ABŞ səfirliyində Söyüdlü hadisələrinə diqqət çəkmək istəyən aktivistlər polisə təhvil veriliblər
Söyüdlü hadisələri
Gədəbəyin iki gündür giriş-çıxışı məhdudlaşdırılmış Söyüdlü kəndi ətrafında baş verən hadisələr səngimək bilmir. Sakinlər polislərin kəndi qorxu içində saxladığını bildirirlər. Həbslər davam edir. ABŞ-ın Azərbaycandakı səfirliyində keçirilən ziyafətdə sivil aksiya ilə Söyüdlü hadisələrinə diqqət çəkən aktivistlər polis tərəfindən saxlanılıblar.
- “Gürcüstan 12 tövsiyədən 3-nə tam əməl edib” – Avropa Komissiyasının aralıq hesabatı
- Silahlı təxribatlarla bağlı press-relizlərlə atışma nəyə gətirib çıxaracaq? Bakıdan şərh
- İkinci Qarabağ müharibəsi Nikol Paşinyanın gözü ilə
ABŞ səfirliyində qalmaqal
İyunun 23-də ABŞ-ın Azərbaycandakı səfirliyində müstəqillik günü münasibətilə təşkil olunmuş ziyafətə qatılan aktivistlər Gülnarə Mehdiyeva, Sənubər Heydərova və Nərmin Şahmarzadə Söyüdlüdə etiraz edən sakinlərə və bu hadisələrə görə həbs olunanlara diqqət çəkmək üçün dinc aksiya keçiriblər. Onlar boğazlarına qara əl rəsmi çəkərək, Azərbaycanda bütün azadlıqların boğulduğunu rəmzi olaraq ifadə ediblər. Mərsimdə canlı yayım açaraq Söyüdlüdə baş verənlər və buna görə həbs olunanlar haqda danışıblar.
Daha sonra səfirlik əməkdaşları onlardan sivil aksiyanı dayandırmağı istəyib. Mərasimdən uzaqlaşdırılan aktivistlər və “Abzas Media”nın rəhbəri Ülvi Həsənli polis tərəfindən saxlanılıblar. Bir müddət sonra onlar sərbəst buraxılıblar.
“Bu gün Azərbaycanın iqtidar və müxalifət nümayəndələri ABŞ dövlətinin müstəqilli günü münasibətilə səfirlikdə təşkil olan tədbirə gəlmişdilər. Mən, Nərmin və Sənubər də dəvətli idik və tədbirə boğazımızı sıxan yumruq rəsmi ilə daxil olduq. Tədbirdə Azərbaycan məmurlarının qarşısında yaylığımızı çıxardıb, Gədəbəy, Söyüdlü hadisələrini simvolizə etdiyimizi sivil qaydada bildirdik.
Söyüdlü kəndində xalqa edilən zülm, bu zülmü çəkən jurnalistlərə zorakılıq, digər jurnalistin naməlum şəkildə yoxa çıxması, iki aktivistin həbsi baş verdiyi müddətdə başqa bir ölkənin müstəqilliyini əlimizdə şərabla qeyd edə bilməzdik.
Ülvi Həsənli bizi kameraya çəkməyə başlayanda səfirliyin təhlükəsizlik xidməti zorakı şəkildə onun iki qolunu buraraq ərazidən çıxardı, biz isə mədəni formada uzaqlaşdırıldıq və dördümüz də 21-ci polis bölməsinə gətirildik. Şəxsi məlumatlarımız soruşulandan sonra azad edildik. Bölmənin özündə insident yaşanmadı”, – Gülnarə Mehdiyeva sərbəst buraxılandan sonra Facebook səhifəsində yazıb.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Etirazlarda 5 nəfər saxlanılaraq 20 sutka inzibati həbs cəzası alıb, bir nəfər 1500 manat cərimələnib. Aksiyadan sonra da həbslər davam edib, hazırda onların sayının on nəfərə qədər olduğu bildirilir. Daxili İşlər Nazirliyi kənddə konkret neçə nəfərin həbs edildiyini açıqlamır.
Sosial şəbəkədə baş verənlərlə bağlı tənqidi postlar paylaşmış iki aktivist – Elmir Abbasov və Qiyas İbrahimov müvafiq olaraq 20 və 30 sutka inzibati həbslə cəzalandırılıblar. Onların polis şöbəsində zorakılığa məruz qaldıqları bildirilir. Qiyas İbrahimov bütün bunlara etiraz edərək aclıq aksiyasına başladığını elan edib.
Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.
Söyüdlü aksiyasını işıqlandıran jurnalist saxlanılıb
İyunun 23-də Gədəbəyin Söyüdlü kəndində sakinlərin etiraz aksiyasını işıqlandıran, orada baş verənlərlə bağlı qısa film çəkdiyini elan edən və bu filmin tanıtım çarxını yayan jurnalist Elməddin Şamilzadə Bakıda polis tərəfindən saxlanılıb.
Elməddin Şamilzadə “Facebook” hesabında “işgəncə” deyə son xəbərdarlıq postu paylaşıb. Bir neçə dəqiqədən sonra həmin post silinib, özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Daha sonra Söyüdlü hadisələri ilə bağlı polisin tənqid olunduğu başqa bir neçə post da onun hesabından silinib.
Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev jurnalistin saxlanıldığını təsdiqləyib. Ancaq hansı səbəblə və harada saxlanıldığını açıqlamayıb: “Bu barədə məlumat veriləcək”.
Jurnalist səfərbərlikdən də axtarılırmış
İyunun 22-də Elməddin Şamilzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinə çağırılmışdı.
Jurnalist bununla bağlı bildirmişdi ki, universitetdə oxuduğu üçün hər il onlara sənəd təqdim etməlidir: “Mənə bildirdilər, bu ayın sonu, yaxud iyulun əvvəlində sənədini gətir”.
Şamilzadə Türkiyənin Mula Unvesitetinin Enerji sistemləri mühəndisliyi fakültəsinin II kursunda təhsil aldığını deyir. Jurnalist bildirib ki, o, xidmətə növbəti kursa keçməsi ilə bağlı sənəd təqdim etməlidir: “Əgər məsələni mürəkkəbləşdirsələr, vəkilimlə danışacağam”.
Onun qənaətincə, gözləmədiyi halda xidmətə çağırılması iyunun 21-də Gədəbəyin Söyüdlü kəndindən yaydığı reportajla bağlıdır. “Bir gün əvvəl kənd sakinlərini döyən polislərin sifətlərini çəkib paylaşmışdım. Çox güman ki, bununla bağlıdır. Çünki mənim paylaşımlarım yayılandan bir neçə saat sonra komissarlıqdan zəng gəldi. Halbuki bir ildən çoxdur ki, məndən sənəd tələb etmirlər. Həm də universitetə qəbul olunanda, komissarlığa sənədlərımi təqdim etmişdim ki, 4 il təhsil alacağam. İndi necəsə yadlarına sənəd düşdü”, – jurnalist saxlanılmazdan əvvəl həmkarlarına bildirmişdi.
Məqalə çapa hazırlanarkən gecə saat 10 civarında jurnalist Facebook səhifəsində sərbəst buraxıldığını yazıb.
Hazırda Söyüdlüdə vəziyyət
“Dünən axşam azyaşlı oğlumu maşınla gedəndə postda saxlayıblar, deyiblər elə səni axtarırdıq. 4-5 nəfər polis dəyənəklə onu döyüb. Oğlum qaçıb xilas ola bilib. Bundan əvvəl aksiyada da polislər ayağından rezin güllə ilə vurublar. İndi də hədələyirlər ki, onu tutacağıq”.
Gədəbəyin Söyüdlü kənd sakini Aidə Abbasova “Abzas Media”ya bildirib ki, polislər kənd sakinlərini qorxu içində saxlayırlar. Kənddəki problemləri mətbuata danışan şəxslər ya həbs olunur, ya da həbslə hədələnir.
Etirazlardan sonra göldə araşdırma aparılması ilə bağlı komissiya yaradılsa da, kənddə polis əməliyyatları səngimir.
“Deyirlər, cənnət anaların ayaqları altındadır, amma Gədəbəyin Söyüdlü kəndində analar polislərin ayaqları altındadır. İndi kənddə hamı tutulub aparılmaqdan qorxur. Biz burda nə qədər qorxu içində yaşayacağıq, bilmirəm. Bu camaatı tutulmaqla nə qədər hədələyəcəklər?! Başçı deyir ki, polislər xalqı qoruyur. Necə qoruyur ki, görüntülər də var, oradakı bütün qadınlara xəsarət yetirir. Deyir, göl 11 ildir yaranıb, niyə indiyə qədər susurdunuz? Susurdular, ona görə ki, ucqarda yaşayan savadsız kənd camaatı idi, kənd camaatı heç bilirdi ki, sianid nədir? İnsanlar gördü ki, mal-qaraları tələf olur, adi quş da uçmur göl tərəfə, kənddə xəstəlik artdı, ondan sonra bildilər ki, gölün ziyanı var. Son 1 ayda vəfat edənlər hamısı xərçəngdən vəfat edib”.
Aidə Abbasovanın sözlərinə görə, bu gün kənddə Coşqun Musayev saxlanılıb.
“Hara aparıldığı bilinmir. İki körpə balası var”.
Kənd sakini deyir ki, onların iki tələbi var: həbs olunanlar azad olunsun və ikinci zəhərli göl yaradılmasın.