Azərbaycanda maaşlarla yanaşı, kommunal xidmətlərin tarifləri də artıb
Azərbaycanda maaşların və qiymətlərin artması
Yeni ilin başlaması ilə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya artıb. Kommunal xidmətlərin tarifləri də yüksəlib. Əhalinin aztəminatlı hissəsi və iqtisadi ekspertlər hesab edirlər ki, maaş və pensiyaların artması ərzaq və kommunal xidmətlərin bahalaşmasını kompensasiya etməyəcək.
Yanvarın 7-də Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Aparatı, Gəncə bölməsinin Aparatı və Heydər Əliyev Mərkəzi də daxil olmaqla, təxminən 20 qurumda rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 15% artırılacaq.
Eyni zamanda, əvvəlki bir prezident sərəncamı ilə ölkədə minimum əməkhaqqı 345 manatdan 400 manata qaldırılıb. Bununla yanaşı, yeni ilin əvvəlində Tarif Şurasının qərarı ilə bir sıra kommunal xidmətlərin tarifləri də artırılıb.
Kommunal xidmətlərin yeni tarifləri
İstilik təchizatı
“Azəristiliktəchizat” ASC-dən verilən məlumata görə hazırda 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.
Təbii qaz
- 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik;
- 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
- 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğinə yüksəldilib.
1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
Elektrik enerjisi
- Əhali üzrə aylıq istehlak həcmi 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;
- 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;
- 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə qaldırılıb.
1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.
Özəl sektorda çalışan bəzi işçilər maaşlarının dəyişməməsindən və artan qiymətlərin onları daha çətin vəziyyətə salacağından şikayətlənirlər. Onlar bildirirlər ki, maaş artımları onlara şamil edilmir, qiymətlər isə artır və nəticədə özəl sektorun işçiləri daha da kasıblaşır.
Bakıda supermarketlərin birində çalışan Könül Əhmədova (ad şərtidir) “Azadlıq Radiosu”na bildirib ki, onun maaşı 550 manatdır:
“Ərzaq qiymətləri artır, indi də işıq və qaz pulunu qaldırıblar. Hər şeyin qiyməti artır, bircə bizim maaşımızdan başqa. Müdiriyyətə deyəndə cavab verir ki, xoşun gəlmirsə, işləmə. Dövlət işində işləyənlərin maaşı artır, amma biz də axı bu dövlətin vətəndaşıyıq. Bizim maaşımız niyə artmır?”
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Turana bildirib ki, 2025-ci il yanvarın 1-dən ölkə üzrə minimum əməkhaqqı 400 manata çatdırılacaq ki, bu da 16%-lik artım deməkdir:
“Minimum əməkhaqqının artırılması ilə yanaşı, bəzi sahələrdə çalışan şəxslərin əməkhaqlarının artırılması da nəzərdə tutulub. Ümumilikdə bundan 700 mindən çox vətəndaş yararlanacaq”.
Qurum qeyd edib ki, bu rəqəmlər 400 min dövlət sektorunda, 300 min isə özəl sektorda çalışan şəxsləri əhatə edir:
“Artıq özəl sektorda da 400 manatdan az aylıq əməkhaqqı ola bilməz”.
İqtisadçı Natiq Cəfərli “Azadlıq Radiosu”na bildirib ki, son kommunal tarif artımları ilk baxışdan az görünə bilər, amma müsbət tendensiya deyil:
“Biz bu artımları müəyyən dövrlərdə təkrar-təkrar yaşayırıq. Bunun əsas səbəbləri aradan qaldırılmır. Əsas səbəb isə həmin dövlət şirkətlərinin qeyri-rasional və qeyri-şəffaf işləməsidir. Bu səbəblər aradan qalxmadıqca qiymətlər yenə artacaq. Bu dəfə minimum əməkhaqqı və pensiyaların artımı təxminən 15% civarındadır, tariflər isə 6-7% artıb. Bu baxımdan dövlət sektorunda çalışanların müəyyən dərəcədə bu artımı kompensasiya edə biləcəyini söyləmək olar”.
Onun sözlərinə görə, problem ondadır ki, özəl sektorda çalışanlar maaşlarının artırılmasını tələb etdikdə, işəgötürənlər rahatlıqla onları işdən çıxara bilir:
“Onsuz da işləmək istəyən kifayət qədər adam var. Azərbaycanda iş yerlərinin azlığı ilə bağlı ciddi problem var. Ona görə də hökumətin əsas məqsədi iqtisadiyyatı genişləndirmək və yeni iş yerləri yaratmaq olmalıdır ki, tələbat artsın və işəgötürənlər yaxşı işçiləri cəlbedici şərtlərlə cəlb etsinlər”.
O qeyd edib ki, hazırkı vəziyyət tam əksinədir:
“Ona görə də dövlət rəqabətli mühiti genişləndirməklə iqtisadi aktivliyə nail olmalıdır. Bu baş verdikdən sonra iş yerlərinin sayı avtomatik artacaq və maaşlar da yüksələcək”.
Natiq Cəfərli vurğulayıb ki, hazırda ölkədə minimum əməkhaqqı alan insanların sayı ilə bağlı məlumat yoxdur:
“Amma median əməkhaqqı ilə bağlı məlumat var. Azərbaycanda median əməkhaqqı 500 manata yaxındır. Bu da o deməkdir ki, müqavilə ilə çalışan 1 milyon 700 min nəfərin yarısı 500 manata qədər maaş alır”.
Dövlət Statistika Komitəsinin 2024-cü il noyabrın 1-nə olan məlumatına görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 773,3 min nəfərdir. Onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Amma rəsmi məlumatlara görə, ölkədə əmək qabiliyyətli insanlar təxminən 5 milyon nəfərdir və onların bir çoxunun qeyri-leqal çalışdığı bildirilir.