ABŞ-ın Nümayəndələr Palatasının erməni soyqırımını tanımasına reaksiya – Ermənistan, Türkiyə və dünyada
ABŞ Konqresinin Nümayəndələr Palatası Osmanlı imperiyasında ermənilərin kütləvi qətliamını səs çoxluğu ilə soyqırım kimi tanıyıb. Qətnamənin leyhinə 405, əleyhinə isə 11 konqresmen səs verib, üç nəfər isə bitərəf qalıb. Üstəlik qətnaməni həm demokratlar, həm də prezident Donald Trampın təmsil etdiyi ABŞ-ın Respublikaçılar Partiyasının üzvləri dəstəkləyib.
İndi sənəd Senatdan keçməlidir. Əgər Senat da sənədi təsdiqləsə, qətnaməABŞ prezidentinin imzasına təqdim olunacaq.
İndiyə qədər ABŞ prezidentləri, o cümlədən də Donald Tramp öz rəsmi çıxışlarında 1915-ci il hadisələri haqda danışarkən, hələ də “soyqırım” ifadəsindən istifadə etmirdilər.
Erməni soyqırımı – 1915-ci ildə Osmanlı imperiyasında kütləvi qırğın. O vaxta qədər Osmanlı imperiyasının ərazisində iki milyon yarın erməni yaşayıb. Qətliam və kütləvi deportasiya nəticəsində onların yarıdan çoxu həlak olub.
Ötən əsrin əvvəlində Osmanlı imperiyasında baş verən facivi hadisələr nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən də Avropa Şurası, Avropa Parlamenti, Ümumdünya Kilsələr Şurası tərəfindən soyqırım kimi tanınıb. Erməni soyqırımını tanıyan ölkələr arasında Kanada, Argentina, İsveçrə, Avstriya, İtaliya, Rusiya, Belçika, Fransa və Polşa, Slovakiya, Hollandiya, Uruqvay, Yunanıstan, Kipr, Vatikan, Almaniya, Livan və ABŞ-ın 48 ştatı da var.
Türkiyə bunu qətiyyən qəbul etmir
Niyə məhz indi?
Reuters qeyd edir ki, ABŞ Konqresi illərdir NATO üzrə müttəfiqi olan Türkiyə ilə münasibətləti korlamaq qorxusundan erməni qırğınını soyqırım kimi tanımaqdan çəkinib.
• Bundestaq “soyqırım” sözündən istifadə edib
Amma qətnaməyə belə sürətlə baxılmasının arxasında ABŞ və Türkiyə münasibətlərinin pisləşməsi dayanır. Son zamanlar bir neçə amil vəziyyətə təsir edib:
• Türkiyənin İslam Dövləti ilə mübarizədə ABŞ-ın əsas müttəfiqi olan Suriyadakı kürdlərə qarşı apardığı hərbi əməliyyat. Üstəlik bütün bunlar Donald Tramp gözlənilmədən öz qoşunlarını Suriya ərazisindən çıxardığını elan edəndən sonra baş verib.
• ABŞ-ın narazılığına rəğmən Türkiyənin Rusiyadan S-400 ZRK (Hava hücumuna qarşı zenit-raket kompleksi) alması.
Üstəlik qətnamənin qəbulunun geosiyasi kontekstini onun tərəfdarları da gizlətmir. Türkiyənin Suriyada əməliyyata başlatdığı gün əsasən ermənilərin yaşadığı dairəni təmsil edən konqresmen Ted Lyu Twitter-də yazıb ki, indi ABŞ-ın erməni soyqırımını tanımasının əsl vaxtıdır.
• Hollandiya parlamenti Türkiyədə erməni soyqırımını tanıyıb
Bundan başqa, erməni soyqırımı ilə bağlı səsvermədən dərhal sonra Nümayəndələr Palatasının deputatları Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qanun layihəsini də səs çoxluğu ilə dəstəkləyiblər.
Qanun layihəsinə əsasən, Türkiyənin ən yüksək vəzifəli məmurlarına, o cümlədən də müdafiə nazirinə qarşı sanksiyalar tətbiq etmək, Türkiyə məmurlarının aktivlərini bloklamaq və Türkiyə banklarına qarşı sanksiya tətbiq etmək təklif olunur.
Sənəd həmçinin gələcək müzakirələr üçün Türkiyə prezidenti Ərdoğanın ailəsinin ABŞ-dakı aktivləri haqda məlumatların Konqresə təqdim olunmasını nəzərdə tutur.
Ermənistanda reaksiya necə olub?
Qətnamənin qəbul olunmasına ilk reaksiya verənlərdən biri Ermənistanın baş naziri Nikol Paşinyan olub.
“Mən ABŞ Konqresinin erməni soyqırımını tanıyan tarixi səsverməsini alqışlayıram. 296 saylı qətnamə həqiqətə və tarixi ədalətə xidmət yolunda cəsarətli addımdır və soyqırım zamanı sağ qalan ermənilərin milyonlarla nəvə-nəticələri üçün təsəlli olacaq”, – Paşinyan Twitter hesabında yazıb.
Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan öz növbəsində ABŞ Konqresinə minnətdarlığını bildirib:
“ABŞ Konqresinə minnətdarlığımı bildirirəm. Ədalət və həqiqət tarixi 296 saylı qətnamədə birləşib. Erməni soyqırımı qurbanlarının xatirəsinə töhfədir. İnkara qarşı güclü mesajdır. 405 nəfər səs verənin hər birinə dərin minnətdarlıq bildirirəm. Mən dünyanın istənilən nöqtəsində kütləvi cinayətlərin qarşısının alınması üçün yenidən işləməyə səlahiyyətliyəm”.
Türkiyədə reaksiya necə olub?
Türkiyə etiraf edir ki, Osmanlı imperiyasında yaşayan ermənilərin çoxu Birinci Dünya Müharibəsi zamanı baş verən toqquşmalarda həlak olub, amma rəqəmləri mübahisələndirir, qətllərin sistematik olduğunu və soyqırım ifadə etdiyini inkar edir.
Bu məsələdə xarici müdaxilənin olmasına gəlincə isə Ankara bunu öz suverenliyinə təhlükə kimi dəyərləndirir.
Türkiyə mətbuatı bu xəbərə rəsmi məlumatların və şərhlərin yayılması ilə reaksiya verib.
Məsələn Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıc Twitter hesabında yazıb:
“Xarici ölkə parlamentlərindəki deputatların məlum lobbilərin təsiri ilə aldıqları/alacaqları tarixi həqiqətlərdən uzaq, obyektiv araşdırma və dəyərləndirməyə, həmçinin əlaqədar ölkələrin arxivlərində aparılmalı olan tədqiqatlara əsaslanmayan dar çərçivəli qərarlar şanlı tariximizə ləkə gətirməz”.
Türkiyə ABŞ-da qəbul olunan bu sənədi pisləyib və bilririb ki, soyqırım haqda qətnamə “Daxili siyasi amillərlə alınmış bu qərarın tarixi və hüquqi əsası yoxdur”.
Türkiyə XİN-i qətnaməni rədd edib və bildirib ki, sənədin heç bir tarixi və qanuni əsası, həmçinin hüquqi qüvvəsi yoxdur. Bundan başqa, XİN-in bəyanatında qeyd olunub ki, “Bu qərarın Türkiyə hökuməti və xalqı üçün heç bir keçərliliyi və hökmü yoxdur”.
Türkiyənin XİN rəhbəri Mövlut Çavuşoğlu amerikalı konqresmenlərin qərarı ilə bağlı “tarixi siyasətə alət edənlərin bu utancverici qərarının hökumətimizin və xalqımızın gözündə dəyəri yoxdur” sözlərini sərf edib.
ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb, amma hələlik rəsmi notanın verilməsi haqda məlumat yoxdur.
Daha əvvəl Ankara dəfələrlə bildirib ki, erməni soyqırımının tanınacağı təqdirdə öz səfirini Vaşinqtondan geri çağıracaq.
Sosial şəbəkələrin Türkiyə seqmentində əksəriyyət məsələ ilə bağlı rəsmi mövqeyi dəstəkləyib. Ümumilikdə sosial şəbəkə istifadəçiləri Türkiyənin “Sülh bulağı” (“Barış pınarı”) əməliyyatına görə cəzalandırıldığını yazıb, halbuki onların fikrincə, bu əməliyyat sadəcə Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün atılmış bir addımdır.
“Bütün bunlar siyasi şantajdan başqa bir şey deyil. Türkiyənin hansısa atdığı addım xoşlarına gəlməyəndə erməni soyqırımı kartını ortaya atırlar”.
Beynəlxalq reaksiya
Vaşinqtonun Karnegi Fondunun Qafqaz məsələləri üzrə baş eksperti Tomas de Vaal Twitter hesabında qəbul olunan qətnamə məsələsinə toxunub.
“Mən ona görə “soyqırım” terminindən istifadə edirəm ki, 191501916-cı illərdə baş verənlər həqiqətən də BMT-nin Soyqırım Konvensiyasının tərifinə uyğun gəlir”, – de Vaal yazıb.
Amma politoloq hesab edir ki, qətnamə Türkiyəni cəzalandırmaq üçün qəbul edilib:
“Tarixi rekord vurulub: ABŞ qanunvericilərinin artıq buna səlahiyyətləri yoxdur. Biz bilirik ki, onların əksəriyyəti daha çox Türkiyəni, Ərdoğanı cəzalandırmaq üçün səy göstərib, erməniləri anmaq üçün yox… Əgər onlara qarşı qəsdlə bağlı ənənəvi paranoyalı bəzi türk millətçiləri buna İstanbulda ermənilərin təqib olunması, Ermənistana uçuşların dayandırılması və ya erməni əhaliyə ziyan vurulması ilə cavab versələr, bu, qələbə olmayacaq”.
De Vaalın fikrincə, əsl debatlar Türkiyədə baş tutmalıdır:
“Əsl debatlar 20 il ərzində əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunmuş və bir çox tarixçinin və digərlərinin 1915-ci ilin dəhşətlərini etiraf etdiyi Türkiyə cəmiyyətində aparılmalıdır.
Nümayəndələr Palatasında səsvermə yalnız o zaman əhəmiyyətli ola bilər ki, bu, nəyinsə əvvəli olsun, sonu yox”.
ABŞ-ın vitse-prezidenti Co Bayden də qətnaməni alqışlayıb. O, Twitter-də vurğulayaraq yazıb ki, erməni soyqırımını tanımaqla amerikalılar yalnız öldürülmüş ermənilərin xatirəsini yad etmirlər, həm də “bir daha heç vaxt” deyirlər.
ABŞ-dakı erməni diasporasının reaksiyası
Amerikanın System of a Down qrupunun vokalçısı Serj Tankyan ABŞ Senatını Nümayəndələr Palatasının nümunəsi uyğun davranmağa çağırıb:
“Bu gün ABŞ-ın Nümayəndələr Palatası rəsmən erməni soyqırımını tanıyıb, ədalətə doğru əhəmiyyətli addım atıb və tarixə layiqli şəkildə hörmət nümayiş etdirib. Konqresin bir çox liderləri və siyasətçilər onilliklər boyu yorulmadan işləyiblər ki, bu baş versin”.
Amerikalı tele-ulduz Kim Kardaşyan da kənarda qalmayıb. O, Twitter səhifəsində üzərində neçə deputatın qətnamənin lehinə, neçəsinin əleyhinə səs verdiyi yazılmış şəkil paylaşıb.
“Vau, bu, heyrətamiz rəqəmlərə baxın – ABŞ erməni soyqırımını tanıdı… Biz tarix yazdıq”.
Yerevandan ekspert rəyi
Politoloq Suuren Sarkisyan hesab edir ki, qəbul olunmuş qətnamə gözlənilməz hadisə olmayıb.
“Gözləyirdim, çünki həm lobbiçilər, həm də ayrı-ayrı təşkilatlar tərəfindən fəal iş aparılırdı, buna görə də hər şey belə tez baş veridi”.
Sarkisyanın fikrincə, sənədin qəbul edilməsinə iki amil təsir edib – Amerika-Türkiyə münasibətlərinin pisləşməsi, hansı ki, “hazırda o qədər də yaxşı vəziyyətdə deyil” və erməni lobbiçilərinin fəaliyyəti.
“Qlobal anti-türk əhvalı mövcuddur. Bu dövr bizim lobbiçilərimizin aktiv fəaliyyəti ilə üst-üstə düşüb, onlar bu zaman kəsimindən çox savadlı və peşəkarca yararlandılar”, Sarkisyan qeyd edib.
Qətnamənin qəbul edilməsinin Türkiyəni cəzalandırmaq metodu olub-olmadığı ilə bağlı suala politoloq belə cavab verib:
“Ən əsası odur ki, bu qətnamədən başqa (sıyqırımın tanınması haqda) Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə bağlı ikinci qətnamə də qəbul edilib. Əgər məqsəd Türkiyəni cəzalandırmaq olsaydı, bunun üçün digər qətnamə vardı. Soyqırım haqda qətnamə isə ayrıdır, məhz bu konkret mövzu ilə bağlıdır”.
Sosial şəbəkələrin Ermənistan seqmentində nə yazırlar?
Hələ oktyabrın 29-da gecı saatlarından Facebook-un Ermənistan seqmentində Nümayəndələr Palatasının soyqırımı tanıyıb-tanımayacağı müzakirə olunurdu.
Şərhlərdən bəzilərini təqdim edirik:
“Bu, fövqəladə mühüm hadisədir. Ona görə mühümdür ki, indi artıq baş verənlərin soyqırım olmadığını, sadəcə, sadəcə (!!!) dağılan Osmanlı imperiyasında beşinci kolon olan ermənilərin kütləvi qırğını olduğunu demək çətin olacaq.
Amma şəxsən mənim üçün bunun qorxunc illərdə öldürülən milyon yarım günahsız insana münasibətdə ədalətin bərpa olunması yolunda böyük addım olması daha vacibdir”.
“Mən istəyərdim ki, həmin qorxulu hadisələri yaşayan əcdadlarım bu gün baş verənləri öz gözləri ilə görsünlər”.
“Bəlkə heç olmasa indi milyon yarım ermənin ruhu dinclik tapar”.
“Ştatlara Suriyaya görə öz müttəfiqini cəzalandırmaq lazım idi. Done. Ştatlar üçün əla fənddir, ümid edirəm ki, Ermənistan üçün məhvvedici olmaz”.
“ABŞ erməni soyqırımını rəsmən tanısa konkret nə dəyişəcək? Bu, Türkiyəyə konkret necə təsir edəcək?! Ştatlar tanıdı, Ərdoğan artıq susacaq və bütün kürsülərdən müasir Ermənistanın da Türkiyə olduğunu bağırmayacaq? Sanksiyalar tətbiq olunacaq?”
“Hər şey yaxşı olardı, amma onlar bunu sadəcə Ərdoğanı cəzalandırmaq üçün edirlər. Soyqırımın tanınması ədalət yox, Ərdoğana təzyiq vasitəsidir”.
“Biz həmişə xırda kart olmuşuq və elə də qalırıq!!!”