ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi azad etməyə çağırıb
Bəxtiyar Hacıyev aclıq edir
Həbsdə olan azərbaycanlı fəal Bəxtiyar Hacıyevin aclıq aksiyası 34-cü gündür ki, davam edir. Ötən cümə günü o, həbsxanadan zorla tibb müəssisəsinə köçürülüb. Ertəsi gün ABŞ Dövlət Departamenti bəyanat yayaraq Azərbaycan hakimiyyətini Hacıyevi tez bir zamanda azad etməyə çağırıb.
- Azərbaycan hökuməti “Nardaran hadisələri” zamanı saxlanılanlara təzminat ödəyəcək
- Müstəqil jurnalistlər “Media haqqında” qanunun ləğvini tələb edirlər
- “İslamın Azərbaycan cəmiyyətinə böyük təsiri yoxdur”. Bu nə deməkdir?
Dövlət Departamentinin bəyanatı
“Biz azərbaycanlı fəal Bəxtiyar Hacıyevin ötən ilin dekabrından, Beynəlxalq İnsan Hüquqları Günündən bəri həbsdə qalmasından və onun siyasi motivli hesab edilən ittihamlarla üzləşməsindən dərin narahatlıq keçiririk”, – ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays şənbə günü, fevralın 11-də deyib.
Müstəqil həkimin sözlərinə görə, aclıq aksiyası keçirən Bəxtiyar Hacıyevin vəziyyəti ciddi şəkildə pisləşib və o, komaya düşə bilər – Prays qeyd edib.
“Birləşmiş Ştatlar cənab Hacıyevin tezliklə azad edilməsinə və fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs olunanların hamısının azadlığa buraxılmasına çağırır.
Birləşmiş Ştatlar insan hüquqlarına hörməti təşviq etmək, insan haqları müdafiəçilərini dəstəkləmək və insan hüquqlarının pozulmasına yol verənləri məsuliyyətə cəlb etmək öhdəliyinə qətiyyətlə sadiqdir. Biz sistemli islahatlara doğru bütün addımları, xüsusən də Azərbaycanda və dünyada insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi ilə bağlı addımları təşviq edirik”, – Dövlət Departamentinin bəyanatında deyilir.
Hacıyevin xəstəxanaya yerləşdirilməsi
Ötən cümə günü, fevralın 10-da axşam saatlarında Bəxtiyar Hacıyev təcridxanadan Penitensiar Xidmətin tibb müəssisəsinə yerləşdirilib. “Turan” informasiya agentliyinin yazdığına görə, bu barədə onun qardaşı Vüqar Hacıyev məlumat verib.
Xəstəxananın baş həkiminin sözlərinə görə, fəal hələ də yeməkdən imtina edir və sistem vasitəsilə ona dərman verilməsinə imkan vermir. Eyni zamanda, həkimin dediyinə görə, B. Hacıyevin şüuru açıqdır və kommunikasiya iqtidarındadır.
Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sutka həbs qərarı çıxarıb.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyətin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasını dayandırıb. Lakin apellyasiya məhkəməsi onu azadlığa buraxmaqdan imtina etdikdən sonra o, yanvarın 9-da aclıq aksiyasına yenidən başlayıb və bu günə qədər davam etdirir.
Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.
16 kiloqram çəki itirib
Xəstəxanaya yerləşdirilən Bəxtiyar Hacıyev qardaşı Vüqar Hacıyev, habelə vəkilləri Zibeydə Sadıqova və Elçin Sadıqovla görüşüb.
Hacıyev vəkillərinə bildirib ki, cümə günü saat 20.00 radələrində o, iradsinə zidd olaraq tibb müəssisəsinə köçürülüb. Eyni zamanda istintaq təcridxanasında fəaldan sağlamlıq vəziyyəti, məhkəmə qərarları, yaxınlarına zəng etmək üçün telefon nömrələri olan vərəqlər götürülüb.
Bu müddət ərzində fəalın çəkisi 68,5 kq-a düşüb, o, istintaq təcridxanasına daxil olanda isə bu rəqəm 84,5 kq olub. Yəni, aclıq aksiyası müddətində Hacıyev 16 kiloqram arıqlayıb.
“Turan” xəbər verir qan təzyiqi aşağı olaraq qalır – 90/60 mm civə sütunu, nəbz dəqiqədə 66 vuruşa qədər zəifləyib, bədən istiliyi 36 dərəcə olub.
Elçin Sadıqov isə bildirib ki, qanun məhbusun məcburi qidalandırılmasını qadağan edir. Onun sözlərinə görə, bu tədbir məhbus huşunu itirdikdən sonra tətbiq oluna bilər.
Onun qardaşı Vüqar Hacıyev də bu gün müalicə müəssisəsində fəalla görüşüb. Xəstəxananın baş həkiminə istinadən V.Hacıyev bildirib ki, fəal müəssisəyə daxil olduqdan dərhal sonra müayinə olunub və analiz üçün ondan qan nümunələri götürülüb.
“Baş həkimin sözlərinə görə, Bəxtiyarın böyrək və qaraciyərində ciddi problem yoxdur. Bəxtiyara aclığı dayandırmağı və bədəninə dərmanların yeridilməsi üçün sistem köçürməyi təklif ediblər. Lakin Bəxtiyar bundan imtina edib. O mənə dedi ki, özünü günahsız hesab edir və azadlığa buraxılanadək sona qədər aclıq aksiyası keçirəcək”, – deyə V.Hacıyev jurnalistlərə bildirib.
Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Tibb Baş İdarəsi baş verənlərlə bağlı açıqlama verməyib.