ABŞ Dövlət Departamenti Azərbaycanda “Media haqqında” qanunun qəbulundan narahatlığını bildirib
ABŞ xarici siyasət idarəsinin bildirdiyinə görə, Azərbaycan parlamenti “Media haqqında” qanunun qəbul edilməsi ilə tələsib. Rəsmi Vaşinqton ümid etdiyini bildirib ki, Prezident Administrasiyası qanun layihəsinə baxarkən müstəqil jurnalistlərin, mediaekspertlərin və ATƏT də daxil olmaqla beynəlxalq qrupların təkliflərini diqqətlə nəzərdən keçirəcək.
- Azərbaycanda “Media haqqında” qanun qəbul edilib: bu nə deməkdir? Müstəqil jurnalistlərin şərhləri
- Azərbaycanda çörək 30 faiz bahalaşıb
- Siyasi böhran və Rusiya meyilli əhval. Gürcüstandakı vəziyyət ukraynalı jurnalistlərin gözü ilə
Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmi nümayəndəsi azərbaycanlı jurnalistlərin sorğusu əsasında “Media haqqında” qanunun Milli Məclisdə qəbul edilməsi faktını şərh edib.
“Turan”ın yazdığına görə, Vaşinqton Azərbaycanda “tənqidçilərin fikrincə, müstəqil jurnalistikanın məhdudlaşdırılmasına yönəlmiş Media haqqında yeni qanun layihəsinin qəbulundan narahatlığını bildirib”.
“Biz narahatıq ki, Azərbaycan parlamenti Media haqqında təklif olunan qanunun ratifikasiya üçün Prezident Administrasiyasına göndərilməsi ilə tələsib”, – Dövlət Departamentinin nümayəndəsi şərh sorğusuna cavab olaraq bildirib.
“Ümid edirik ki, Prezident Administrasiyası qanun layihəsinə baxarkən müstəqil jurnalistlərin, mediaekspertlərin və ATƏT də daxil olmaqla beynəlxalq qrupların təkliflərini diqqətlə nəzərdən keçirəcək, – Dövlət Departamentinin mətbuat katibi əlavə edib. – Biz bu məsələni diqqətlə izləməyi davam edəcəyik”.
“Media haqqında” qanunun parlamentdə qəbul edilməsi Azərbaycanda fəaliyyət göstərən müstəqil jurnalistlərin etirazlarına səbəb olub. Onlar parlament binasının qarşısında iki dəfə etiraz aksiyası keçiriblər.
30 dekabr 2021-ci il tarixində üçüncü oxunuşda qəbul edilən qanun, bir çox ekspertlərin fikrincə, ölkə jurnalistikasını dövlətin nəzarəti altına verməyə xidmət edir. Sənəddə göstərilir ki, Azərbaycanda fəaliyyət göstərən bütün media qurumları və jurnalistlər vahid “Media reyestri”ndə qeydiyyatdan keçməli və MEDİA dövlət agentliyindən mərkəzləşdirilmiş şəkildə verilən jurnalist vəsiqəsinə sahib olmalıdırlar.
Qanun hələ ölkə prezidenti tərəfindən imzalanmayıb. Yerli KİV və hüquq müdafiə təşkilatlarının rəyinə görə, bu sənəd Azərbaycanda ifadə azadlığına məhdudiyyətlər qoya bilər.