ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator (Cen Şahin) Jeanne Shaheen Azərbaycanda “Meydan TV işi” üzrə həbs olunan jurnalist Ülviyyə Quliyevaya (Ülviyyə Əli) məktub göndərib.
Jurnalist Ülviyyə Quliyeva (Əli)
Senator yazıb ki, Ülviyyə Əli də daxil olmaqla Azərbaycanda siyasi məhbus hesab olunan şəxslərin məsələsi onun üçün prioritet olaraq qalır:
“Sənin işinlə bağlı səsimi mümkün qədər hər yerdə qaldıracağam və azadlığa buraxılmağın üçün iş aparacağam”.
Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-nə keçən gecə “Meydan TV işi” çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılıqla saxlanılıb, evində axtarış aparılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsində barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb. Daha sonra bu işlə bağlı jurnalistlər Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı və Əhməd Muxtar da həbs ediliblər.
Bu ilin avqustunda jurnalistə qarşı ittihamlar ağırlaşdırılıb və əlavə maddələr irəli sürülüb.
“Meydan TV” bəyan edir ki, bu həbslər onların tənqidi fəaliyyətlərinə görədir.
Shaheen məktubunda jurnalistin anasının “The Washington Post” qəzetinə verdiyi müsahibəni oxuduğunu da vurğulayıb və Ülviyyə Əlinin həbsindən öncə jurnalist etikasına və həqiqətləri yazmağa sadiq qalacağı barədə verdiyi mesajın beynəlxalq ictimaiyyət tərəfindən eşidildiyini qeyd edib.
Senator həmçinin jurnalistin vaxtilə çalışdığı “Amerikanın Səsi” radiosunun çətin dövr keçirdiyini xatırladaraq, onun fəaliyyətini davam etdirməsi üçün dəstəkləyəcəyini bildirib.
“Gün gələcək, azadlığa buraxılmağını qeyd etmək üçün səni ABŞ Senatına dəvət edəcəyik. O vaxtadək güclü ol və yadında saxla ki, sənin cəsarətin təqdirə layiqdir”.