ABŞ və Almaniyanın Ukraynada münaqişənin nizamlanmasına və Rusiya ilə münasibətlərə yanaşması fərqlidir
ABŞ və Almaniyanın Ukraynada münaqişənin nizamlanması metodları və Rusiya ilə münasibətlərə yanaşmaları fərqlidir. ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Anqela Merkelin ilk şəxsi görüşündən sonra təxminən bu nəticəyə gəlmək olar.
Reuters yazır ki, onlar üçün ziddiyyətləri gizlətmək çətindi və çox güman ki, buna görə martın 17-də Vaşinqtonda təşkil olunan müştərək mətbuat konfransı bir qədər donuq keçib.
Tramp və Merkel ilk dəfə idi ki, görüşürdülər. Gözlənilirdi ki, bu görüş Transatlantik İttifaqın gələcəyini müəyyənləşdirməyə, iki ölkə arasında işgüzar münasibətlərə ton verməyə kömək edəcək.
Merkel sakit və rahat davranırdı, hər iki söhbət iştirakçısının pozalarından və jestlərindən aralarındakı münasibətin heç də isti olmadığı anlaşılırdı.
Mətbuat konfransı daha qəribə yekunlaşıb – Trampın ortaya atdığı Merkeli heyrətləndirən telefon dinləmələri ilə bağlı replikası ilə.
Merkel Ağ evə yenicə gələndə Tramp onun əlini sıxıb, amma daha sonra – Oval kabinetdə o bunu nəyə görə isə bir daha təkrarlamayıb. Merkel bir neçə dəfə ona tərəf əyilsə də, ayaqlarını geniş açmış Tramp əllərini çarpazlayaraq, düz önünə baxıb və onu görməzdən gəlib.
Bununla belə hər iki lider jurnalistlərin suallarına cavab verərkən, qısaca olaraq bu görüşü çox məhsuldar kimi dəyərləndiriblər. Merkel mətbuat konfransında öz çıxışına “həmişə bir-biri ilə danışmaq, bir-biri haqqında danışmaqdan daha yaxşıdır” sözləri ilə başlayıb.
Mətbuat konfransı başlayandan az sonra Tramp bildirib ki, Almaniyanın öz büdcəsini NATO-nun hərbi xərcləri ilə bağlı planına uyğunlaşdırması lazımdır. Merkel isə öz növbəsində Almaniya hökumətinin müdafiə xərclərini 2 faizə [ÜDM] çatdırmaqla bağlı niyyətini təsdiqləyib.
“Mən kansler Merkelə NATO-nu dəstəkləməyimlə bağlı, həmçinin NATO üzrə müttəfiqlərin hərbi büdcəyə öz töhvələrini verməli olduqları ilə bağlı qəti mövqeyimi bildirdim. Dövlətlərin çoxu son illərdə külli miqdarda borclanıb, bu isə ABŞ-a münasibətdə ədalətsizlikdir. Bu dövlətlər borclarını ödəməlidir”.
Sonra Tramp bir daha Obama administrasiyasının onun telefonlarını dinlədiyi haqda iddialarını təkrarlayıb və bir müddət əvvəl Almaniya hökumətinin də Vaşinqtonu kansleri izləməkdə ittiham etdiyinə eyham vuraraq Merkelə dəstək üçün müraciət edib.
Tramp deyib: “Əvvəlki administrasiya tərəfindən dinləmələrə gəlincə, düşünürəm ki, bu məsələdə hər halda aramızda ortaq nə isə var”. Remarkanın Merkeli təəccübləndirdiyi aydın sezilib.
Reuters yazır ki, çox güman, siyasi baxışlardakı böyük fərqlərə və ümumilikdə Almaniyanın Nyu-Yorksan olan keçmiş biznesmenə qarşı ehtiyatlı münasibətə baxmayaraq, Anqela Merkel onunla möhkəm işgüzar münasibətlər qurmağa çalışacaq.
Reuters bir həftə əvvəl yazıb ki, prezident Donald Tramp kansler Anqela Merkeldən Rusiya prezidenti Vladimir Putinə münasibətdə və Ukrayna problemi ilə bağlı necə davranacağına dair məsləhət almaq niyyətindədir.
“Kanslerin Putinlə ünsiyyət təcrübəsini öyrənmək prezident çox maraqlı olacaq”, – Reuters-in 10 mart xəbəri ilə bağlı bir məmur bildirib.
Reuters-in icmalında həmçinin bildirilir ki, Tramp Merkeldən Ukrayna Ordusunun Rusiya yönlü qiyamçılarla döyüşdüyü qərbi Ukraynada münaqişənin həlli ilə bağlı ABŞ-ın diplomatik səyləri necə daha səmərəli dəstəkləyə biləcəyinə dair məsləhət alacaq.
Amma Rusiya ilə münasibətlər və Ukraynadakı münaqişə məsələlərinin Vaşinqtonda yenicə başa çatmış görüşdə necə müzakirə olunduğu haqda beynəlxalq media hələ ki məlumat vermir.