Gürcüstan parlamentinin ilk iclası müxalifətin iştirakı olmadan və genişmiqyaslı etirazlar fonunda keçirilib
Etirazlar və Gürcüstan parlamentinin ilk iclası
Noyabrın 25-də Gürcüstanın yeni parlamentinin ilk iclası ekstremal şəraitdə keçirilib. Orada yalnız hakim “Gürcü arzusu” partiyasının deputatları iştirak edib. Müxalifət, prezident və cəmiyyətin əksər hissəsi oktyabrın 26-da keçirilən parlament seçkilərini saxta hesab edir və yeni parlamentin legitimliyini tanımaqdan imtina edir.
Parlamentə daxil olan 4 müxalifət qüvvəsindən heç biri iclasda iştirak etməyib. Ötən gün axşam saatlarından binanın qarşısında yeni seçkilərin keçirilməsi tələbi ilə minlərlə insan etiraz aksiyası keçirir.
Qərb tərəfdaşları və beynəlxalq müşahidə missiyaları seçkilərin nəticələrini tanıdıqlarını bəyan etməyiblər, müşahidəçilər və jurnalistlərin bildirdiyi çoxsaylı pozuntuların araşdırılmasını tələb edirlər. Gürcüstandakı seçkiləri keçərli kimi tanıyan yeganə Qərb ölkəsi Macarıstandır. Qərb tərəfdaşları da təklif edirlər ki, Gürcüstan hakimiyyəti qanun pozuntuları ilə bağlı beynəlxalq araşdırma aparsın, lakin hələlik bu təklifə razılıq verilməyib.
Bu arada, Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, seçkilərdə demək olar ki, 54 faiz səs toplayan (parlamentdəki 150 yerdən 89-u) hakim partiya yeni hökumətdə üç naziri dəyişib.
İlk iclasda parlament minlərlə etirazçı tərəfindən mühasirəyə alındığından hakim partiyanın deputatları hüquq-mühafizə orqanlarının kordonunun köməyi ilə xüsusi girişlərdən keçməli olub.
Etirazçıların bir hissəsi parlamentin yaxınlığında qurulmuş çadırlarda gecələyib. Aksiya iştirakçıları deyirlər ki, bir daha “Gürcü arzusu”na seçkilərin və müvafiq olaraq yeni parlamentin qeyri-legitim olduğunu açıq şəkildə çatdırmaq istəyirlər.
Parlamentin ətrafındakı geniş perimetr və Tbilisinin mərkəzindəki bütün hökumət məhəlləsi hüquq-mühafizə orqanlarının kordonları ilə əhatə olunub. Onların arasında polis bölmələri və xüsusi təyinatlılar da var. Parlamentin yaxınlığında su şırnaqları olan avtomobillər də yerləşdirilib.
Bir sıra hüquqşünaslar bugünkü iclasın ən azı iki səbəbə görə konstitusiyaya zidd olduğunu iddia edirlər:
1. Konstitusiyaya görə, ilk sessiyanı Gürcüstan prezidenti açmalıdır. Lakin Salome Zurabişvili seçkiləri saxta hesab edənlərə qoşularaq bundan imtina edib.
2. Prezident və müxalifət deputatları 150 yeni deputatın hamısının qeyri-legitimliyi ilə bağlı iddia ilə Konstitusiya Məhkəməsinə müraciət ediblər. Konstitusiyaya görə, bu iddialarla bağlı məhkəmə qərarı olmayana qədər parlament toplaşa bilməz.
Parlamentin birinci iclası həm də onunla əlamətdardır ki, ilk dəfə olaraq Gürcüstanın Qərb tərəfdaşlarının səfirlik və nümayəndəliklərinin təmsilçilərinin iştirakı olmadan keçirilib. “Gürcü arzusu” Gürcüstanın müstəqilliyinin ilk günündən müşahidə edilən bu ənənəni ləğv etdiyini bildirib.
Hakim partiyanın açıqladığı yeni Nazirlər Kabinetinin tərkibi:
Baş nazir vəzifəsində qalan İrakli Kobaxidze yeni parlamentin etimad göstərməli olduğu yeni Nazirlər Kabinetinin üzvlərini açıqlayıb. Üç dəyişiklik var:
• Xarici İşlər Nazirliyinə Maka Boçorişvili rəhbərlik edəcək;
• Anri Oxanaşvili yeni ədliyyə naziri olacaq;
• Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə David Sonqulaşvili rəhbərlik edəcək.
Kobaxidze bildirib ki, keçmiş nazirlər Rati Breqadze, İliya Darçiaşvili və Otar Şamuqiya “yüksək siyasi vəzifələr tutacaqlar”.
Bütün digər nazirlər öz yerlərində qalır:
- Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri – Levan Davitaşvili;
- Maliyyə naziri – Laşa Xutişvili;
- Regional inkişaf və infrastruktur naziri – İrakli Karseladze;
- Müdafiə naziri – İrakli Çikovani;
- Daxili İşlər naziri – Vaxtanq Qomelauri;
- Təhsil, elm və gənclər naziri – Aleksandr Tsuladze;
- Miqrasiya, əmək, səhiyyə və sosial müdafiə naziri – Mixail Sarjveladze;
- Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri – Tea Axvlediani;
- Mədəniyyət və İdman naziri – Tinatin Ruxadze.