Litvanın paytaxtı Vilnyusda su təchizatı sahəsində şəffaf hesabatlılıq diqqət çəkir. Şəhərin su təchizatı ilə məşğul olan “Vilniaus vandens” şirkətinin fəaliyyət hesabatına görə, vilnyuslular 2024-cü ildə 36 milyon kubmetr su istehlak ediblər. Bunun yarısı — 18 milyon kubmetri — birbaşa sakinlərin istifadəsinə yönəlib. Bu da adambaşına illik 34 kubmetr su deməkdir.
Bu müqayisəni diqqətə çatdıran iqtisadçı və tədqiqatçı Toğrul Maşallının qeyd etdiyi kimi, oxşar göstərici Azərbaycanda da müşahidə olunur.
2023-cü ilin məlumatına əsasən, Bakı, Sumqayıt və Abşeron bölgəsində ümumilikdə 165 milyon kubmetr su istehlak olunub. Bu həcim 1,22 milyon abonent arasında paylanılıb. Əgər orta hesabla hər abonenti 4 nəfərlik ailə kimi qəbul etsək, bu da adambaşına təxminən 34 kubmetr su istehlakı deməkdir — Vilnyusla tam uyğun gəlir.
Əgər ailə ölçüsü daha realist – məsələn, 3,5 nəfər götürülərsə, adambaşına düşən su miqdarı 39 kubmetrə qədər yüksəlir. Maşallının fikrincə, bu fərq iqlim şərtləri və yaşayış tərzindən qaynaqlanır və normal qarşılanmalıdır.
Amma əsas məsələ istehlakda deyil…
Toğrul Maşallının vurğuladığı əsas məqam, bu rəqəmlərin arxasında gizlənən “itirilmiş su” göstəricisidir. Rəsmi statistikaya görə, 2023-cü ildə Azərbaycanda istehlakçılara ötürülən ümumi suyun 42%-i ya uçota alınmayıb, ya da texniki səbəblərlə itib. Bakıda isə bu göstərici daha da yüksəkdir – 45%.
Bu isə o deməkdir ki, hər 100 kubmetrlik suyun yalnız təxminən 55 kubmetri real istifadəçiyə çatır, qalanı sistemdə “yoxa çıxır”. Bu suyun itməsi həm texniki nasazlıqlar, həm də uçot sistemindəki boşluqlarla əlaqələndirilir.
Tarifləri artırmaq, yoxsa idarəetməni dəyişmək?
Adətən çıxış yolu kimi su tariflərinin artırılması gündəmə gətirilir. Amma Maşallının vurğuladığı kimi, bu yanaşma əhalinin üzərinə əlavə yük salmaqdan başqa bir şey deyil. Onsuz da su infrastrukturuna dair əsas investisiyalar dövlət büdcəsi hesabına qarşılanır. Əsas məsələ – bu vəsaitlərin necə xərcləndiyidir.
Yəni yeni tariflər yox, şəffaflıq və məsuliyyət mexanizmləri ilə itkiləri azaltmaq daha effektiv yanaşmadır.
Gözə görünməyən suyun izində
Su təchizatı təkcə texniki məsələ deyil. Bu, həm də idarəetmənin, dövlət siyasətinin və ictimai məsuliyyətin göstəricisidir. Litva ilə Azərbaycan arasında adambaşına su istehlakı baxımından rəqəmlər yaxın görünə bilər. Amma Maşallının təhlilinə əsasən, əsl fərq rəqəmlərdən çox, yanaşmalardadır.
Nəticədə, bu fərq – hər gün gözümüzə görünməyən, amma itən su kimi – böyük itkilərə yol açır.