Etnik təmizləmə nədir və Qarabağda kimlər tərəfindən həyata keçirilib? Bakıdan baxış
Azərbaycana qarşı “etnik təmizləmə” ittihamı
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Qarabağın erməni əhalisinin böyük əksəriyyətinin oranı tərk etməsi beynəlxalq qurumların hesabatlarında, bəyanatlarında, mediada ölkəyə qarşı “etnik təmizləmə” ittihamlarına əsas kimi göstərilməyə başlayıb. Azərbaycanlı hüquqşünaslar və siyasi icmalçılar isə beynəlxalq siyasətə və hüquqa əsaslanaraq, Azərbaycan ərazisində ermənilərə qarşı “etnik təmizləmə” həyata keçirilmədiyini bildirirlər.
Beynəlxalq hüquqda etnik təmizləmə nədir?
Hüquqşünas Sübhan Həsənli hesab edir ki, hər hansı ölkəyə, xalqa qarşı “etnik təmizləmə” kimi ağır ittiham səsləndirməzdən əvvəl ciddi araşdırmaya ehtiyac var.
“Son zamanlarda həm beynəlxalq ictimaiyyətdə, həm də beynəlxalq mediada özünə yer tapan Azərbaycana qarşı “etnik təmizləmə” ittihamı çox ciddidir. Bu barədə Avropa universitetlərində artıq mühazirələrin deyildiyi, müəyyən tarixi paralellərin aparılması zamanı istifadə edildiyi sirr deyil.
Keçən dəfə qeyd etdiyim kimi, insan hüquqları pozuntuları bu məsələnin önünə keçir və əslində məsələni doğru olmayan bir yerə aparır”, – deyə o bildirir.
“Bəs əslində etnik təmizləmə olubmu? Hüquqi olaraq bu məsələ necə tənizmlənir?
Bütün bu suallar akademiklərin, araşdırmaçıların ortaya qoymalı olduğu məsələdir. Mən bu məsələni biraz araşdırdım və tapdığım şeyləri paylaşıram.
“Etnik təmizləmə” anlayışı və beynəlxalq hüquqda yeri.
Etnik təmizləmə, müəyyən bir etnik qrupun zorla bir ərazidən çıxarılması və həmin ərazinin etnik baxımdan eyni tərkibli hala gətirilməsi məqsədini daşıyır. Bu, adətən sistematik zorakılıq, təhdid və məcburi tədbirlərlə həyata keçirilir.
Birləşmiş Millətlər Təşkilatına (BMT) görə, belə əməllər soyqırım, müharibə cinayəti və ya insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilər. Ancaq “etnik təmizləmə” termini beynəlxalq hüquqda dəqiq hüquqi bir kateqoriya kimi qəbul edilməyib.
Klotilda Peqorye “Etnik Təmizləmə: Hüquqi Kvalifikasiya” (Clotilde Pegorier, “Ethnic Cleansing: A Legal Qualification”) başlığı altındakı analizində qeyd edir ki, bir əməlin etnik təmizləmə kimi qiymətləndirilməsi üçün sistematik zorakılıq, məcburi köçürmə niyyəti və müəyyən bir qrupun tamamilə məhv edilməsi məqsədi olmalıdır.
Bu baxımdan, Dağlıq Qarabağdakı ermənilərin köçü, birbaşa zorakılıq və ya məcburi köçürmə siyasəti ilə həyata keçirilmədiyi üçün “etnik təmizləmə” sayıla bilməz. Bu köç əsasən təhlükəsizliklə bağlı narahatlıq səbəbindən könüllü şəkildə baş verib.
Beynəlxalq hüquqda bir əməlin etnik təmizləmə kimi təsnif edilə bilməsi üçün niyyət elementi son dərəcə vacibdir. Yəni, müəyyən bir etnik qrupun sistematik şəkildə məhv edilməsini və ya zorla köçürülməsini nəzərdə tutan məqsədin sübut edilməsi lazımdır. Burada “niyyət”, yalnız əməlin nəticələrinə deyil, həm də həmin əməli həyata keçirənlərin məqsədlərinə əsaslanır.
Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarına nəzər salsaq, əsas məqsədin ərazi bütövlüyünü bərpa etmək və bölgədəki silahlı separatçı qrupları zərərsizləşdirmək olduğunun əksini sübut edəcək faktlar ortada yoxdur. Çünki BMT qərarları ilə də bu silahlı qruplaşmalar separatçı qurumlar kimi tanınmışdı.
“Demokratiyanın qaranlıq tərəfi: Etnik təmizləmənin izahı” (“The Dark Side of Democracy: Explaining Ethnic Cleansing”) konsepsiyasının müəllifi Maykl Mann və “Beynəlxalq hüquq və azlıqların hüquqları”nın (“International Law and the Rights of Minorities”) müəllifi Patrik Tornberri kimi akademiklər vurğulayırlar ki, müasir dövlətlərin öz ərazisində təhlükəsizliyi və ərazi bütövlüyünü qorumaq üçün gördükləri tədbirlər hər zaman etnik təmizləmə kimi qiymətləndirilməməlidir.
Əgər Azərbaycanın niyyəti həqiqətən etnik təmizləmə olsaydı, sistematik zorakılıq, kütləvi qətllər və ya zorla köçürmə kimi metodlardan istifadə edilməli idi. Lakin, Qarabağda belə halların baş verdiyinə dair heç bir konkret sübut yoxdur.
“Etnik təmizləmə” ittihamı yalnız niyyətin aydın şəkildə sübut olunduğu halda təsdiq edilə bilər. Yəni, əgər dövlətin birbaşa məqsədi müəyyən bir etnik qrupu tamamilə məhv etmək və ya zorla köçürmək deyilsə, bu, etnik təmizləmə hesab olunmur.
Bu məsələni daha da açmaq olar. Məsələn, əməliyyatlarda nə qədər mülki əhali itkisi olub? Mülki obyektlərə nə qədər ziyan dəyib? Bunlar hamısı hüquqi olaraq “etnik təmizləmə”nin baş vermədiyinə dair dəlilləridir.
“Etnik təmizləmə” çox ciddi bir ittihamdır və bütün xalqı töhmət altına qoyur. Bu sözün bu qədər səxavətlə israf edilməsi həqiqətən etnik təmizlik aparılan ərazilərə və onların xalqlarına qarşı da hörmətsizlikdir”.
“Qarabağda etnik təmizləmə olub, ancaq azərbaycanlılara qarşı”
Siyasi icmalçı Hacı Namazov 2023-cü ildə Qarabağda ermənilərə qarşı etnik təmizləmənin olmadığını anlamaq üçün 30 il əvvəl eyni bölgədən azərbaycanlıların köçünü xatırlamağı təklif edir.
“Qərbdəki bəzi siyasətçilərin fəryadına baxmayaraq, 2023-cü ildə Qarabağda etnik təmizləmə olmayıb. Allaha şükürlər olsun ki, bütün bunlar bizim gözümüzün qabağında baş verib, Azərbaycanın bu bölgəsindən erməni əhalinin köçməsi ilə bağlı çoxlu foto və video materiallar var. Əksər hallarda bu barədə səs-küy bu mövzu ilə bir il əvvəl sentyabrın sonu – oktyabrın əvvəlində heç maraqlanmayanlar tərəfindən qaldırılır. Əks halda, səs-küy salmağa səbəb tapmazdılar.
Əvvəlki söhbətimizdə də dediyim kimi, Qarabağda hələ də ermənilər yaşayır. Elementar, hətta bəsit sual: etnik təmizləmə olubsa, onlar necə sağ qalıblar?
Amma keçmişə nəzər salsanız, ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda etnik təmizləmənin bariz əlamətlərini görmək olar, amma ermənilər tərəfindən. Xoşbəxtlikdən həmin dövrə aid foto və video materiallar da qorunub saxlanılıb.
Hər bir az-çox savadlı insan internetdə Monte Melkonyanın rəhbərlik etdiyi silahlı dəstənin Kəlbəcər sakinlərinə mümkün olan yeganə yol ilə şəhəri tərk etmək üçün 10 saat vaxt verdiyini əks etdirən videonu tapıb baxa bilər. Eyni hadisə Xocalıda da baş verib.
Qışda, qarda ayaqyalın, yüngül paltarda Qarabağı tərk edən azərbaycanlıların izdihamına nəzər salmaq bəs edir ki, bu adamların evlərini tərk edərkən əyinlərini geyinməyə belə vaxt tapmadıqlarını anlayasan. Onlar evlərindən silah gücünə, zorla qovublar.
Sonra da Qarabağ ermənilərinin Laçındakı sərhəd-keçid məntəqəsindən necə növbə ilə keçib getdiklərinə baxmaq olar. Yalnız çox qərəzli insan fərqi görməyəcək.
Daha bir mühüm fakt: Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş beynəlxalq səviyyədə tanınmış ərazisində bir nəfər də olsun azərbaycanlı qalmamışdı.
Odur ki, 2023-cü ildə Qarabağda etnik təmizləmə aparıldığı ilə bağlı deyilənlərin heç bir əsası yoxdur – nə hüquqi, nə də etik”.