Kilsə qalmaqalı
Uzun illər boyu teoloqlar Gürcüstanın patriarxlıq və kilsəsindəki problemlər, daxili qarşıdurmalar, fundamentalizm və korrupsiya haqqında danışanda, qeyri-hökumət təşkilatlarının nümayəndələri və cəmiyyətin bir hissəsi, pravoslav ruhanilər və dindarlar onları “din və kilsənin düşməni adlandırır” və anti-milli fəaliyyətdə ittiham edirdilər.
Gürcüstanda kilsənin, patriarxlıq və konkret ruhanilərin tənqidi tabu idi. Bu söhbətlərdən jurnalistlərin özləri də qaçmağa çalışırdılar.
Bu gün isə vəziyyət açıq-aşkar dəyişib. Ən əsası da tabunu ruhanilərin özləri aradan götürüb.
Son günlərdə misli görünməmiş hadisələr baş verir – ruhanilər daxili qarşıdurmanı üzə çıxarıblar və bir-birinə qarşı açıq müharibəyə başlayıblar. Minbərlərdən dua və xeyir-dualar deyil, daha çox təhdid və qarşılıqlı ittihamlar səslənir.
Sovet İttifaqı dağılandan sonra Gürcüstanda ən nüfuzlu və mötəbər institutlardan biri kimi formalaşan kilsədə nələr baş verir?
Nifaqa səbəb Qərbdir
30 sentyabr 2016-cı ildə Tbilisi beynəlxalq aeroportunda Roma Papası Fransiskin təyyarəsi yerə enəndə, çox güman “Böyük Pontifik”in təsəvvürünə belə gəlməzdi ki, onun səfəri Gürcü Pravoslav Kilsəsində açıq qarşıdurmaya səbəb olacaq.
Tbilisi aeroportunda onlarla adam toplaşdı. Onlar “kafir” Papanın “pravoslav ölkəsi”nə səfərinə qarşı etiraz etdilər. Aksiyaya başçılıq edən keşiş David İsakadze Papa Fransiski “şeytanın birinci əlaltısı”, onu dəvət edən Gürcüstan prezidentini isə komediant adlandırdı.
Papanın səfərindən sonra, noyabrın əvvəlində Gürcüstan patriarxlığının nümayəndə heyəti hökumət nümayəndələri ilə birlikdə Brüsselə səfər etdilər. Ruhanilər NATO və Avropa İttifaqının baş ofislərində bir sıra görüşlər keçirdilər.
Pravoslav kilsəsində Papanın səfəri ilə yetişən parçalanma hələ yayda Krit adasında Dünya pravoslav məclisində iştirakla bağlı başlamışdı. Qalmaqallı “Pravoslav valideynlər birliyi” təşkilatı bu məclisi “quldur” və “dönük”lərin məclisi adlandırmışdı. Kritə səfər etməkdən imtina ilə bağlı qərarı Müqəddəs Sinod iyunun 10-da keçirilən fövqəladə iclasda qəbul etmişdi. Teoloqlar və ruhanilərin bir hissəsi hesab edir ki, bu addımla pravoslav kilsəsi özünü təcrid edib və bir daha sübut edib ki, Rusiyanın nüfuz dairəsində yerləşir. Məclisdə Rus pravoslav kilsəsi də iştirak etməyib.
Müasir gürcü kilsəsi tarixində ruhanilərin ilk açıq qarşıdurması da belə başlayıb. Kilsə daxilində parçalanma barədə teoloq və ekspertlər artıq çoxdan danışsalar da, hər şey bu qədər aşkar olmayıb.
Son bir ayda qarşı tərəflərin ruhaniləri bir-birini “kilsənin düşməni”, “kafir”, “qruplaşma”, “fundamentalist”, “dördüncü mərhələdə şiş”, “cahil”, “savadsız” adlandırır.
Din xadmləri “Facebook”da yazdıqları statuslarda kilsədə gözlənilən parçalanmanı qeyd edir və Gürcüstanın “talibanlaşacağını” deyirlər.
Buna paralel olaraq patriarxlığa real namizədlər arasında münaqişə üzə çıxır. Onlardan biri olan müqəddəs Dimitri Gürcüstanın katolikos patriarxı İkinci İliyanın qohumu, eyni zamanda ən ekstremist “Pravoslav valideynlər birliyi” qrupunun və arximandrit Rafail Karelinin himayədarıdır. Ekspertlər və dini məsələlər üzrə şərhçilərin sözlərinə görə, Dimitri Şiolaşvili onların fikrincə, dövlət tərəfindən dəstəklənən xorepiskop İakovla “davaya çıxıb”.
Bu yaxınlara qədər jurnalistlər bu mövzudan uzaq durmağa çalışsalar da, ötən həftə “Praym-taym” sarı qəzetində dərc olunan məqalədə jurnalist mötəbər mənbələrə istinadən yüksək vəzifəli iyerarxların korrupsiya əməllərindən və patriarxlığın əmlakının qarətindən yazdı. Söhbət həm də konkret ruhanidən gedir. Qəzetin məlumatına görə, həmin ruhani patriarxlığın balansında olan doğum evini özəl şirkətə verib, əvəzində də Tbilisinin düz mərkəzində 1,5 milyon qiymətində olan yaşayış üçün penthausa sahib olub. Bu ruhani Brüsselə səfər edən din xadimlərindən ibarət nümayəndə heyətinə başçılıq edən, patriarxlığın xorepiskopu, Axalsixe və Tao-Klardjet mitropoliti Teodor Çuadzedir. Ən maraqlısı isə odur ki, din xadimlərinin bir hissəsi məqaləni patriarxlığın müəyyən bir qrupu tərəfindən sifariş olunan qara piar adlandırır.
Dekabrın 22-də vəziyyəti düzəltmək üçün Müqəddəs sinod keçirildi. İclas bu gün kilsədə yaranan ağır vəziyyəti bir az da üzə çıxardı.
Sinod üzvləri patriarxlıqda problemlərin olduğunu təsdiq etdilər və vəziyyəti bir az da gərginləşdirən “boz kardinallar”dan danışmağa başladılar. “Boz kardinallar”dan biri kimi patriarxın katibə-referenti Şorena Tetruaşvilinin adı çəkildi, bu qadın uzun illər boyu patriarxın yanında işləyib, onu bir çoxları ən nüfuzlu fiqurlardan biri hesab edir.
Patriarx və kilsənin nüfuz və rolunun çox böyük olduğu bir ölkədə kilsə qalmaqalı ictimaiyyətin diqqət mərkəzində oldu.
Müşahidəçiləri maraqlandıran əsas sual da budur – kilsədə nə baş verir, mübarizə əslində hansı səbəbdən başlayıb və bu, Gürcü pravoslav kilsəsinin fundamental və nisbətən liberal qolları arasında qarşıdurmadırmı?
“Ola bilsin ki, ekstremist qruplar kilsədə dominantlıq etmək istəyir və onların mövqeləri yaranıb. Ola bilsin ki, patriarxlığın taktiki olaraq radikal qanadla fikir ayrılığı olsa da, ideoloji cəhətdən onu dəstəkləyir və yaxud ola bilsin ki, bu qol o dərəcədə nəzarət altından çıxıb ki, ruhanilərin bir hissəsi kilsənin bu cür təqdimatının onun özünə zərər verə biləcəyini anlayıblar”, – teoloq Levan Abaşidze deyir.
Hakimiyyət uğrunda mübarizəyə cəlb olunan din xadimlərinin ölkənin siyasi hakimiyyəti tərəfindən dəstəklənməsi ilə bağlı ehtimallar da var. Məhz buna görə heç də təsadüfi deyil ki, indi ruhanilər bəyanatlarla çıxış edir, halbuki əksəriyyəti uzun müddət kilsə daxilində dözümsüzlük və ekstremizmə göz yumublar.
Patriarx ən nüfuzlu şəxsdir
2014-cü ildə keçirilən siyahıya almanın nəticələrinə görə, Gürcüstan əhalisinin 83,5 faizi özünü pravoslav sayır.
Son illərdə Amerika Demokratiya İnstitutu tərəfindən keçirilən bütün sosioloji sorğularda pravoslav kilsəsi əhalinin ən böyük etibarını qazanan institut hesab olunub.
Gürcü pravoslav kilsəsinin nüfuzu 1990-cı illərdə, Sovet İttifaqı dağılandan sonra qalxmağa başlayıb.
Milli hərəkat dövründə, həm də Eduard Şevardnadzenin hakimiyyəti zamanı (1992-2003 illər) baş verən müharibələr, dövlət institutlarının dağılması, korrupsiya, geni miqyaslı kriminal, iqtisadi məhrumiyyətlər və total sosial problemlər fonunda pravoslav kilsə dövlət institutunun bütün funksiyalarını öz üzərinə götürdü. Cəmiyyət üçün kilsə stabillik hissi yaradan yeganə instituta çevrildi.
Gürcüstanda pravoslav dininin dövlət dini statusu yoxdur, düzdür, Konstitusiya onun ölkə tarixində xüsusi rolunu tanıyır və o demək olar ki, məhdudiyyətsiz hakimiyyətdən istifadə edir.
Gürcü pravoslav kilsəsinə 1977-ci ildən katolikos Patriarx İkinci İliya (İliya Şiolaşvili) başçılıq edir, əhalinin ona etimad reytinqi də istənilən ictimai simanın reytinqindən yüksəkdir, o prezident və baş nazirin reytinqlərindən az qala iki dəfə yüksəkdir. Məhz İkinci İliyanın şəxsi nüfuzu gürcü pravoslav kilsəsinin böyük populyarlığının səbəbi kimi göstərilir.
Gürcüstanda heç bir qonaqlıq patriarxa sağlıq deyilmədən keçmir; bəzi kilsələrdə onun şəkli təsvir olunan ikonaları görmək mümkündür; təkcə onun uşağı xaç suyuna çəkməsi üçün ailədə üçüncü övlad dünyaya gətirmək qərarına gəlirlər [patriarxın özünün təşəbbüsü ilə, 2008-ci ildən o, pravoslav kilsəsində anadan olan hər üçüncü uşağı özü şəxsən xaç suyuna çəkir. Bu kütləvi mərasim hər il keçirilir və onun məqsədlərindən biri də demoqrafik vəziyyətin yaxşılaşdırılmasıdır]; patriarx əfv etmə hüququna malik olmaq istəyəndə, hökumət teokratik hakimiyyətin tətbiq edilməsinin mümkünlüyünün ciddi müzakirəsinə başlayır; yarızarafat olsa da ölkənin birinci şəxsləri – keçmiş prezident Mixail Saakaşvili və baş nazir Bidzina İvanişvili hansının patriarxı daha çox sevməsi ilə bağlı mübahisə edirdilər.
Sağlamlıqla bağlı problemlərin olması səbəbindən 84 yaşlı patriarx az-az görünür. İliyadan sonra patriarxın kim olacağından təkcə kilsənin taleyi deyil, həm də müəyyən mənada ölkənin daxili və xarici siyasət vektoru asılıdır. Teoloqlar və tədqiqatçılar kilsədəki parçalanmanı məhz real varislərin mümkün qarşıdurması kimi nəzərdən keçirirlər.
Kilsə ən zəngin təşkilatlardan biridir
Gürcüstanda dövlətlə kilsə arasında münasibətlər 14 oktyabr 2002-ci ildə rəsmiləşdirilən konstitusiya müqaviləsi ilə tənzimlənir.
Bu sənəddə dövlət təsdiq edir ki, sovet dövründə kilsəyə maddi və mənəvi zərər yetirilib və qismən kilsənin itkilərinin qaytarmaq öhdəçiliyini öz üzərinə götürür. Kilsə dövlətin böyük maddi dəstəyini də bununla izah edir ki, bu da Gürcüstan Konstitusiyasında əks olunan sekulyar prinsiplərdən çıxış edərək, hüquqi cəhətdən əsaslandırılmamış praktika sayılır.
Pravoslav kilsə hər il dövlət büdcəsindən 25 milyon lari alır. Bundan əlavə, milyonlarla larini patriarxlıq yerli, bələdiyyə büdcələrindən, həm də prezident və baş nazirin ehtiyat fondlarından alır. Əhalinin ianələrini patriarxlıq əsasən qeyri-sekulyar məqsədlər, dini indokrinasiya, yeni kilsə və monastırların tikintisi, bahalı əşyalar almaq üçün istifadə edir.
İctimai reyestrin məlumatlarına görə, patriarxlığın mülkiyyətində daşınmaz əmlak – ümumi sahəsi 1674 hektar olan 565 torpaq sahəsi və 243 bina var – bu da Msxeta şəhərinin sahəsindən təxminən 6 dəfə böyükdür.
Bu əmlakın böyük hissəsini dövlət kilsəyə simvolik qiymətə – 1 lariyə satıb. Qeyd olunan mülkiyyətə özəl şirkətlər və dindarların ianələrini əlavə etmək lazımdır.
Kilsə bir sıra imtiyazlardan istifadə edir – digər dini təşkilatlardan fərqli olaraq, vergi vermir. Gürcüstanda kilsə mağazaları şəbəkəsi geniş yayılıb, burada ikonalar, şamlar və başqa kilsə inventarı satılır. Hüquqşünasların fikrincə, qüvvədə olan qanunvericilik tərəfindən təmin olunan imtiyazlara görə, bu məhsulların istehsalı və satışı patriarxlığa digər konfessialardan daha ucuz başa gəlir.
Bu maliyyə daxilolmaları, daşınan və daşınmaz əmlak və qanun tərəfindən müəyyən olunan imtiyazlar kilsəni Gürcüstanın ən varlı təşkilatlarından birinə çevirir.
Kilsə və siyasət: “Deputatlıqdan pravoslavlığı üstün tuturam”
Ölkədə seçkilərin keçirildiyi və ya siyasi böhranın başladığı illərdə patriarxlığın maliyyələşdirilməsində xüsusi artım dinamikası müşahidə olunub.
Bu, bir daha sübut edir ki, dövlət və kilsənin münasibətləri qarşılıqlı maraqlara əsaslanır – kilsə hakimiyyəti dəstəkləməsinin əvəzində iqtisadi divident gözləyir, siyasətçilər üçünsə patriarxla yaxınlıq və ikona və şamların fonunda şəkil çəkdirmək seçicinin ürəyinə aparan ən qısa yol və uğurlu karyera etmək üçün zəmanət sayılır.
Kilsənin siyasi məqsədlə ən nüfuzlu institut kimi istifadə edilməsinə hələ 1990-cı illərdə başlanılıb. Bu günə qədər də davam edir.
Gürcüstanın telearxivində Eduard Şevardnadzenin 1992-ci ildə Sion kafedral kilsəsində xaç suyuna çəkilməsi kadrlarını tapmaq olar. Keçmiş sovet partiya liderini şəxsən patriarx xaç suyuna çəkib, bununla da çox ağır vətəndaş qarşıdurması nəticəsində ölkəyə rəhbərlik edən hakimiyyətin legitimləşdirilməsini təmin edib.
Kilsənin “qızıl gül inqilabı”ndan sonra hakimiyyətlə münasibətləri daha ağır oldu. Kilsə Mixail Saakaşvilini dərhal dəstəkləmədi. Saakaşvili kilsənin simpatiyasını qazanmaq üçün maliyyələşdirməni artırdı, amma ideoloji fikir ayrılığı səbəbindən bu tandem baş tutmadı.
Saakaşvilinin 9 illik hakimiyyətinin ikinci yarısında kilsənin nüfuzu bir az da gücləndi, onun daxilində isə ekstremist qol möhkəmləndi. Müşahidəçilərin fikrincə, bu, kilsənin ölkənin Qərb yönlü kursundan və Saakaşvilinin öz komandası ilə birlikdə keçirdiyi islahatlardan özünümüdafiə reaksiyası idi.
2012-ci ildə ölkə parlamentinə seçkilərlə bağlı kampaniya zamanı pravoslav din xadimlərinin bir hissəsi əhali arasında açıq şəkildə Saakaşviliyə qarşı və milyarder Bidzina İvanişvilinin “Gürcü arzusu” partiyasının tərəfinə təşviqat işi aparırdılar.
İliya monastırının baş keşişi, protoiyerey Tariel Sikinçilaşvili monastırın hasarından “Gürcü arzusu”nun bayrağını asdı və bu partiyanın qələbəsini “tanrının möcüzəsi” adlandırdı.
Bu gün Gürcüstanın siyasi hakimiyyəti ilə kilsə arasında daha yaxşı münasibətlər var. Hakimiyyət kilsəyə münasibətdə loyallıq nümayiş etdirir ki, bu da müəyyən mənada ideoloji yaxınlıqla bağlıdır.
Dini qrupların hakimiyyətə təsir imkanı hökumət və parlamentin kilsənin razı olmadığı hər hansı bir təşəbbüs və ya qanun layihəsi üzərində işləyəndə xüsusiylə aydın görünür.
Misal üçün, kilsə anti-diskriminasiya qanununun qəbul edilməsinə qarşı qatı etiraz edib, bu qanunun mahiyyəti insan haqlarının qorunmasından və istənilən, o cümlədən də dini əlamətə görə ayrı-seçkiliklə mübarizədən ibarətdir.
Kilsənin bu qanun layihəsinə hücumu hakim partiyadan olan deputatları o dərəcədə qorxutdu ki, onlardan biri olan Qedi Popxadze dedi: “Sinod qanun layihəsini dəstəkləməməyi tələb etsə, mən pravoslav kilsəsinin dindarı kimi onunla münaqişəyə getməyəcəm… Mənə pravoslavlıq deputatlıqdan vacibdir”. Parlament qanunu qəbul etdi, çünki bunu beynəlxalq institutlar tələb edirdi, kilsə isə öz növbəsində qanuna müəyyən korrektələrin daxil edilməsinə nail ola bildi.
Ümumtəhsil məktəblərində din
2007-ci ilin sentyabr ayından ümumtəhsil məktəblərinin 3 və 4-cü sinif şagirdləri “Mən və cəmiyyət” adlı yeni fəni öyrənməyə başlayacaqlar. Fənin standartını Təhsil və Elm Nazirliyi bir il sürən müzakirələrdən sonra, 2016-cı ilin iyun ayında təsdiq edib.
Bu fənin məqsədi uşaqlarda demokratik dəyərlərə əsaslanan cəmiyyət haqqında təsəvvür formalaşdırmaqdır. Standartın ilkin versiyasında “Mən nəyə inanıram” fəsli, bundan başqa da “Din pərdəsi altında zorakılıq niyə yolverilməzdir”, “Başqa dinlərin nümayəndələrinə niyə hörmət etmək lazımdır” və s. diskussiya mövzuları varıydı.
Pravoslav din xadimləri və cəmiyyətin mühafizəkar qrupları nazirliyi milli ənənələri sarsıtmaqda ittiham etdilər – din xadimləri aksiyalar keçirir, nazirliyə saysız-hesabsız petisiyalar göndərirdi.
Etirazlardan sonra standartın başqa bir variantı təsdiq olundu ki, burada da artıq “tolerantlıq”, “azlıqlar”, “gender” kimi terminlər yoxdur.
Təhsil naziri isə baş verənlərlə maraqlanan jurnalistlərə “məsələ patriarx və kilsə ilə bağlı olanda ehtiyatlı” olmağı məsləhət gördü.
Qeyri-hökumət təşkilatları və ekspertlər nazirliyi ümumi vətəndaş dəyərlərinə və dini neytrallığa əsaslanan təhsil sisteminin olmamasında tənqid edir.
Ümumtəhsil məktəblərində bu günə qədər də dini indokrinasiya və prozelitizm problemi həll olunmamış qalır.
Misal üçün, mətbuatda belə bir xəbər yayıldı ki, 14 yaşlı yeniyetmə dini möcüzələrə inanmadığını dediyi üçün yuxarı sinif şagirdləri tərəfindən döyüldü. “İyeqova şahidləri” olan şagirdlərə psixoloji təzyiq göstərilməsi faktı da qeydə alınıb. Daha bir hadisə – şagirdləri bədən tərbiyəsi dərsindən məktəbin yaxınlığında yerləşən kilsəyə dua etməyə aparıblar. Acariyadakı məktəblərdən birində müsəlman şagirdlərə deyiblər ki, onlar əcdadlarının dininə xəyanət edirlər. Məktəblərdə və siniflərdə ibadətxanalar və “qırmızı guşələr” (ikonalar üçün xüsusi olaraq ayrılan yer) qurulur; bir çox məktəblərdə dərsə dua oxumaqla başlayırlar.
Gürcüstan qanunvericiliyində isə hər şey başqa cürdür. Ümumi təhsil haqqında qanun məktəblərdə dini simvolikanın akademik məqsədlər üçün olmayan indokrinasiyası və nümayişini qadağan edir, nazirlik isə dominant dini qrupla münasibətləri pozmaq və patriarxlıqla problemlər yaratmaq istəmədiyi üçün sistemdəki bu problemə göz yumur.
17 may мая, fundamentalistlər və rus narrativi
Mayın 17-də beynəlxalq homofobiya və transfobiya ilə mübarizə günündə ruhanilər və dindarlar Tbilisinin mərkəzində dinc aksiyanı dağıtdılar. LGBT haqlarının müdafiəsi aksiyasında onlarla adam iştirak edirdi.
“Gürcülər arasında geylər yoxdur”,- deyə ruhanilər qışqırırdı. Onlardan biri özü ilə taburet də götürmüşdü, görünür aksiya iştirakçılarına bu taburetlə hücum etmək istəyirdi.
Bu gün fundamentalist meyllərə qarşı bəyanatlar artıq kilsənin özünün bəzi nümayəndələri tərəfindən səsləndirilir.
Qarşıdurmanın indiki mərhələsində din xadimlərinin bir hissəsi o biri hissəsini “savadsızlıqda, fundamentalizmdə və insanlığa qarşı nifrətdə” ittiham edir.
17 may yeganə belə hadisə olmadı. Belə addımlar ayrı-ayrı din xadimlərindən tez-tez müşahidə olunur, moizələrdə tez-tez səsləndirilir, bəzən də daha aqressiv güc formalarına keçir.
Misal üçün, ruhanilərin radikal qolu əhalini ID kartlara qarşı səfərbər etməyə çalışır. Onların sözlərinə görə, dindarlar yeni şəxsiyyət vəsiqələri almamalıdırlar, çünki onlarda “şeytan işarəsi”, “iblis rəqəmi” və s. var.
Kilsələrdə oxunan moizələrdə homofob və ksenofob mesajlarla birlikdə tez-tez Qərbə qarşı və Rusiya yönlü ritorika səsləndirilir – “Yoldan çıxaran Avropa”, “bizdə homoseksuallığı qanuniləşdirməyi tələb edən Amerika”, “bizimlə eyni dindən olan Rusiya”.
Kilsənin adından fərqli fikir sahiblərinə qarşı zorakılıq tətbiq edən təşkilat olan “Pravoslav valideynlər birliyi”nin ideoloqlarından biri pravoslav kilsəsinin nümayəndəsi, protoriyerey David İsakadzedir, O, Roma papasının səfərinə qarşı çıxış edən həmin o din xadimidir, digər ruhanilərlə qarşıdurmasının səbəbini də bununla izah edir.
“Pravoslav Valideynlər Birliyi” son illərdə katolik kilsə və məscidlərin tikintisinə qarşı çıxış edib, onun üzvləri əsas təhlükə kimi qloballaşdırma və liberal dəyərləri göstərir, Halloween keçirməyə icazə vermir, 2009-cu ildə təşkilatın üzvləri canlı efir zamanı “Kafkasiya” televiziya şirkətinə hücum çəkərək, aparıcını və veriliş iştirakçılarını döydülər, çünki bu verilişdə müzakirə olunan kitabdan xoşları gəlmədi.
Ekstremistlərin addımlarını patriarxlıq bir dəfə olsun açıq şəkildə pisləmədi, əksinə, patriarx onlara münasibətdə bir neçə dəfə açıq şəkildə loyallıq göstərdi, o cümlədən də xarici KİV-də. 2010-cu ildə BBC-yə müsahibəsində jurnalistin: “Təşkilat patriarxlığın xeyir-duası olmadan yaradılıbsa, niyə onların ekstremizmini pisləmirsiz?”- sualına patriarx cavab verdi: “Çünki xoşmıamlıdırlar”. İrad əvəzinə isə patriarx bir neçə il əvvəl proiyerey David İsakadzeni xaç və mitra taxmaq hüququ ilə mükafatlandırdı.
Çoxları kilsədə dominantlıq edən həddən artıq mühafizəkar yanaşmalardan narahatdır.
“Bu prosesdə vətəndaş cəmiyyəti tərəflərdən heç birinə tam mənası ilə etibar edə bilmir, qarşıdurmanın nəticəsi barədə əvvəlcədən heç nə söyləmək mümkün deyil”, – “Din haqqında söhbət” verilişinin müəllifi və aparıcısı Levan Sutidze deyir. Onun sözlərinə görə, bu açıq münaqişə nəticədə ictimaiyyətə kilsənin hakimiyyətini balanslaşdırmağa kömək edə və kilsədə mülayim gücün mövqelərinin möhkəmləndirilməsinə xidmət edə bilər.