas olur. Buna görə məcbur olub taksiyə minirik, bu da əlavə pul itkisidir. Ən çox pensiya alanlarımız 600-700 manat alır, o da belə tərg olur”, – qəsəbə sakini Vüsal Nəzərov danışır.
Qəsəbəyə Bakı avtovağzalından 533, Sumqayıt bazarı yaxınlığından isə 12A nömrəli marşrut avtobusları işləyir. Orada olduğumuz iki saat yarım ərzində biri 533, ikisi 12A nömrəli olmaqla cəmi üç avtobusun dayanacağa yaxınlaşdığını gördük.
“Ümumiyyətlə, əlilləri düşünmürlər. Biz adi çay içmək üçün belə qalxıb buradan Sumqayıta getməli oluruq. Bundan başqa ərazidə heç yerdə set tutmur. Biz aylarla Rəqəmsal İnkişaf Nazirliyinə ayaq döyəndən sonra qəsəbənin cəmi bir yerində “Azercell”in dirəyini qoyublar, digər mobil operatorlar ümumiyyətlə işləmir”, – deyə Vüsal Nəzərov əlavə edir.
“Mağaza qəsəbənin gözdən əlillərin yaşadığı hissəsindən çox uzaqda yerləşir”
Başqa bir gözdən əlil Fariz Hüseynov 2021-ci ilin noyabr ayından bəri Şəfəq qəsəbəsinin sakinidir. Deyir ki, buradakı marketlərdə ərzaq qiymətləri də Sumqayıt və Bakıya nisbətən bahadır.
“Market bizim üçün çox uzaqdır, gözdən əlillər bu yolu gedib-gəlməkdə çətinlik çəkirlər. Bəzən açıq kanalizasiya qapaqlarına, bəzən də asfaltın kələ-kötür hissələrinə ilişib yıxılırıq. Gözü görən insanların 15 dəqiqəyə getdiyi yolu biz yarım saata güclə gedirik.
Qiymətlər də çox yüksəkdir. Bilirlər ki, çarəmiz yoxdur, məcbur ordan alacağıq.
Axşam saat 9-dan sonra bura olur ətraf aləmdən təcrid olunmuş bir yer. Aptek bağlanır, mağaza işləmir, marşrut tapılmır. Biz bu şərtlərlə cəmiyyətə necə adaptasiya ola bilərik? Elə bil bizi – gözdən əlilləri bura gətirib atıblar”, – deyə Fariz Hüseynov şikayətənir. Ətrafımızdakı digər gözdən əlillər də onun dediklərini təsdqiləyirlər.
Bütün qəsəbəyə cəmi bir təcili tibbi yardım maşını
Şəfəqdə tibbi yardım almaq da müşkül məsələdir. Qəsəbənin girişində təcili tibbi yardım stansiyası var. Amma bura xəstələrin müalicəsi üçün nəzərdə tutulmayıb. Stansiya cəmi bir təcilli yardım maşınından ibarətdir.
Stansiyanın adını açıqlamaq istəməyən əməkdaşının sözlərinə görə, çağırışlara getmək üçün onların sərəncamına verilmiş bu təcili yardım maşınında tibbi avadanlıqlar və dərman preparatları məhduddur. Odur ki, kömək edə bilmədikləri vəziyyəti ağır olan xəstələri Sumqayıtda yerləşən xəstəxanalara aparmalı olurlar.
Həmsöhbətimizin sözlərinə görə, əksərən çağırışa getdikləri zaman xəstələrə sadəcə ağrıkəsici verirlər, çünki başqa müdaxilə imkanları olmur. Bəzən də qəsəbədəki bu yeganə tibbi yardım maşını Sumqayıtdan daxil olan çağırışlara getməli olur. Həmin vaxt tibbi yardıma ehtiyacı olan şəfəqlilər xəstələrini öz maşınları ilə xəstəxanaya çatdırırlar, maşını olmayanlar isə çarəsiz qalırlar.
İcra nümayəndəliyi olmayan qəsəbə
Şəfəq sakini Fərid Bayramovun sözlərinə görə, icra hakimiyyətinin qəsəbə üzrə nümayəndəliyi də yoxdur. O bildirir ki, qəsəbə sakinləri nümayəndəliyin yaradılması üçün Abşeron rayon İcra Hakimiyyətinə müraciət etsə də, konkret cavab ala bilməyiblər.
“Sadəcə bir “JEK” (mənzil-kommunal təsərrüfatı) var, onun da səlahiyyətləri məhduddur. Abşeron rayon İcra Hakimiyyətinə müraciət elədik, dedilər gözləyin. Amma bu “gözləyin” nə vaxta qədər nəzərdə tutulub, bilinmir. Bir o dəqiqdir ki, problemlərimizin həlli üçün burada mütləq icra nümayəndəliyi olmalıdır”, – Fərid Bayramov deyir.
O, həmçinin qeyd edir ki, ərazidə müşahidə kameraları artırılmalıdır. Dediyinə görə, əsasən gözdən əlillərin yaşadığı binalarda oğurluq halları çox olur, amma təqsirlilər tapılmır.
Qəsəbədəki problemli məsələlərdən biri də kanalizasiya sistemidir. Yağışın davamlı yağdığı günlərdə kanalizasiya sistemi çökür, yaşayış binalarının zirzəmilərinə su dolur və aylarla çəkilmir.
Böyük oğlu birinci Qarabağ müharibəsində itkin düşən, kiçik oğlu isə ikinci Qarabağ müharibəsində əlil olan Almas Məmmədov belə binalardan birinin sakinidir. Onun sözlərinə görə, zirzəmilərə dolan suyu qurutmaq üçün texnika tapa bilmədikləri üçün sakinlər özləri suyu vedrələrlə çölə daşıyırlar.
“Bir həftə deyil idi suyu təmizlədiyimiz, indi təzədən dolub”, – deyə Məmmədov əli ilə su dolan zirzəmini göstərir.
Mühafizə edilməyən su kanalı, külək əsən kimi kəsilən elektrik
Qəsəbənin problemləri bununla da bitmir. Ceyranbatan su kanalının qəsəbənin kənarından keçən hissəsi sakinlərin qorxulu yuxusuna çevrilib.
Su kanalının ətrafı çəpərlənməyib, mühafizə edilmir. Buna görə də zaman-zaman su kanalına düşüb boğulanlar olur. Sonuncu belə hadisə bu ilin aprel ayında baş verib, 13 yaşlı Samir Əliyev su kanalında boğulub.
“Bu kanal Ceyranbatan su anbarına axır, Bakı və Sumqayıt sakinləri buradan su ilə təmin olunur. Amma kanalın üstü açıqdır. Heç bir xəbərdarlıq nişanı, çəpər filan da yoxdur. Bura bəzən insanlar, ya da yaxınlıqdakı fermaların ərazidə örüşə çıxmış mal-qarası yıxılıb ölür. Təhlükəsi böyükdür. Buna bir əncam çəksinlər, belə olmaz axı”, – qəsəbə sakinlərindən Elşad Hüseynov deyir.
O, həmçinin qeyd edir ki, güclü küləkli və yağışlı günlərdə elektrik şəbəkəsində qəzalar baş verir, Şəfəq qəsəbəsi qaranlığa qərq olur. Elə bu reportaj dərc olunmazdan öncəki üç gün ərzində qəsəbə elektriksiz qalıb.
“Üç gün qaldıq qaranlıqda, kombi də işləmədi, evin içində soyuqdan donduq. Deyirlər, üzümüzə gələn şənbə yenə külək, yağış olacaq. Qorxa-qorxa qalmışıq ki, birdən yenə işıqlar sönər”.