“ABŞ birbaşa dialoq tərəfdarıdır”: Vaşinqtonda Bayramov-Mirzoyan danışıqları
Vaşinqtonda Bayramov-Mirzoyan danışıqları
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü noyabrın 7-də ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə ABŞ-da baş tutub. Yalnız ertəsi gün görüş haqda kasad informasiya yayılıb.
Burada əsas odur ki, “xarici işlər nazirləri potensial sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıblar və hələ də həllini gözləyən bir sıra problemlərin olduğunu bildiriblər”. Buradan belə nəticə çıxır ki, tərəflər bir sıra məsələlərdə kompromis tapa bilmirlər. Bununla belə, danışıq iştirakçıları Praqa və Soçidə “Ermənistan və Azərbaycan liderlərinin üzərinə götürdükləri öhdəlikləri təsdiqləyiblər”, həmçinin “danışıqları sürətləndirməyə və yaxın həftələrdə daha bir görüş keçirməyə razılaşıblar”.
ABŞ-ın mövqeyi, danışıqlar və ümumilikdə vəziyyət haqda Bakıdan və Yerevandan şərhlər.
- Putinin yanında dördüncü görüş: Əliyev və Paşinyan nə əldə etdilər?
- Praqa bəyanatı Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıracaqmı? Bakı və Yerevandan xəbərlər və təhlil
- Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımır – Bakıdan şərhlər
Blinken: “DQ ətrafında və Bakı ilə Yerevan arasında münaqişənin nizamlanmasının açarıdır”
ABŞ Ermənistan və Azərbaycanın dostu kimi dialoqu və davamlı sülhün bərqərar olması üçün səyləri dəstəkləmək üçün əlindən gələni edəcək – Entoni Blinken xarici işlər nazirlərinin görüşündə deyib:
“Mən inanıram ki, bu, daha yaxşı, daha parlaq gələcək vədidir. Həm sizin, həm də hökumətlərinizin bu məqsədə çatmaq üçün göstərdiyiniz cəsarət və qətiyyəti salamlayıram”.
Bununla yanaşı ABŞ-ın dövlət katibi vurğulayıb ki, məhz birbaşa dialoq həqiqətən möhkəm sülhün əldə olunması üçün ən yaxşı vasitədir.
“Birləşmiş Ştatlar həm Ermənistanın, həm də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. 1991-ci ildə müstəqilliyin bərpası hər iki ölkənin hüquqlarının, bizim qətiyyətlə dəstəklədiyimiz hüquqların təmin edilməsində mühüm məqam oldu. Onu da qeyd etməyi ədalətli sayıram ki, 30 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsi çox böyük insan və maddi itkilərə: qoparılmış həyatlara və dərin yaralara səbəb olub. Ancaq indi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə can atmaq üçün real və cəsarətli addımlarıdır. Hər iki ölkə Cənubi Qafqazın parlaq gələcəyi və dünyanın gələcəyi üçün çalışır”, – Blinken bildirib.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube
Bakıdan şərh
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən görüş ciddi nəticə verməsə də, Rusiyadan uzaq görüşlər faydalıdır, çünki Kremlin müzakirələr üzərində monopoliyası zəifləyir. “Atlas” analitik mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə hesab edir.
“Vaşinqton görüşü Soçi görüşünə cavabdır, bu ay Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə növbəti görüşü də nəzərdə tutulub.
Bu görüşlər həmişə olduğu kimi Kremlin narazlığına səbəb olacaq və Rusiya XİN sözçüsü Mariya Zaxarova tutuquşu kimi ABŞ və Avropa İttifaqının vasitəçiliyi əleyhinə eyni fikirləri təkrarlayacaq.
Ancaq əgər Bakı və Yerevan Brüssel və Vaşinqtonun vasitəçiliyindən imtina etmirlərsə, deməli, Kremlin mesajları nəzərə alınmır”.
Beynəlxalq məsələlər üzrə ekspert Rizvan Kərimov deyir ki, danışıqlar prosesi bir növ dalana dirənib və ikili oyun gedir:
“Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi indi ikiqat və tam aydın olmayan xarakter alıb. Bir tərəfdən münaqişə tərəfləri Avropa İttifaqının vasitəçiliyi ilə sərhədlərin tanınması, Qarabağın statusu və Azərbaycanın bu hissəsinin erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi məsələlərini danışırlar, digər tərəfdən isə Moskvanın vasitəçiliyilə yalnız Moskvanın əlində olan hansısa xəritələrdən, Qarabağın statusunun müzakirəsinin qeyri-müəyyən müddətə təxirə salınmasından söhbət gedir.
İnsanda belə təəssürat yaranır ki, danışıqlar aparan şəxslər görüşlərin keçirildiyi yerdən asılı olaraq tonlarını dəyişirlər, çünki vasitəçilərin əsas məsələlərə yanaşmaları bəzən köklü şəkildə fərqlənir.
Perspektivlərə gəlincə, məncə, iki variant ola bilər.
Ya Moskva və Vaşinqton (Avropa İttifaqının mövqeyi ABŞ-ın mövqeyini təkrarlayır) münaqişənin həllində koordinasiyalı şəkildə hərəkət etməlidir, yəni öz yanaşmalarını mümkün qədər yaxınlaşdırmalıdırlar, ya da Azərbaycan və Ermənistan vasitəçilərdən birinin xidmətindən imtina etməlidir. Amma bu variantlar bu gün demək olar ki, mümkün deyil.
Əks halda, Moskva-Brüssel-Vaşinqton marşrutu çətin ki, hansısa real həllə gətirib çıxarsın və danışıqlar bu şəkildə sonsuza qədər davam edə bilər.
Daha bir təhlükəli perspektiv var: vasitəçilərin tərəflərindən biri, çox güman ki, Moskvanın xarakterik davranışı bu regionda münaqişələrin həllində öz dominant mövqeyini təsdiqləmək üçün “yerdə” hərbi münaqişəyə səbəb ola bilər. Bu da çox təhlükəli ssenaridir və mümkün olduğu qədər bundan qaçmaq lazımdır”.
Vaşinqtonda Bayramov-Mirzoyan danışıqları
Yerevandan şərh
Mövcud məlumatlara əsaslanaraq, Vaşinqtondakı danışıqların effektivliyindən danışmaq çətindir – siyasi şərhçi Hakop Badalyan deyir. O, diqqəti Ermənistan XİN-in mesajındakı “hələ həll edilməli olan bir sıra problemlər var” ifadəsinə yönəldir.
“Bu, əsas məsələlərdə razılığın olmamasından xəbər verir. Güman edirəm ki, söhbət Qarabağın statusu, Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və hüquqları məsələsindən gedir. Bu məsələ ilə bağlı fikir ayrılıqları Vaşinqtonda da qalmaqdadır”, – deyə Badalyan JAMnews-a bildirib.
Eyni zamanda, analitik hesab edir ki, Ermənistan-Azərbaycan sərhədi məsələsində artıq müəyyənlik var. Onun fikrincə, bunu nazirlərin Praqa və Soçi görüşlərində Ermənistan və Azərbaycan liderlərinin üzərinə götürdükləri öhdəlikləri bir daha təsdiqləmələri sübut edir. Hakop Badalyan hesab edir ki, bu, etibarlı sülh üçün kifayət etməsə də, “müsbət addım sayıla bilər”.
“Bu gün ABŞ üçün əsas məsələ İran, eləcə də Rusiya ilə qarşıdurmadır. Bu məsələlərdə ABŞ-ın siyasətini təşviq etmək üçün Ermənistan-Azərbaycan prosesi istiqamətində fəallıq nümayiş etdirməyə cəhd edilir”.
Hazırkı vəziyyətdə, analitikin fikrincə, nə Moskva, nə də Vaşinqton Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün irəliləyişə gətirib çıxara və ilkin şərtlər yarada bilməyəcəklər:
İstənilən nəticə ən azı rəqabətin və qarşıdurmanın bu aktiv mərhələsinin hərbi toqquşmaya, ciddi sabitliyin pozulmasına gətirib çıxarmamasıdır”.
Badalyanın fikrincə, əgər tərəflər bu barədə Vaşinqtonda razılığa gələ bilsəydilər, deməli, bu, artıq əhəmiyyətli nəticədir. O, Ermənistan və Azərbaycan liderləri arasında bu yaxınlarda Praqa və Soçidə keçirilən görüşlərin nəticələrinə də eyni mövqedən yanaşır.
Ekspert vurğulayır ki, sabitliyin təmin olunmasında həm ABŞ və Rusiya, həm də Fransa və İran öz rollarını oynayırlar. Onun fikrincə, bu aktyorların iştirakı risklər daşıyır, eyni zamanda Ermənistana manevr etmək imkanı verir.
“Vəziyyətin sabitliyini təşviq etmək üçün məsuliyyət bütün vasitəçilərə və ya vasitəçilik ambisiyaları olan tərəflərə həvalə edilməlidir ki, diplomatik proses daha konstruktiv olsun”, – ekspert yekunlaşdırıb.
Vaşinqtonda Bayramov-Mirzoyan danışıqları