"ABŞ Gürcüstana lazımi diqqət göstərmir." Gürcüstan prezidentinin Donald Trampa məktubu
Gürcüstan prezidentinin Trampa məktubu
“Gürcü Arzusu” partiyasından olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ABŞ Prezidenti Donald Trampa açıq məktubla müraciət edərək bildirib ki, ABŞ administrasiyası Gürcüstana lazımi diqqət göstərmir.
Onun sözlərinə görə, “iki hökumət arasında dəyərlərin tam üst-üstə düşməsi” fonunda bu, gürcü ictimaiyyətində təəccüb doğurur.
Kavelaşvilinin Trampa məktubu
“İlk növbədə Amerika xalqı tərəfindən seçilmiş lider kimi sizə dərin hörmətimi vurğulamaq istərdim. Həmçinin ümidimi bir daha ifadə etmək istərdim ki, sizin prezidentliyiniz Amerika Birləşmiş Ştatlarını gücləndirəcək, Amerika xalqına daha böyük rifah, bütün dünyaya isə sülh, sakitlik və firavanlıq gətirəcək.
Gürcüstan hökumətinin rəhbərliyi dəfələrlə ictimai şəkildə bəyan edib ki, Amerika Birləşmiş Ştatları ilə münasibətlərin yenilənməsi və iki ölkə arasında strateji tərəfdaşlığın təmiz səhifədən bərpası Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Sizə xatırladıram ki, bu strateji tərəfdaşlıq sizin ABŞ prezidenti seçilməyinizdən sonra, andiçmənizdən bir neçə həftə əvvəl Prezident Baydenin administrasiyası tərəfindən bir sıra suveren dövlətlərə qarşı aparılan ədalətsiz, sərt və aqressiv siyasət çərçivəsində dayandırılıb.
Bu fonda təəssüflə yenidən qeyd etməli oluram ki, administrasiyanız Gürcüstana lazımi diqqət yetirmir və bu da hökumətlərin dəyərlərinin tam uyğunluğu fonunda gürcü cəmiyyətində anlaşılmazlıq yaradır.
Sizin administrasiyanızın bu gün diqqət mərkəzinə aldığı məsələlər Gürcüstanın hakim komandası tərəfindən illər əvvəl müzakirə edilib.
Lakin dünyagörüşünün eyniliyinə baxmayaraq, nə qədər təəccüblü olsa da, təəssüf ki, Gürcüstanda administrasiyanızın əvəzinə hələ də “dərin dövlət” fəaliyyət göstərir və o, USAID, NED və digər oxşar təşkilatların nümunəsi üzrə formalaşdırılmış ənənəvi sərt metodlardan istifadə edərək vəziyyəti destabilləşdirmək və Gürcüstanda sülhü pozmaq cəhdlərini davam etdirir.
Yaxşı ki, gürcü xalqı “dərin dövlət”lə mübarizədə heç vaxt olmadığı qədər əlbirdir və soydaşlarımız bunu son dörd il ərzində dəfələrlə sübut ediblər. Gürcüstanda “dərin dövlət” tərəfindən təşkil olunan dörd inqilab cəhdinin qarşısı hər şeydən əvvəl gürcü xalqının müdrikliyi, təcrübəsi və prinsipiallığı sayəsində alınıb.
Qeyd olunmalıdır ki, prezidentliyinizin cəmi bir neçə ayında siz Gürcüstanla qonşu olan bütün ölkələrlə sıx münasibətlər qurdunuz: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurla töhfə verdiniz, Türkiyə hökuməti ilə fəal əməkdaşlıq edirsiniz və hətta Vladimir Putinlə tərəfdaşlıq münasibətlərini bərpa etdiniz.
Lakin bu fonunda administrasiyanız Gürcüstan barədə heç nə demir ki, bu da artıq qeyd etdiyim kimi, gürcü cəmiyyəti tərəfindən təəccüblə qarşılanır.
Deyirlər ki, son aylar ərzində siz dünyanın yarısını dəyişmisiniz. Təbiidir ki, hər kəs hadisələrə öz prizmasından baxır, lakin administrasiyanızın ölkəmizə lazımi diqqət yetirmədiyini nəzərə alaraq, passivliyiniz regionda sülhün möhkəmləndirilməsi baxımından administrasiyanızın addımlarının nə dərəcədə müstəqil və səmimi olması ilə bağlı gürcü xalqında şübhə və suallar doğurur.
Gürcü cəmiyyəti Gürcüstanda müharibə və iğtişaşa yönəlmiş “dərin dövlət”in üstün mövqeyindən narahatdır və təəssüf ki, administrasiyanız bunu passiv şəkildə müşahidə edir.
Ümidimi qoruyub-saxlayıram ki, administrasiyanızın Gürcüstana münasibəti dəyişəcək. Gürcü xalqının ABŞ-ı “dərin dövlət”lə deyil, güclü amerikalı prezidentlə; sülhü pozmaq və destabilləşdirmə cəhdləri ilə deyil, sülh və sabitliklə; gender və LGBT təbliğatı ilə deyil, ənənəvi dəyərlərə hörmətlə assosiasiya etməsi vacibdir.
Şəxsən Gürcüstanın prezidenti kimi Gürcüstan hökumətinin bəyan etdiyi məqsədin, Gürcüstanla Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığın təmiz səhifədən və konkret yol xəritəsi ilə bərpasının reallaşmasına yardım etmək üçün əlimdən gələni etməyə hazıram.
Bu məqsədə çatmağın zəruri şərti administrasiyanızın Gürcüstan dövlətinə və gürcü xalqına ədalətli və diqqətli münasibət formalaşdırmasıdır”, — açıq məktubda deyilir.
Bu, “Gürcü Arzusu”nun ABŞ prezidentinə məktub göndərdiyi ilk hal deyil. ABŞ-ın Gürcüstandakı sabiq səfiri Robin Danniqan “Azadlıq Radiosu”na bildirib ki, “Gürcü Arzusu” onun vasitəsilə Tramp administrasiyasına bir məktub göndərib və həmin məktub “təhdidedici, təhqiredici, məsuliyyətsiz” idi və Vaşinqtonda son dərəcə mənfi qarşılandı.
Daha öncə Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə açıq məktub göndərərək qeyd edib ki, indiyədək Gürcüstan və ABŞ hökumətləri arasında yüksək səviyyədə heç bir kommunikasiya olmayıb.
Məktubda həmçinin vurğulanırdı ki, Gürcüstanın vitse-premyerinə və digər hökumət rəsmilərinə qarşı ABŞ sanksiyalarının nə üçün qüvvədə qalması “anlaşılmazdır”; həmin rəsmilər “USAID tərəfindən planlaşdırılan və maliyyələşdirilən çevriliş cəhdini” və Bayden administrasiyasının “zorakılığını” faktiki olaraq yatırdıblar.
Gürcüstan prezidentinin Trampa məktubu