Abastumanidə Yer kürəsinin keşiyini necə çəkirlər
Daba Abastumanidən beş kilometr aralıda, dəniz səviyyəsindən 1700 kilometr hündürlükdə, Kanobili dağında dəyirmi qübbəli böyük ağ bina yerləşir.
Hər gecə qübbə açılır, oradan da böyük dəmir, bəzi yerləri paslanmış konstruksiya çıxır və öz şüşə gözünü ulduzlara tuşlayır.
Foto-video: Sergey Fidanyan, Axalsixe
Daba Abastumanidən beş kilometr aralıda, dəniz səviyyəsindən 1700 kilometr hündürlükdə, Kanobili dağında dəyirmi qübbəli böyük ağ bina yerləşir.
Hər gecə qübbə açılır, oradan da böyük dəmir, bəzi yerləri paslanmış konstruksiya çıxır və öz şüşə gözünü ulduzlara tuşlayır.
Bu, iyirminci əsrin 30-cu illərində tikilən Abastumani astrofizika rəsədxanasıdır – yavaş-yavaş öz funksiyalarını itirən unikal elmi mərkəz.
Bu il rəsədxananın 85 yaşı tamam olur. Yubileyini də bu obyekt zəngin tarixi və sıradan çıxmış infrastrukturu ilə birlikdə qeyd edir.
“Aydın səma arzusu ilə!” – artıq 42 ildir ki, hər gün, daha doğrusu, hər gecə Şota İnasaridzenin xanımı onu işə bu sözlərlə yola salır.
Şota əynini isti edir – gödəkçənin qabağını bərk-bərk bağlayır, boğazını isti şərflə örtür, əlcəklərini də unutmur və qar örtmüş yolla işinə tərəf gedir.
“Bu gün mənfi 7-dir, mən isə bütün gecəni açıq səma altında keçirməli olacam”, – o deyir.
Şota Abastumani astrofizika rəsədxanasının böyük elmi işçisidir. İş günü 20:00-da başlayır və səhər açılanda, saat 5-6 radələrində bitir.
İndi o, Yer kürəsi üçün təhlükəli olan ən qorxunc asteroidlərdən birini müşahidə edir.
“Hər dəqiqə mən obyekti nəzərdən qaçırmamaq üçün okulyara baxmalıyam, başqa cür mümkün deyil, heç nə alınmayacaq”, – Şota izah edir və eyni zamanda rəsədxananın bizə göstərməyə razı olduğunu bildirir.
[/divider]Çəki daşı olan saat, ötən əsrin elmi mətbuatı və yeganə işlək teleskop
Rəsədxana sahəsi 33 hektar olan ərazidə yerləşir. Əvvəllər bura ayrıca bir şəhərciyə bənzəyirdi – onlarla elmi, yaşayış və texniki binalarda insanlar işləyir, tədqiqat aparır, yaşayırdı. Abastumani rəsədxanası Sovet İttifaqında ilk dağ rəsədxanası olub.
Bu binalar indi də həmin yerdə yerləşir, amma əksəriyyəti bağlıdır – qapılardan paslı qıfıl asılıb, şüşələr sınıb və ya çatlayıb, qapılar çoxdan yağlanmadığı üçün cırıldayır, divarların boyası bozarıb, tavandan isə suvaq tökülür.
Dəyirmi qübbəli əsas binaya daxil oluruq.
Hər otağın yanında divardan gürcü-rus yazılı lövhəciklər asılıb. Oxuyuruq: “70 sm-lik menisk teleskop”. Gürcü yazısının şrifti çox köhnədir, bu şriftdən ötən əsrin jurnallarında istifadə olunub.
Abastumaninin tarixi necə başlayıb?
Abastumani rəsədxanasının yaradılmasının tarixi Rusiya imperatoru III Aleksandrın oğlu Giorgi Romanovun (1871-1899-cu illlər) adı ilə bağlıdır.
XIX əsrin 90-cı illərində vərəmdən əziyyət çəkən Giorgi Romanov Abastumaniyə köçür. O və evində qonaq olan dostu, astronom Sergey Qlazinap 9,5 sm-lik linzası olan balaca refraktor teleskopla ulduzlara baxırdılar.
Sonralar Qlazinapın elmi işləri dərc olunanda məlum oldu ki, avadanlığın zəif olmasına baxmayaraq, aldığı məlumatlar o vaxtın ən dəqiq məlumatları idi ki, bu da Abastumaninin spesifik iqlimi, onun şəffaf səması ilə bağlı idi. Məhz Qlazinapın müşahidələri rəsədxananın yaradılmasına səbəb oldu.
“Abastumanidə müşahidə şəraiti o qədər yaxşıydı ki, mən bütün vaxtımı işə ayırırdım. Gecələri ulduzları müşahidə etməklə məşğul olur, gündüzlər isə ikili ulduzların orbitlərinin elementlərini hesablayırdım. Bu işim bir il sürdü və yalnız bir il sonra mən Peterburqa qayıtdım. Abastumanini könülsüz tərk edirdim, çünki ancaq burada astronom bu cür məhsuldar işləyə bilər”, – bu dövr ərzində 610 ulduz müşahidə edən Qlazinap yazırdı.
Sonralar Gürcüstan SSR-nın xalq komissarlığının sərəncamı ilə 8 fevral 1932-ci ildə Abastumani astrofizika rəsədxanası təsis edilir, direktor vəzifəsinə isə gənc, 24 yaşlı alim Yevgeniy Xaradze təyin olunur.
“Avropalı astronomlar bizim operator otağını görəndə təəccüblərini gizlədə bilmirlər, bu qədər düymələri necə idarə etdiyimizi anlaya bilmirlər. Müasir operator otaqlarında bütün əməliyyatlar bir neçə düymə vasitəsi ilə həyata keçirilir”,- deyən Nota İnasaridze bizə həqiqətən də üzərində milyon düymə olan böyük bir konstruksiyanı göstərir.
Otaqlar köhnə xronometrlərlə doludur. Divardan 1979-cu ildə Moskvanın “Maarif” nəşriyyatı tərəfindən buraxılan Ayın xəritəsi və 1956-cı ildə Praqada buraxılan Şimal Səmasının xəritəsi asılıb; masanın üzərində elmi jurnallar və astronomik təqvimlər var. “1996-cı il, Sankt -Peterburq” – əsas teleskopun operator otağında masanın üstündə olan saralmış jurnalda yazılıb. Şota izah edir ki, bu jurnalda ulduzların koordinaları və planetlərin trayektoriyaları göstərilib: “Bu, faktiki olaraq astronom üçün təlimatdır. Əvvəllər bu jurnala abunə olub alırdıq. İndi isə elmi ədəbiyyata abunə ola bilmirik”.
Abastumani rəsədxanası Sovet İttifaqı dağılandan sonra 90-cı illərdə öz fəaliyyətini dayandırmayan obyektlərdən biridir. Şota İnasaridze bununla qürur duyur.
Şotanın iş otağı elektrik qızdırıcı ilə isidilir. Müasir əşyalardan burada ancaq laptop var, bura işçi gecə müşahidələrinin nəticəsində aldığı informasiyanı daxil və emal edir, bir də soyuq qış gecələrində isinməyə kömək edən elektrik çaynik.
Qarşı divarda hər yarım saatdan bir ötən əsrin 60-cı illərində buraxılan saat vurmağa başlayır. Bu zaman Şota eynəyini çıxararaq, silir və şəkil çəkərək, bizə rəsədxanada nə ilə məşğul olduqlarını izah etməyə çalışır.
Divardan asılan çəki daşlı saatın gözlənilməz və təntənəli vuruşu, köhnə lampa və sarı köhnə taxta masa bizi bir az da kosmosdan ayıraraq, Abastumanidə Rusiya imperatoru III Aleksandrın oğlu Giorginin qonaq olduğu XIX əsrə qaytarır
Yevgeniy Xaradze – birinci direktor
1990-cı ildə rəsədxanaya onun ilk direktoru olan gürcü alimi Yevgeni Xaradzenin adı verilib. Halbuki sonralar, 2007-ci ildə rəsədxana İliya adına Tbilisi Universitetinə veriləndən sonra rəsədxananı rəsmi adından Xaradze familiyası silindi və o yenidən Abastumani astrofizika rəsədxanası adlanmağa başladı.
Yevgeni Xaradzenin rəsədxananın hər yerində izləri görünür. Onun otağı onun əşyaları ilə doludur, rəsədxananın muzeyində bu, ən dəyərli əşyalardan biridir.
Rəsədxananın 10 teleskopundan bu gün ancaq biri işləyir. Müşahidələr əsasən 1975-ci ildə quraşdırılan 75 sm-lik teleskopla həyata keçirilir:
“Hamımız, yəni müşahidələr aparan hər kəs bu teleskopdan asılıyıq”,- Şota izah edir və bu köhnə modelin və metal konstruksiyanın hekayəsini danışır.
“Bu tarixi bir teleskopdur. 1970-ci ildə Roland Kiladze onun köməyi ilə süni peyklərin müşahidəsi metodikasını işləyib hazırlayıb. Bu gün bütün dünya süni peykləri müşahidə edərkən onun bu metodikasından istifadə edir”,- alim danışır.
Rəsədxanada daha güclü 125 sm-lik teleskop da var, amma o, artıq 6 ildir ki, işləmir. Şota deyir ki, təmir üçün 220 min avro lazımdır.
İş yoldaşlarım onu pulsuz təmir etməyə də hazırdır, amma detallar olmalıdır. Pul da yoxdur. Lazım olan məbləğ isə nə dövlətdə, nə də İliya universitetində tapıldı”,- Şota danışır.
“Gürcüstanın Elm və Təhsil Nazirliyinə göndərdiyimiz məktubda bildirmişik ki, rəsədxananın texnikası köhnəlib, modernləşdirmə aparılmalıdır və 125 sm-lik teleskopu təmir etməyə və ya yeni daha müasir teleskop almaya kömək etməyi xahiş etdim. Xaricdən həmkarlarımızın da dəstəyini aldıq. Ümid edirik ki, bir nəticə əldə edəcəyik”, – telefonla müsahibəsində rəsədxananın direktoru, İliya adına dövlət universitetinin professoru Maya Todua deyir.
Teleskopun quraşdırıldığı binada hər yeri toz basıb. Bir tərəfdən yerə ləyənlər düzülüb.. Bura damdan yağış suyu yığılır. Digər tərəfdə selofana bükülmüş naməlum qurğular var, onların da elə ilk baxışdan çoxdandır ki, qurulmadığını anlamaq olur. Otaq o qədər soyuqdur ki, 5 dəqiqə sonra danışmaq qabiliyyətini belə itirirsən.
“Bəzən mənfi 17 dərəcədə bütün gecəni teleskopun qarşısında keçirməli oluruq. Bu zaman şaxtaya davamlı xüsusi paltarımız da olmur. Bir dəfə hətta ayaqlarımı don vurmuşdu”.
Təhlükəli asteroidlər
“Biz dünya şəbəkəsinin üzvləriyik və 2012-ci ildə Yer kürəsinə yaxınlaşan asteroidləri izləyirik. Onların müşahidəsi BMT-nin ümumdünya layihəsi çərçivəsində dünyanın bütün rəsədxanaları tərəfindən həyata keçirilir”, – Şota danışır.
Tədqiqatçı bizi öz kəşfləri ilə tanış edir – demə, 2029-cu ildə Yer kürəsinə yaxınlaşacağı bildirilən Apofis asteroidi əks istiqamətdə hərəkətə başlayıb:
“2014-cü ilin 13, 14, 15 fevral tarixlərində mən onun dövrə vurduğunu, fırlanıb getdiyini gördüm. Yaxınlaşmağı davam etmədi, uzaqlaşmağa başladı. İndi biz 50 il onunla toqquşmayacağıq. Məlumatları Parisə göndərdik və məlum oldu ki, Apofiz bizim üçüm təhlükəli deyil”.
Bununla belə, təhlükəli cisimlər qalır:
“Yer kürəsinin ətrafında trayektoriyalarını bilməli olduğumuz çox sayda asteroid var. İndi diametri bir kilometrdən böyük olan asteroidləri izləyirik, 96% artıq qeydə alınıb. Bu zaman sual yaranır – bu, çox yaxşıdır, amma nəsə baş verdiyi halda biz nə edəcəyik?! İş orasındadır ki, mümkün toqquşma barədə biz hardasa üç ay əvvələ bilirik. Toqquşmanın qarşısıalınmaz olduğu müəyyən edilsə, bu zaman dalğa zərbəsini dəyişmək üçün həmin obyektlərə raket buraxmaq və ya reaktiv mühərriklərini quraşdırmaq lazımdır. Yəni yer kürəsinin keşiyini çəkirik”.
Abastumanidə ulduzlar sayrışmır
Rəsədxananın tikintisinin aparılmalı olduğu yerin iqlimi əvvəlcədən öyrənilir. Onun bir neçə mühüm amilə uyğun olması vacibdir – ildə maksimal sayda buludsuz gecələr; böyük şəhərlərdən uzaq olmaq, çünki zəhərli qazlar və küçə işıqları səmanı “korlayır”; sakit, küləksiz hava, şəffaf səma və ən əsası ulduzlar sayrışmamalıdır. Abastumani bütün bu tələblərə cavab verir.
Misal üçün, Tbilisinin havası zəhərli qazlarla doludur və ulduzların buraxdığı işıq sayrışır.
Ötən il Şota İnasaridze 252 gün Yer kürəsinin keşiyini çəkib:
“Səma açıq olanda mənim evdə qalmağım mümkün deyil. Astronomlar müəyyən mənada başı xarab olur – normal insanlar gecələr uzanıb yatır, biz isə durub gedirik. Bu işi sevmək lazımdır, sevmirsənsə, işləməyəcəksən, dözməyəcəksən”.
Şotanın adlı ilə hələlik gənclikdə etdiyi bir kəşf bağlıdır – 1980-ci ildə o, bu gün onun adını daşıyan yeni ulduzu kəşf edib. Şota deyir ki, hələ qabaqda görüləsi çox işi var.
Andranik
Ekskursiyanı optika və texnika laboratoriyasında davam edirik. Təzə boyanmış qırmızı dəmir qapı arxasında bizi yenidən ötən əsr qarşılayır.
Andranik Ambartsumyan laboratoriyada 1965-ci ildə işləyir. Onun vəzifələrinə teleskopun hissələrinin istehsalı, yenilənməsi, filtr və güzgülərin hazırlanması daxildir. Onsuz alimlər işləyə bilməz.
Andranik optika və dəqiq mexanika laboratoriyasının birinci rəhbəri olan Aleksandr Mayerin iş otağında işləməsindən qürur duyur.
Optika-mexanika otağına girəndə ilk gözə dəyən ağ-qara köşə – sovet dövründən qalan telefon, teleskopların maketləri, termometr, alətlər və min bir xırdavat gözə dəyir – bütün bunlar teleskopun hazırlanması üçün lazımdır. Divardan asılan rus dilli afişada yazılıb ki, sentyabrın 27-də kinoteatrda “Böyük yeddilik” filminin nümayişi olacaq.
“Bu şəkil 1980-ci ildə Sibirdə çəkilib, o vaxtlar mən Günəşin tutulmasının öyrənilməsi üçün təşkil olunan ekspedisiyada olmuşam”, – Andranik göstərir. Ekspedisiyada o, optika və mexanika mütəxəssisi kimi iştirak edib.
O vaxtlar Sibirin iqliminə tez alışdı, indi isə Abastumanidəki şaxtalı gecələrə dözmək üçün otağını odun sobası ilə qızdırır. Xüsusi paltarı yoxdur, sobanın istisi kifayət etmir və o, gödəkçəsini soyunmadan işləyir. İş fasiləsi zamanı güllərə qulluq edir – boz laboratoriyada yeganə rəng verən çiçəklənən “dekabr”dır.
“Rəsədxana mənim həm ailəm, həm də evimdir. Həyatım burada keçib”, – Andranik deyir və böyüdücü linzanın arxasına keçərək, işləməyə başlayır. İşçilərdən biri bir neçə gün bundan əvvəl sıradan çıxan teleskopun detalını qoyur. İki gün ərzində detalı yerinə qoyacaqlar və Şota işini davam etdirə biləcək.
Gürcüstanda astronomiyanı kim öyrənir?
“Misal üçün, mənim tələbələrim maaşı 300 laridən başlayan rəsədxanada işləməkdənsə, əmək haqqı 800-1000 lari olan bankda işləməyi üstün tuturlar. Bizdə ən böyük maaş 900 laridir”, – Şota deyir. Rəsədxanada işləməklə bərabər o, Samtsxe-Cavaxeti Universitetində dərs deyir:
“Bu gün gənclər astronomiya ilə o qədər də maraqlanmırlar. Belə davam etsə, 10 il sonra rəsədxana öz mövcudluğunu dayandıra bilər”.
Samtsxe-Cavaxeti Universiteti astronomiya üzrə magistratura və doktoranturanın mövcud olduğu yeganə alı məktəbdir. Tələbələr az deyil, amma çoxu astronomiyaya ciddi yanaşmır:
“Astronomiya prioritet elan edilən və təhsil haqqı dövlət tərəfindən ödənilən istiqamətlərdən biridir. Tələbələrin seçimi də bununla izah olunur. İqtisadiyyat fakültəsinə qəbul olunur, astronomiya üzrə magistraturanı oxuyur, sonra da bankda işləyirlər. Bu iş səni maraqlandırmırsa, dövləti bu pulu ödəməyə niyə məcbur edirsən? Amma tələbələri başa düşürəm”.
Alim hesab edir ki, əsas problem yenə də dövlətin yanaşmasındadır. Onun fikrincə, ölkə hər halda rəsədxananın mövcudluğunun vacibliyinin dərəcəsini anlamır, bu sahə kifayət qədər inkişaf etdirilməyib və bu da gənclərin münasibətinə təsir edir.
“Bu gün astronomiya nə məktəblərdə, nə də əksər universitetlərdə tədris olunmur. Hətta bizim rəsədxanaya baxanda da dövlətin bu sahəyə münasibətini anlayırsan. Bu da təbii ki, gənclərə də təsir edir”.
“Mənim magistr diplomu almaq və perspektivi olan maraqlı peşəyə yiyələnmək imkanım varıydı”, – 2014-cü ildə Samtsxe-Cavaxeti Universitetində magistraturanı bitirən Tiko Kuldjanişvili deyir.
On tələbə yoldaşının əksəriyyəti işə görə mühazirələrə gəlmirdi.
Özü isə qeyri-hökumət sektorunda çalışır, astronomiyada özünü sınamayıb.
“Rəsədxanada işləmək barədə düşünmüşəm, amma bilirsiz, orada necə pis şərait var? Ulduzları müşahidə etmək isə yəqin ki, maraqlıdır”.
Məktəblərdə astronomiya mütləq fənn kimi ləğv edilib. Təhsil Nazirliyində izah edirlər ki, 2011-2016-cı illərə olan milli təhsil planına əsasən, astronomiya seçmə fəndir və onun tədrisi bunu şagirdlərin əksəriyyəti istəsə 10-cu sinifdə mümkündür: “Amma bu zaman demək olmaz ki, astronomiyanı məktəblərdə ümumiyyətlə keçmirlər, müəyyən miqdarda bu fənn üzrə biliklər aşağı siniflərdə tədris olunan fizika və coğrafiyada da var”.
Gürcüstanın 2085 məktəbindən neçəsində şagirdlər astronomiyanı keçmək qərarına gəlib – bilinmir. Nazirlikdə deyirlər ki, bu məsələ araşdırılmalıdır.
Astronomiyanı sevənlər
Temo Kuçadze ixtisasca tarixçidir, amma son illərdə astronomiya ilə maraqlanır. Özünü həvəskar astronom adlandırır.
15 yaşında əmisi ona “Kosmos” ensiklopediyasını bağışlayır və birlikdə onlar həvəskar teleskopla səmaya baxırdılar. Sonradan da həvəsi ölmür.
2014-cü ildə o, “Facebook”da Astronomiyanı Sevənlər Klubu yaradır. Bu gün klubun 8748 üzvü var, onlardan min nəfəri fəaldır:
“Bizdə həvəskarlar da var, peşəkarlar da. Qrupda müzakirələr aparılır, suallar qoyulur, maraqlı materiallar yerləşdirilir. Astronomiyanı populyarlaşdırmaqla məşğuluq”.
Həvəskar teleskoplarla “silahlanan” qrupun üzvləri vaxtaşırı olaraq kiçik səfərlər edirlər.
Ötən il Tbilisinin Vake parkında genişmiqyaslı tədbir keçirdilər: “Bir neçə teleskop quraşdırdıq və insanlar tamamilə pulsuz səmanı izləyə bilirdilər. 300-ə yaxın adam gəldi. Maraq var, amma həvəskar səviyyədə. Gürcüstanda heç kim astronomiyanı özünə sənət kimi seçməyə risk etmir, çünki perspektivsizdir”.
Temonun “Facebook”da yaratdığı Astronomiyanı Sevənlər Klubu yeganə deyil. Sosial şəbəkələrdə bir neçə dənə də bu cür həvəskar qrupları var.
Reabilitasiya və astro-turizm
Kosmosa sönməkdə olan marağı nə alışdıra bilər? Buna həm peşəkarların, həm də həvəskarların bir cavabı var – dövlətin dəstəyi, bu da eyni vaxtda bir neçə istiqaməti nəzərdə tutur və təkcə rəsədxananın reabilitasiyası ilə keçinmək mümkün olmayacaq.
2017-ci ildə üçüncü regional inkişaf layihəsi (RDP-3) çərçivəsində rəsədxananın reabilitasiyası planlaşdırılır.
Layihənin realizəsi bələdiyyənin inkişaf fondunun üzərinə qoyulub. Tender sənədlərinə əsasən, rəsədxanada aşağıdakılar planlaşdırılır: böyük teleskopun binasının reabilitasiyası; əsas layihə binasına və yaşayış kompleksinə bitişik mərkəzi ərazinin abadlaşdırılması; funikulyorun reabilitasiyası; avtomobil dayanacaqları və başqa infrastrukturun abadlaşdırılması. Fonddan bildirildiyinə görə, reabilitasiyaya nə qədər vəsaitin xərclənəcəyi hələlik bilinmir, indiki mərhələdə detallar hələlik məlum deyil. Məlum olan ancaq odur ki, işlər bu il başlanmalı və 2018-ci ilin fevral ayında başa çatdırılmalıdır.
Gürcüstan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən layihənin məqsədi elmi tərəfdən daha çox, turizmin inkişafı ilə bağlıdır.
“Layihəyə teleskopun özünün modernləşdirilməsi daxil edilməyib, çünki Dünya bankı ancaq infrastrukturun reabilitasiyasını maliyyələşdirir və elmə dəstəyi nəzərdə tutmur. Bunun üçün bizə dövlət tərəfindən maliyyələşdirmə lazımdır”, – İliya Universitetinin professoru, rəsədxananın direktoru Maya Todua deyir.
Astro-turizm Abastumanidə indi də populyardır. Rəsədxanada turistlər üçün ekskursiyalar keçirən gid var. Burada siz teleskopda ulduzları izləyə bilərsiz. Google axtarış sistemində ingilis və ya rus dillərində “Abastumani rəsədxanası” yazsaz, bu obyektə baş çəkməyə məsləhət görən çox sayda turist bloqlarına rast gələ bilərsiz.
“Turizm yaxşıdır, amma axı rəsədxana turizm obyekti deyil. Rəsədxana elmi idarədir. Burada terrasalar, diskotekalar təşkil edib, oxuyub-oynasaq, müşahidələri necə aparacağıq? Bunu anlamırlar. Bu layihənin elmi dəstəkləməklə heç bir əlaqəsi yoxdur”, – o deyir.
Onun sözlərinə görə, son zamanlar Axalsixedə bərpa olunan Rabat qalasının parlaq işıqları və Abastumani üzərində hava yollarının artırılması onsuz da işdə əngəllər törətməyə başlayıb, yeni layihə işə düşəndən sonra isə iş şəraitinin bir az da pisləşməsi mümkündür.
Yeni layihə ilə hökumət turist axınını artırmaq istəyir, bu da regiona əlavə gəlir gətirəcək.
“3 metr diametri olan bircə dənə teleskop olsaydı, Gürcüstan haqqında dünya hər gecə eşidərdi, çox işlər görmək olardı, bu da ölkəmizə həm daha çox bilik, həm də daha çox pul gətirərdi. Bu, mənim arzumdur”, – Şota deyir.
Qaranlıq düşür. Şota iş otağının qapısını bağlayır, bizi yola salır, sonra da dolama pilləkənlə 75 santimetrlik teleskopun otağına qalxır ki, növbəti soyuq gecəsini keşikçi postunda keçirsin.
* Mətnin müəllifi – Nino Narimanişvili, “Samxrebis karibçe” qəzetinin işçisi