ABŞ Dövlət Departamenti yenidən ATƏT-in Minsk Qrupunu xatırlayıb
ABŞ Dövlət Departamenti Minsk Qrupu haqda
ABŞ Dövlət Departamentinin nümayəndəsi Ştatların “mümkün olan hər şeyi etmək və Ermənistanla Azərbaycan arasında uzunmüddətli hərtərəfli sülhə kömək etmək üçün” çalışdığını bildirib. Ned Prays həmçinin ATƏT-in Minsk Qrupunu danışıqlarda vasitəçi kimi qeyd edib. Azərbaycanlı ekspert isə hesab edir ki, iki ölkə arasındakı danışıqlarda Minsk Qrupu formatı haqda artıq unutmaq lazımdır.
- Yerli hüquq müdafiəçiləri həbsdəki Ermənistan vətəndaşlarına baş çəkiblər
- Azərbaycanlı jurnalist Gürcüstanın “kölgə hakimi”nə qarşı
- “Səhlənkarlıq, yoxsa təxribat?” Yerevanda “Surmalu” ticarət mərkəzində partlayış
Gündəlik brifinq zamanı ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays azərbaycanlı jurnalistin Qarabağda nizamlama perspektivləri və ABŞ-ın rolu haqda sualına cavab verib.
Praysın sözlərinə görə, “Vaşinqton əvvəlkitək Ermənistanla Azərbaycan arasında uzunmüddətli hərtərəfli sülh üçün imkanları görür”:
“Uğursuzluqlara baxmayaraq, biz hələ də imkanları görürük və bunun tez bir proses olmayacağını həmişə başa düşmüşük. “Mümkün olan hər şeyi etmək və Ermənistanla Azərbaycan arasında uzunmüddətli hərtərəfli sülhə kömək etmək üçün çalışırıq”.
Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, ölkəsi “daimi dialoq, daimi qarşılıqlı fəaliyyət, o cümlədən yüksək səviyyədə bu məqsədə nail olmağa kömək edə biləcəyinə” inanır.
O əlavə edib ki, bu yaxınlarda dövlət katibi Entoni Blinkenin həm erməni, həm də azərbaycanlı liderlərlə ünsiyyət qurmaq imkanı olub.
“Biz bu yaxınlarda Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlardan və bunun nəticəsində qurbanlardan dərin narahatlığımızı ifadə etdik. Onlar gərginliyin səngiməsi və gələcək eskalasiyanın qarşısının alınması üçün təcili tədbirlər görməyə çağırdılar”,- Prays davam edib.
ABŞ Dövlət Departamenti nümayəndəsinin sözlərinə görə, ABŞ həmçinin hesab edir ki, bu yaxınlarda gərginliyin artması Dağlıq Qarabağ münaqişəsilə bağlı və ya ondan irəli gələn bütün digər məsələlərin razılaşdırılmış, hərtərəfli və davamlı həllinin vacibliyindən xəbər verir.
“Zorakılığa çevrilmiş gərginliyin artmasına baxmayaraq, biz uzunmüddətli və hərtərəfli münaqişənin həllinə kömək etmək üçün həm ikitərəfli əsasda, həm Avropa İttifaqındakı tərəfdaşlarla, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində tərəflərlə işləməyə davam edəcəyik”, – o bildirib.
Ekspert rəyi
JAMnews-un Azərbaycan redaksiyasının redaktoru Hüseyn İsmayılbəylinin sözlərinə görə, reallıqda Ştatların Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanmasına dair işlək mexanizmləri yoxdur:
“Ned Praysın bəyanatı, daha doğrusu, azərbaycanlı jurnalistin sualına cavabı daha çox növbətçi xarakter daşıyır və regionda baş verənlərin mahiyyətini əks etdirmir”.
Jurnalistin sözlərinə görə, ABŞ Dövlət Departamenti nümayəndəsinin cavabındakı bəzi ifadələr heç bir tənqidə sığmır:
“Prays yenə də ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə istinad edir, yəqin ki, bununla cavabına az-çox rəsmi xarakter vermək istəyib. Amma Azərbaycan və Ermənistan arasındakı münaqişənin nizamlanması ətrafındakı vəziyyətlə yaxından tanış olan hər kəs çoxdan bilir ki, bu qrupu artıq reanimasiya etmək mümkün deyil.
Burada səbəb çox sadədir: rəsmi Bakı Minsk Qrupunun vasitəçiliyindən imtina edib. Heç kim Azərbaycanı zorla bu formatda masa arxasına otuzdura bilməz. Bu keçilmiş mərhələdir. Hətta Rusiya – ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri reallığı qəbul edir.
Daha bir məqam. Avropa da danışıqlarda Minsk Qrupunun formatını Avropa Şurasının sədri Şarl Mişelin şəxsən iştirakı ilə davam edən vasitəçiliyə dəyişib. Düzdür, bu danışıqlarda hələlik əhəmiyyətli bir nəticə əldə edilməyib. Elə vasitəçilik prosesində baş aktorun Rusiya olduğu danışıqlarda olduğu kimi.
Fikir versəniz, danışıqlar, üçtərəfli görüşlər heç vaxt həqiqətən əhəmiyyətli bir şeylə başa çatmayıb. Bir çox məsələlər pərdəarxası danışıqlar əsasında həll edilir. Bunu görə bilmək üçün böyük politoloq olmağa ehtiyac yoxdur.
Avqustun sonuna qədər Azərbaycam və Ermənistan arasında yüksək səviyyədə daha iki görüş baş tutmalıdır. Biri Moskvada, digəri Brüsseldə. Düzdür, hələ nə rəsmi Bakı, nə də Yerevan tarixi dəqiqləşdirməyib. Görək, bu görüşlərdən sonra hansı nəticələr olacaq. Bizə ümid etmək qalır”.