ABŞ Senatı erməni soyqırımı haqda qətnaməni yekdilliklə qəbul edib
Dekabrın 12-də ABŞ Senatı Birinci Dünya Müharibəsi illərində Osmanlı imperiyasında ermənilərin kütləvi qətliamını soyqırım kimi tanıyan qətnaməni yekdilliklə dəstəkləyib.
Qətnamədə Amerika hakimiyyətini erməni soyqırımının “və ya istənilən digər soyqırımın” inkarına cəlb etmək və ya bununla assosiasiya etmək cəhdlərinə yol verilməməsinə çağırış yer alıb.
İndiyə qədər ABŞ prezidentləri, o cümlədən də Donald Tramp öz rəsmi çıxışlarında 1915-ci il hadisələri haqda danışarkən, heç vaxt “soyqırım” sözündən istifadə etməyiblər.
Erməni soyqırımı 1915-ci ildə Osmanlı Türkiyəsində həyata keçirilən kütləvi qırğındır. Buna qədər Osmanlı imperiyasının ərazisində iki milyon yarım erməni yaşayırdı. Qətllər və kütləvi deportasiyalar nəticəsində onların yarısından çoxu həyatını itirib.
Ötən əsrin əvvəllərində Osmanlı imperiyasında baş verən faciəvi hadisələr Avropa Şurası, Avropa Parlamenti, Ümumdünya Kilsələr Şurası da daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi tanınıb və qınanıb. Erməni soyqırımını tanıyan ölkələr arasında Kanada, Argentina, İsveçrə, Avstriya, İtaliya, Rusiya, Belçika, Fransa, Polşa, Slovakiya Hollandiya, Uruqvay, Kipr, Vatikan, Almaniya, Livan və ABŞ-ın 48 ştatı var.
Türkiyə məsələnin bu cür yanaşmanı qətiyyən qəbul etmir.
Hadisələr necə baş verib?
Demokrat Robert Menendes və respublikaçı Ted Kruz dəfələrlə qətnaməni Senatın müzakirəsinə çıxarıb, amma hər dəfə onların həmkarları sənədi bloklayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatası eyni məzmunlu qətnaməni qəbul edəndən sonra, son iki ay ərzində üç senat bu snədin baxılmasına veto qoyub. Üstəlik hər üçü bildirib ki, prinsipial olaraq onlar qətnamənin məzmununa qarşı deyillər, amma hələlik onun qəbul olunması zamanı yetişməyib.
Onlardan birincisi Lindsi Qrem olub. O, Ərdoğan və Trampın noyabr göörüşündən dərhhal sonra veto hüququndan yararlanıb. Senator qətnaməni “keçmişə görə yox, gələcək naminə” əngəllədiyini izah edib. Senator Qrem prezident Trampın yaxın silahdaşı olduğu üçün bəlli olurdu ki, bu, sadəcə onun şəxsi fikri deyil.
Ondan sonra səsverməni senatorlar Devid Perdyu və Kevin Kramer bloklaylb.
Amma dekabrın 12-də qətnamə nəinki səsverməyə buraxılıb, hətta yekdilliklə qəbul edilib.
Bununla əlaqədar olaraq rəsmi Ankaranın sərt reaksiyası gözlənilir.
Ermənistandan reaksiya
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Senatın qətnaməni qəbul etməsini belə şərh edib:
“Bu qərar ədalətə, həqiqətə, erməni soyqırımının tanınmasına gedən yolda həlledici addımdır, bu, qurbanların xatirəsinə və onların şərəfinə verilmiş bir töhfədir. Biz senatorlar Robert Menendesə, Ted Kruza və bütün ABŞ Senatının üzvlərinə minnətdarlığımızı bildiririk”.
Əvvəlki qətnamə
Senatın qətnaməni qəbul etməsindən əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında, yəni aşağı palatasında səsvermə baş tutmuşdu. Oktyabrın 30-da Nümayəndələr Palatası səs çoxluğu ilə Osmanlı imperiyasında ermənilərin kütləvi qətliamını soyqırım kimi tanımışdı. O zaman qətnamənin lehinə 405 nəfər, əleyhinə isə cəmi 11 konqresmen səs vermişdi.
Bundan sonra sənədə artıq Senatda baxılması gözlənilirdi. Amerika mediasının yaydığı məlumata əsasən, sənəd Konqresin digər palatası, yəni Senat tərəfindən də qəbul edilərsə, qətnamə ABŞ prezidentinin imzasına göndəriləcək.
ABŞ-da qətnamələrin qəbul olunmasının arxasında nə dayanır?
Bir çox ekspertlərin fikrincə, qətnamələrin qəbul olunması ABŞ və Türkiyə arasında münasibətlərin korlanmasından irəli gəlib. Xüsusən də son zamanlar vəziyyətə bir neçə amil təsir göstərib:
• Türkiyənin “İslam Dövlətinə” qarş mübarizədə amerikalıların əsas müttəfiqi olan Suriya kürdləriinə qarşı hərbi əməliyyatı. Üstəlik bütün bunlar Donald Tramp gözlənilmədən Suriya ərazisindən qoşunların çıxarılması ilə bağlı qərarını açıqlayandan sonra baş verdi.
• Türkiyənin ABŞ-ın narazılığına baxmayaraq, Rusiyadan ZRS S-400 [hava hücumu vasitələrinin məhvi üçün nəzərdə tutulan zenith raket sistemi] almaq qərarı.
Yeri gəlmişkən, soyqırımla bağlı səsvermədən sonra Nümayəndələr Palatasının deputatları yenə də səs çoxluğu ilə Trampı Türkiyəyə qarşı saknsiyaların tətbiqinə çağıran qətnaməni də qəbul edib.
Qanun layihəsinə əsasən, Türkiyənin yüksək vəzifəli şəxslərinə, o cümlədən də müdafiə nazirinə qarşı sanksiya tətbiq etmək, Türkiyə məmurlarının aktivlərini bloklamaq və Türkiyə banklarına qarşı sanksiya tətbiq etmək təklif olunur.
Bundan başqa, sənəd gələcək müzakirəsi üçün Türkiyə prezidenti Ərdoğanın ailəsinin ABŞ-dakı aktivləri haqda Konqresə məlumat təqdim olunmasını da nəzərdə tutur.